İş yerimiz sosial şəbəkədəki paylaşımlarımıza qadağa qoya bilərmi?
Bu gün, 11:44

Müasir dövrdə sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar yalnız şəxsi həyatlarını deyil, iş mühitində qarşılaşdıqları hadisə və problemləri də paylaşırlar. Lakin bəzi rəhbərlər bu paylaşımların şirkətin imic və daxili iş qaydalarına zərər verə biləcəyini düşünərək məhdudiyyətlər qoyur. Hətta bəzən işçilərə iş həyatı ilə bağlı hər hansı fikir və ya təcrübə paylaşmağı qadağan edirlər. Bu nə dərəcədə doğru yanaşmadır? Rəhbərlər belə bir qayda qoya bilərmi?
Phoenix Development MMC-nin Təsisçi direktoru Rufanə Qasımova Valyuta.az-a bildirdi ki, bu gün bəzi şirkət rəhbərləri əməkdaşların sosial şəbəkələrdəki aktivliyinə, onların fikir və söz azadlığına məhdudiyyət qoymağa çalışır: “Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. "Facebook", “İnstagram”, “LinkedIn” və digər platformalar təkcə şəxsi həyatımızı dostlarımızla bölüşmək üçün deyil, həm də peşəkar təcrübələrimizi, düşüncələrimizi və mövqelərimizi paylaşmaq üçün bir vasitəyə çevrilib. Bəzi rəhbərlər hesab edirlər ki, işçilərin şəxsi hesablarından etdikləri bəzi paylaşımlar – istər bir fikir, istər zarafat, istərsə də bir narazılıq şirkətin reputasiyasına mənfi təsir edə bilər. Bəzən bu narahatlığı əsası ola bilər, lakin bir çox hallarda bu yanaşma daha çox “camaat nə deyər?” - fikrinin təzahürü kimidir. Belə rəhbərlər şəxsi və iş həyatını tam şəkildə bir-birinə qarışdıraraq, əməkdaşların sosial şəbəkələrdə sərbəst fikirlər bildirməsini risk kimi qiymətləndirirlər. Hətta elə şirkətlər var ki, iş həyatına və korporativ mədəniyyətə dair hər hansı paylaşımı tamamilə qadağan edir, əməkdaşları susmağa və yalnız şirkətdaxili mühitlə məhdudlaşmağa məcbur edir. Bu isə haqlı olaraq sual doğurur: bu, əməkdaşın söz azadlığına müdaxilədir, yoxsa şirkətin öz imicini qorumaq haqqı?”
“Feedback”in 5 növü - Onları əhəmiyyətli edən səbəblər
Şəxsi fikir azadlığı ilə korporativ məxfilik arasındakı sərhəd düzgün qurulmalıdır
R.Qasımovanın sözlərinə görə, burada əsas məsələ şəxsi fikir azadlığı ilə korporativ məxfilik arasındakı sərhədin düzgün müəyyənləşdirilməsidir: “İşçi şəxsi profilində ümumi təcrübələrindən, əmək bazarındakı trendlərdən, ya da şəxsi fikirlərindən bəhs edirsə və bu məlumatlar şirkətin kommersiya sirrinə, daxili proseslərinə və ya üçüncü tərəflərlə olan müqavilələrə toxunmursa, bu, onun konstitusion hüququdur. Digər tərəfdən, əgər paylaşımda şirkətin daxili sirri açıqlanırsa, ya da konkret olaraq işçilər, rəhbərlik və ya müştərilərlə bağlı təhqiredici və ya zərərverici məzmun varsa, bu zaman şirkətin reaksiyası başa düşüləndir”.
Açıq və şəffaf sosial media siyasəti formalaşdırılmalıdır
Ekspert düşünür ki, bu kimi situasiyalarda ən düzgün yanaşma əməkdaşlarla açıq və şəffaf sosial media siyasətinin formalaşdırılmasıdır: “Şirkət açıq şəkildə hansı məlumatların paylaşılmasının məqbul, hansının isə etik və hüquqi baxımdan yolverilməz olduğunu bildirməli, eyni zamanda əməkdaşların fikir azadlığına hörmət etməlidir. Belə olan halda həm əməkdaş özünü azad və dəyərli hiss edər, həm də şirkət ictimaiyyət qarşısında etibarlı imicini qoruyar. Unutmaq olmaz ki, bir təşkilatın gücü yalnız məhsul və ya xidmət keyfiyyəti ilə deyil, orada çalışan insanların fikirlərinə və dəyərlərinə olan hörmətlə də ölçülür”.
R.Qasımova qeyd etdi ki, istər rəhbər, istər əməkdaş empatiya və bir-birilərinin hüquqlarına hörmət çərçivəsində çalışmağı bacarmalıdır: “Çalışdığım şirkətlərdən birində əməkdaş əmək şəraitinin şərtləri ilə bağlı sosial şəbəkədə etdiyi paylaşıma görə işdən çıxarılmaqla hədələnmişdi. Bu məsələyə həm işəgötürən, həm əməkdaşın mövqeyindən baxdıqda təbii ki, fikir ayrılıqları da yarana bilir. Lakin belə bir nüans da var ki, işə qəbul olan əməkdaş adətən (99%) işə qəbul olmazdan öncə şirkətin daxili qaydalarını, gözləntilərini və digər meyarları bilib razılaşır. Ancaq sonradan çalışdığı şirkətdə gördüyü nüansları sosial şəbəkələrdə gündəmə gətirmək də, düzgün hərəkət olaraq qəbul oluna bilməz. Eyni zamanda bu hadisələrin tam tərsi olaraq, sonradan "suprizlə" (əmək şərtlərində olan fərqlərlə) qarşılaşan əməkdaşlar da olur".