Azərbaycanda şok struktur islahatı genişmiqyaslı ixtisarlar başlayır
9-07-2015, 11:51
Nazirliklərə, dövlət komitələrinə, rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 40 faiz azaltmaq tapşırılıb. Konkret desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 40 faizi xərclənməmiş qalmalıdır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ixtisarlar ilin sonuna qədər tədricən aparılacaq: "Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır. Çünki ixtisar sözü kütləvi psixoz vəziyyəti yaradır. Ona görə də yaşlı işçiləri pensiya və s. bəhanələrlə işdən çıxartmaq, yerlərinə isə heç kimi götürməmək tapşırılıb. Eyni də qənaət zamanda təsərrüfat xərclərinə də qənaət etmək təlimatda əksini tapıb”.
Mənbə deyir ki, təlimatda rəsmi təsdiqlənmiş büdcənin cəmi 60faizinin istifadə olunması əksini tapıb. Təsərrüfat xərclərinin minimuma endirilməsi, inzibatı binaların təmirinin dayandırılması və işçilərin ixtisar edilməsi nəzərdə tutulur. İxtisarların birbaşa yox, struktur yeniləşmələri fonunda aparılması planlaşdırılır. Yəni şöbə və idarələrin ləğvi, birləşdirilməsi və yenidən təşkili yolu ilə ixtisarların aparılması təlimatda əksini tapıb.
Bu ilin büdcə xərcləri 21,1 milyard manat nəzərdə tutulub. Hökumət "qənaətlə" büdcə xərclərini 40 faiz (təxminən 8 milyard manat) azaltmaq niyyətindədir. "Ancaq hökumət xof yaratmamaq üçün büdcəyə yenidən baxmaq, rəsmi göstəriciləri azaltmaq niyyətində deyil. Ancaq "qənaət" və ixtisar yolu ilə vəziyyətdən çıxmaq istəyir. Bu il yeni infrastruktur layihələri maliyyələşdirilməyəcək. Yalnız yarımçıq layihələr tamamlanacaq" - deyə mənbə bildirib.
Mənbə bildirir ki, hökumət büdcə xərclərini azaltmaq üçün struktur islahatı aparmaq və dövlət qurumlarının sayını azaltmaq niyyətindədir: "Struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir. Eyni zamanda Energetika Nazirliyinin ləğvi və səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi nəzərdə tutulur.
Mənbənin məlumatına görə, növbəti mərhələdə rayon icra hakimiyyətlərinin strukturunda ciddi dəyişikliklərin aparılması nəzərdə tutulub.
2015-ci ilin birinci yarısında neftin qiyməti ortalama 60 dollar olub. Azərbaycanda sutkalıq ixracın 700 min barel olduğunu nəzərə alsaq, ölkə birinci yarım ildə büdcə neftin ucuzlaşmasından 4 milyard manat itirib. Neftin qiyməti ilin sonuna qədər ortalama 60 dollar səviyyəsində olsa, bu büdcə gəlirlərinin 8 milyard manat azalması deməkdir. 21 milyardlıq büdcə xərclərinin 8 milyardının azalması o deməkdir ki, maliyyə ili 9 milyard kəsrlə başa çatacaq. Görünən budur ki, hökumətin vəziyyətdən dövlət xərclərinin kəskin ixtisar etməklə çıxmaq istəyir.