Dünya çempionunun bar qalmaqalı ilə bağlı yeni xəbərlər

18-07-2017, 10:34           
Dünya çempionunun bar qalmaqalı ilə bağlı yeni xəbərlər
Qız Elvin Məmişzadənin onu döydüyündə israr edir, qarşı tərəf isə...


Boks üzrə dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı olan Elvin Məmişzadənin adı bu dəfə hansısa çempionatda deyil, gecə klubunda bir xanımı döyməklə bağlı hallanıb. Belə ki, yenicag.az saytının verdiyi məlumata görə, Elvin Məmişzadə Bakıda gecə klublarının birində dava salıb. Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, “26 land” adlı gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.


“Qafqazinfo”ya açıqlama verən E.Məmişzadə yazılanları təkzib edib: “Belə məlumatları dəqiqləşdirib sonra yaymaq lazımdı. Camaat da mənə ağzına gələni yazır. Mən bir-bir onlara cavab verəsi deyiləm. Mən gecə klubunda yox, evdə olmuşam. Evdə-eşikdə olan adamam, nə klub, mən kluba getmirəm”.


E.Məmişzadə döyülən qızın adından yayımlanan açıqlamanı da yalan adlandırıb: “Kiminsə uydurmasıdır, mənim xəbərim yoxdur, vurmamışam”.
Yenicag.az saytı isə qızın açıqlamasını yayıb: “Başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”.


Maraqlıdır, gecə klubunda xanımı döyən çempionumuzu hansı cəza gözləyir?


Hüquqşünas Vüqar Babayevin sözlərinə görə, bu olayda ictimai qaydaların pozulması varsa, Cinayət Məcəlləsinə görə, bu, xuliqanlıq əməli hesab edilir. CM-in 221-ci maddəsinə əsasən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri özündə ehtiva edən bu tip cinayətlər xuliqanlıq hesab olunur. Bu maddə altında törədilmiş cinayətin cəzası 1 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.