«Azərbaycan alimlərinin hamısı banklara borcludur» - Dilavər Əzimli
27-07-2015, 16:44
«İyulun 15-dən məzuniyyətə çıxırıq. Avqustun axırında qayıdırıq. Maaşı da oktyabrın 15-nə kimi ala bilmirik. Xeyli müddətdir. Bu müddətdə şəxsən mənim kimi, yəni mənim dərəcədə olanlar 610 manata sahib olurlar. İndi hesablayın görüm bu müddətdə bu pulu necə xərcləyək?»
FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri AMEA-nın aparıcı elmi işçisi, tarixçi alim Dilavər Əzimli bildirib. Elmlə məşğul olmağı özünün hobbisi, həyat qayəsi adlandıran alim, elmə, elm adamlarına dəyər verilməməsindən gileylənib: «Ötən həftə bazara getdim. Pulun100 manatını xərclədim. Çox şey almadım. Qarşıda müalicəm də var. Bu müalicəyə də xeyli pul gedir. Ailəmə məndən başqa pul gətirən yoxdur. Bu Azərbaycan aliminin bir faciəsidir».
O, pulsuzluqdan neçə-neçə beynəlxalq konfransa getmədiyini də bildirib.
Dilavər Əzimli bu sözlərlə alimlərin vəziyyətini millət vəkillərinə təsir etməsi üçün dediyini xüsusi vurğulayıb: «Əvvəllər belə idi ki, dərəcə maaşına görə fəlsəfə doktorlarına 300, elmlər doktorlarına 500 manat verilsin. Bunu etmədilər. Niyə? Özləri də yaxşı bilirlər. Amma onlara 2000 manatdan artıq maaş verilir. Cənab deputatlar, bu məsələni niyə qaldırmırsınız? Bir-iki deputat ötəri toxunubdur. Düzdü, elm aləmində də əksikliklər vardır. Tanışlıqla, rüşvətlə doktor oluralar. Amma onları zərərsizləşdirməyin yolu vardır: düzgün attestasiya. Attestasiyadan keçməyənlər işdən azad olunur. Demək, mümkündür».
«Bu gün elm aləmində maaşla yaşayanlar əsl fədaidirlər. Çünki bu maaşla elmi fəaliyyətlərini davam etdirirlər. Onlara hörmət edin! Onlar xarici ölkələrdə Azərbaycan elmini təmsil edirlər. Hamısı da banklara borcludur. Elmə pul ayırmamaq onun məhvi deməkdir. Bunu unutmayın! Elmi olmayan millətin sonu yoxdur» - deyə Dilavər Əzimli sözlərini yekunlaşdırıb.