Aprel Şəhidimizin anasından Mikayıl Cabbarova MÜRACİƏT... - "Bu, mənim üçün heç olmasa bir təsəlli olar ki..."
24-04-2017, 10:16

Moderator.az-ın əməkdaşı bu günlərdə aprel Şəhidlərimizlə bağlı silsilə yazılarına davam edərkən daha bir aprel Şəhidimiz Dəmirli Hüseyn Zeynal oğlunun Biləsuvar rayonundakı ata evindən Şəhidimizlə bağlı geniş reportaj hazırlamışdı.
Həmin yazını bu linkə tıklamaqla oxuya bilərsiniz: (http://moderator.az/news/175844.html)
Xatırladaq ki, söhbət zamanı əməkdaşımız Şəhid ailəsinin problemləri ilə də maraqlanıb.
Şəhidimizin anası Təranə xanım bildirib ki, şəhid olan oğlu Hüseyn əkiz olub. Şəhidimizin əkiz qardaşı Kamran Dəmirli hal-hazırda Azərbaycan Neft Akademyasının ikinci kurs tələbəsidir. Ailə çox imkansız olduğundan Kamranın illik 1600 manat təhsil haqqını ödəməkdə çətinlik çəkir:
“Hüseynlə Kamran əkiz idilər. Onları Allah mənə pay vermişdi. Amma Hüseynin Şəhid olması məni çox sarsıtdı. Çox kasıb yaşayırıq. Həyat yoldaşım Zeynal Dəmirli fəhləçilik edərək uşaqları böyüdüb. Dörd oğul və bir qız anasıyam. Kamranla Hüseyn ali məktəbə eyni vaxtda sənəd verdilər. Hüseyn qəbul ola bilməsə də, Kamran ali məktəbə qəbul olundu. Amma təhsil haqqını ödəməkdə çətinlik çəkirik. Bilmirik özümüzü dolandıraq, yoxsa Kamranın təhsil haqqını ödəyək. Hüseyn Şəhid olmamışadan əvvəl həmişə əmək haqqından ayırıb əkiz qardaşının təhsil haqqına köməklik edirdi. Hüseyn Şəhid olandan sonra kimdənsə kömək istəməyə üzümüz gəlmədi. Mən Sizin vasitənizlə təhsil nazirimiz cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm ki, Kamranın bir Şəhid qardaşı olaraq təhsil haqqının ləğv edilməsi üçün, ya da təhsil haqqının heç olmasa aşağı endirilməsi üçün bizə köməklik etsin. İnanıram ki, cənab nazirimiz bir Şəhid anasının xahişini cavabsız qoymaz. Bu, mənim üçün heç olmasa bir təsəlli olar ki, vətən üçün canından keçən bir oğlunun anasına diqqət və qayğı həmişə olub və bundan sonra da olacaq”.