Ən baha Həcc ziyarəti Azərbaycandadır - Monopoliya

13-08-2015, 13:31           
Ən baha Həcc ziyarəti Azərbaycandadır - Monopoliya
Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsi Həcc səfərinə ayrılmış kvotanın hələ də dolmaması barədə açıqlama verdi. Açıqlamada bildirilirdi ki, sənəd qəbulu avqustun 20-də yekunlaşacaq və həcc ziyarəti ilə bağlı Azərbaycan üçün ayrılan 2400 yerlik kvota hələ tam dolmayıb.

Qeyd edək ki, həcc ziyarəti ilə bağlı sənəd qəbuluna fevralın 20-dən start verilib və bu il həcc ziyarətinə səfər sentyabrın 11-dən başlanır. Hər il olduğu kimi, bu il də zəvvarların daha yaxşı otellərdə, 4 nəfərlik otaqlarda qalmaq, bahalı yeməklərlə təmin olunmaqla 5750 dollara, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq 4700 dollara başa gələn seçim etmək kimi iki variantları var.

Azərbaycandan 2012-ci ildə Həcc ziyarətinə gedənlər VİP xidmətlər üçün 3850 manat, adi xidmətlər üçün isə 3090 manat xərcləyiblər. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalan zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalan zəvvarlar isə Qafqaz Müsəlmanları İdarəsinə 4100 manat ödəməli olublar. Statistikadan göründüyü kimi, son illər Həcc ziyarətinin qiyməti artıb.

Qiymətin məhz bu həddə qalxması ona səbəb olub ki, 9 milyonluq əhali üçün ayrılmış 2400 nəfərlik kvota hələ də dolmayıb. Amma əvvəlki illərdə kvota çox qısa müddətdə dolurdu.

Yəqin ki, hər kəsə maraqlı olar Azərbaycana yaxın bölgələrdə Həcc səfəri üçün zəvvarların nə qədər xərc çəkdiyi. Bu məqsədlə FaktXəbər-in apardığı araşdırma nəticəsində şok qiymətlər ortaya çıxdı. Belə ki, Türkmənistanda Həcc səfərinə gedənlər heç bir ödəniş etmirlər. Bütün səfər xərcləri dövlət büdcəsi hesabına ödənilir. Bura Həccə getmək istəyənlər növbəyə dururlar və vaxt çatanda əlaqədar orqan həmin şəxslərə bu barədə xəbərdarlıq edir. Vətəndaşdan sadəcə hazırlaşıb, səfər üçün təyin edilmiş vaxtı gözləmək qalır. Gediş-gəliş, həmçinin oteldə qalmaq və güdəlik qidalanma yüksək səviyyədə həyata keçirilir.

Türkiyədə də Həcc səfərinə getmək növbəlilik prinsipi əsasında həyata keçirilir. Qardaş ölkədə Həcc ziyarətinin xərci 2000-3000 avrodur.

İranda da Həcc səfərinə gediş qiyməti 2000-3000 dollar arasında dəyişir.

Qonşu Gürcüstanda qiymətlər bir qədər baha olsa da, amma yenə Azərbaycandan ucuzdur: 3500-4000 dollar.

Rusiyada da Həcc səfərinə gedənlər 3100-3800 dollar ödəyirlər.

Bütün bu qiymətlər Azərbaycanda olduğu kimi 4-6 nəfərlik otaqlara qalmaq və yeməklərin çeşidindəki fərqə görə dəyişir. Amma diqqət etmək lazımdır ki, bu qiymətlərdən ən bahası Rusiyadadır və o da Azərbaycanla müqayisədə 1000 dollar ucuzdur və bu, Rusiyanın komfort qiyməti ilə Azərbaycanın aşağı keyfiyyətli qiymətinin fərqidir. Diqqət etsək görərik ki, Türkiyə və İran kimi müsəlman ölkələri ilə Azərbaycanın təyin etdiyi qiymətlər arasındakı fərq 2750 dollardır.

Maraqlıdır ki, qiymət fərqinin bu qədər yüksək olmasına səbəb nədir? Bununla bağlı danışan mütəxəssis məsələni bir neçə kontekstdən şərh edib: “Həcc ziyarəti üçün qiymətlərin artırılması Azərbaycanda birbaşa monopoliya ilə bağlıdır. Dünyada, eləcə də Türkiyədə Həcclə bağlı müxtəlif operatorlar mövcuddur. Onların arasındakı sağlam rəqabətin nəticəsində qiymətlərin optimallaşması baş verir, həm də ziyarət şəraiti, imkanlar və orada qalma şəraitinin hamısı tənzimlənir. Hazırda Türkiyə və digər ölkələrin nümunəsini götürsək, Həcc mövzusunda monopoliya adlanan bir mövzunun olmaması üçün müxtəlif operatorlar arasında sağlam rəqabət yaradılır. Nəticədə Həcc qiymətlərinin optimallaşmasına və hətta şəraitin daha yaxşı olmasına gətirib çıxarır.

Azərbaycanda mövcud vəziyyətin yaranmasının səbəbi kimi, ölkədə bu sahədə monopoliyanın mövcudluğu və müxtəlif Həcc operatorlarının olmamasıdır. Son illər ölkədə inanclı insanların Həcc ziyarətinə getməsində ciddi artım olduğuna diqqəti yetirsək, onda qiymət artımının süni xarakter daşıdığını görərik. Belə ki, Həccə gedən insanların sayının Azərbaycana ayrılan kvotaya uyğun həyata keçməməsi üçün belə maneə yaradılır. Beləliklə, ölkədə inanclılıq və inanclı insanların, Həcci həyata keçirmiş insanların sayının artmasını əngəlləmək üçün də qiymətlər qaldırılır. Həccə gedən insanların, bu mənada inanc yükü daşıyan və yaşayan insanların sayının artmaması üçün addımlar atılır. Hər milyona görə bir min insanın Həccə getməsi üçün yer ayrılır. Bu mənada Azərbaycanın kvotası 8 min insan civarında olmalıdır. Başqa ölkələrə daha çox kvota ayrılır. Bizdə isə hətta bu kvotanın həyata keçirilməsində çətinliklər yaradılır. Bu mənada qiymətin süni surətdə artırılması insanların Həccə getmək imkanlarını məhdudlaşdırmağa yönəlib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.