“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 11:30

Avqustun 15-də Azərbaycan teatr və kino sənətinin parlaq simalarından, səhnəmizin unudulmaz obrazlarının yaradıcısı, Xalq artisti Afaq Bəşirqızı ömrünün 70-ci baharını qarşılayıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Afaq Bəşirqızı Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
“Yeni Müsavat”ın suallarını cavablandıran Afaq Bəşirqızı ilə yubiley söhbətimizi təqdim edirik:
- Afaq xanım, həm “Şərəf” ordeni almağınız, həm də 70 illik yubileyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirik. Sənətkar üçün bu yaş nə deməkdir - uğurların hesabatı, yoxsa hələ də həyata, səhnəyə qarşı planların olması?
- Hər bir aktyor üçün ən böyük mükafat tamaşaçının sevgisi, səhnədə ayağa qalxaraq güllərlə, alqışlarla ifadə etdiyi minnətdarlıqdır. Lakin dövlətin ali diqqətini qazanmaq, sənətkar əməyinin ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilməsi isə bu sevincə xüsusi bir dəyər qatır. Elə bu gün də - ölkəmizin Prezidenti həm daxili, həm də xarici siyasətdə gərgin və qızğın fəaliyyətlə məşğul olduğu bir dövrdə onun məhz sənət dünyasının bir nümayəndəsini, Afaq Bəşirqızını xatırlaması, ona “Şərəf” ordeni təqdim etməsi mənim üçün misilsiz bir xoşbəxtlikdir. Bu, təkcə mənim deyil, sənətə verilən dəyərin, Azərbaycan mədəniyyətinə göstərilən qayğının təntənəsidir. Bunun üçün mən dərin minnətdarlığımı bildirirəm - həm doğma xalqıma, həm də möhtərəm Prezidentimə.
- Həyatınız boyu çox çətin qərarlar vermisiniz. Bu gün dönüb baxanda, hansı qərarlarınızla fəxr edirsiniz, hansında isə “kaş başqa cür olardı” deyirsiniz?
- Heç vaxt “bunu etdim, görəsən nəticəsi nə olacaq?” deyə düşünməmişəm. Artıq bir işi etmişəmsə, deməli, bunu bilərək və ürəkdən etmişəm, istər yaxşı, istər pis.
Qürur hissini isə o zaman yaşayırsan ki, arzuların gerçəkləşir, həyata çevrilir. Həyatın keşməkeşi içində bu arzuları həyata keçirmək üçün mübarizədən qalib çıxırsan - məhz o an insan özünü qürurlu hiss edir.
Təbii ki, bütün arzularımı reallaşdıra bilmədim, çünki illər sürətlə keçdi, həyatın qayğıları çoxaldı. Mənim qayğım təkcə sənətimlə bitmirdi; evim, həyat yoldaşım, ailəm, qohum-əqrabam da diqqətimi tələb edirdi. Bütün bunlarla yanaşı, sən həm də sevdiyin sənətə sadiq qalmalı idin - gündüz həyatın çətinlikləri ilə ağlayır, axşam isə tamaşada komediya oynayırsan.
- Siz teatr və kino səhnəsinin canlı şahidisiniz. Bugünkü Azərbaycan incəsənətinə baxanda, sizi ən çox nə sevindirir, nə isə narahat edir?
- Həmişə teatrın da, kinonun da problemləri məni düşündürüb, narahat edib. Bu problemlər hər zaman olub və olacaq da, çünki yaradıcılıq olan yerdə problem olmadan yaşamaq mümkün deyil. Mənim arzum budur ki, bu problemlər həmişə yaradıcılıqla paralel olsun. Yəni problem olsun, amma yalnız yaradıcılıq problemləri - çünki onları istedad və sevgi ilə dəf etmək mümkündür.
Buna görə də inanıram ki, hər şey yaxşı olacaq. Lakin mən bütün incəsənət xadimlərinə deyirəm: bizə verilən bütün fəxri adlar, ordenlər, mükafatlar böyük bir məsuliyyət deməkdir. Biz bu həqiqətin fərqində olmalı, sabah alnı aşıq olaraq bizi təltif edən insanın qarşısına çıxanda ona layiq olduğumuzu göstərə bilmək üçün hərəkət etməliyik. Bizə mənsub olduğumuz sahənin hesabatını vermək borcumuzdur. Ona görə də hər birimiz buna ciddi yanaşmalı və düzgün riayət etməliyik.
- Bəzən fəxri adların yığışdırılması barədə müzakirələr gedir. Bu məsələyə necə baxırsınız?
- Mən fəxri adların ləğv edilməsi məsələsinə yaxşı baxmıram. Təsəvvür edin, sənətkar illərlə çalışır, zəhmət çəkir ki, zirvəyə çatsın - əvvəl Əməkdar artist, sonra Xalq artisti adına layiq görülsün və onun əməyini tamaşaçı sevgi ilə qiymətləndirsin. Belə adlar yalnız əslinə layiq olan, halal zəhmət çəkmiş sənətkarlar üçün mənalıdır. Təəssüf ki, bəziləri var ki, bu adları halal almayıb. Onlar onsuz da alıblar, amma əsl dəyəri, tamaşaçı sevgisini qazana bilmirlər.
- Uzun illər boyu erməni və azərbaycanlı xalqlar arasında dərin ziddiyyətlər yaşanıb. Sizin fikrinizcə, real və səmimi barışıq mümkündürmü? Yoxsa bu, yalnız kağız üzərində qalacaq bir anlayışdır?
- Bu, siyasətdir. Lakin təəssüf ki, qəlblər siyasətlə sağalmır. Biz saysız-hesabsız şəhidlər vermişik. Doğrudur, dövlətimizin rəhbəri nə deyirsə, mən onunla həmfikirdə olmalı, həmişə dövlətimizin maraqlarını qorumağa çalışmalıyam. Lakin mən bir ana kimi, azərbaycanlı qadın kimi və Azərbaycan mədəniyyətinin aparıcı qüvvəsi kimi heç vaxt düşməni bağışlamıram.
- 44 günlük Vətən müharibəsindən az qala 5 il ötür. Lakin hələ də bu müharibə, qələbəmiz, zəfərimiz barədə film çəkilməyib. Sizcə, səbəb nədir?
- Əvvəla, müharibə mövzusunda film çəkmək heç də asan məsələ deyil. Xüsusilə 44 günlük müharibəni ekranlara gətirmək çox çətindir. Hələ də biz oradakı hadisələri, əsgərlərimizin qəhrəmanlıqlarını qulaqdan qulağa eşidirik və dramaturqlar, yazarlar özləri üçün qeydlərini edir, onlarda fikirlər yaranır. Beləliklə, hesab edirəm ki, hadisələrin tam mənzərəsini əks etdirmək üçün erkəndir.
İkincisi, biz rejissorlarımıza lazım olan qayğını göstərə bilmirik. Azərbaycanda çox istedadlı kino adamları var, lakin onlara dəstək olmaq, lazımi şərait yaratmaq vacibdir. Müasir aparaturalar təmin edilməli, yaradıcılıq imkanları genişləndirilməlidir ki, onların istedadı özünü tam şəkildə göstərsin.
- Siz hər zaman sözünüzü açıq deyən sənətkar kimi tanınmısınız. Heç olubmu ki, açıq danışmaq sizə həm peşəkar, həm də şəxsi həyatda baha başa gəlsin?
- Heç vaxt. Çünki mən həmişə doğru danışmışam. Heç kimə şər atmamışam, heç kimin şəxsiyyətinə sataşmamışam. Kiminsə ayağından dartmamışam, həqiqətən olan problemləri danışmışam. Ən böyük əhəmiyyətlisi isə budur ki, mən şəxsi ambisiyamı güdüb heç vaxt hər hansı məsələni dilimə gətirməmişəm. Mən olanı olduğu kimi danışmışam və bunu tənqidi yox, kömək məqsədilə etmişəm. Çünki həmin problem 2-3 adama ziyan vurmur, ümumi bir quruma, sənət sahəsinə ziyan vurur. Ona görə də mən nə danışdığıma görə peşman olmamışam, heç vaxt da olmayacağam. Həmişə istəmişəm ki, hər kəs fikirlərini açıq söyləsin və cəmiyyətə düzgün çatdırsın.
- “Evləri köndələn yar” filmində Darçınbəyim, “Yaşıl eynəkli adam”da Zəhra, “Bala başa bəla”da Suğra və əlbəttə ki, “Söylü” obrazı - tamaşaçıların yaddaşına həkk olunmuş rollarınız çoxdur. Amma Afaq Bəşirqızı deyəndə çoxlarının göz önünə məhz Söylü gəlir. Bəs sizin üçün bu obrazlardan hansı daha doğmadır və niyə?
- Bütün obrazlar mənim ən sevimli “balalarımdır”. Ana övladlarını tək qoymadığı kimi, mən də obrazlarımı tək qoymuram. Lakin hər bir obraz mənim ruhumdan, enerjimdən bir parça aparıb, bəzən sağlamlığımı da sınağa çəkib. Buna baxmayaraq, onların hamısı mənim üçün doğmadır və hər biri mənim yaradıcılığımın bir parçasıdır.
- Teatrda olduqca zəngin yaradıcılıq yolunuz olsa da, kinoda sizi çox az görmüşük. Bu sizin şəxsi seçiminizdir, yoxsa çəkilmək istədiyiniz rollar sizə təklif olunmur?
- Heç məni filmə dəvət etməyiblər. Dəvət etsinlər ki, gedim. Amma tamaşalarım, bəli, çoxdur.
- Dünyada elə bir insan, bir şəxsiyyət varmı ki, onunla söhbət etmək, bir masa arxasında oturmaq arzunuz olsun?
- Bəli, belə bir arzum olub. Heydər Camal... Bilirsiniz ki, o, Moskvada yaşayan görkəmli ziyalımız idi. Təəssüf ki, özü də, oğlu Orxan Camal da artıq dünyasını dəyişib. Heydər Camal mənim üçün həmişə əlçatmaz bir qüvvə, bir mələk və həddindən artıq zəka və dərinliyə malik şəxsiyyət olub. Onun artıq aramızda olmaması mənim üçün böyük bir itki və təəssüf doğurur.
Bununla yanaşı, mənə ən çox təsəlli verən, ruhumu qidalandıran əsərlər Oşonun romanlarıdır. Onların dərinliyi və hikməti həmişə mənə ilham verib.
- 70 yaş yubileyinizdə ən böyük arzunuz nədir - şəxsi həyatla, sənətlə və Azərbaycanla bağlı?
- Mən həmişə Azərbaycanın inkişafını arzulamışam, xalqımın rifahını istəmişəm və ölkəmizin lider dövlət olaraq ön sıralarda olmasını arzulamışam. Həmişə Prezidentimizin qətiyyətli qərarları ilə Azərbaycanın bu yüksək mərtəbəyə çatmasını istəyirdim. Ona cansağlığı, xalqıma isə rifah və xoşbəxtlik arzulayıram.
Və yaşımdan asılı olmayaraq, yaşamaq istəyirəm. Arzum indi balalarımızın sağ-salamat böyüməyi, nəvələrimdən heç olmasa birinin toyunu görmək istəyirəm. Onları xoşbəxt görmək istəyirəm...