“Azərbaycanda bankların 2 milyard manatı itib” - ekspert

22-06-2015, 20:09           
“Azərbaycanda bankların 2 milyard manatı itib” - ekspert
“Mətbuatda bankların dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salması xəbərləri yer alıb. Doğrusu, bankların bu addımı gözlənilirdi. Bu, baş verən proseslərin məntiqi nəticəsidir”.

Modern.az saytının məlumatına görə, bu haqda iqtisadçı Samir Əliyev şərh verib.

O, dollar üzrə əmanət faizlərinin aşağı düşməsinin labüd olduğunu vurğulayıb:

“Çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Əllərində olan dollarları istifadə edə bilmirlər. Bir tərəfdən xaricdən cəlb edilən resursların, digər tərəfdən əmanətlərin sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb. Banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması dünya valyutasını az qala bankların “baş ağrısı”na çevirib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər. Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin “yaşıllaşması” prosesi gedir. Təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyarddan 2,3 milyard manata düşüb. Əmanət qoyuluşunda pay isə 62 faizdən 29 faizə düşüb. Faktiki olaraq banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank manatın sabitliyini qorumaq tədbirləri çərçivəsində valyuta ehtiyatının müəyyən hissəsini bazara yönəldərək bazardan 4 milyard çox manat yığıb: “Bunun nəticəsidir ki, pul bazası yanvar-may aylarında 11,5 milyarddan 7,6 milyarda qədər azalıb. Həmin vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yönəldilməli olduğu halda, hələ ki Mərkəzi Bankın sərəncamında qalmaqdadır.

Belə vəziyyətdə banklara nə Mərkəzi Bankdan, nə də əmanət şəklində manat daxil olur. Manatsız qalan banklar əmanətçilərə üz tuturlar. Buna görə də banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar və əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə differensasiyanın tətbiqi qaçılmazdır. Banklar manatla olan əmanətlərin faiz dərəcəsini getdikcə qaldırırlar. Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar.

Diqqət yetirsək görərik ki, kredit faizlərində də fərqlər yaranıb. Dollar kreditlərinin faiz dərəcələri ilə manat kreditlərinin faiz dərəcəsi arasında ən azı 4-5 faiz fərq var. Bəzilərində bu rəqəm hətta 10 faizə çatır. Manat kreditləri əvvəlki illə müqayisədə xeyli bahalaşıb”.

“Dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması nəyə gətirib çıxara bilər” sualına cavabında Samir Əliyev bildirib ki, bankların bu addımının əmanət bazarına təsir gücü daha çox faiz dərəcələrinin aşağı salınma səviyyəsindən (endirilmə ən az 3-4 faiz olarsa) və prosesə qoşulan bankların sayından (əhatə dairəsindən) asılı olacaq: “Hər bir halda müəyyən təsirləri görə biləcəyik. Hazırda əmanətlərin dollarlaşması prosesi yekunlaşmaq üzrədir. Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar, yoxsa dollarla?

Fevral devalvasiyasından sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı, manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri müşahidə olunur. Ancaq bu bir il öncəki inamdan hələ ki çox uzaqdır. Bundan əlavə, manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır. Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır.

Ona görə də düşünürəm ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirərsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda – yastıq altında ölü kapital kimi saxlanılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.