Abutalıbov Bakını şəxsən özü və belə sökür… VİDEO
20-08-2015, 01:09
Bu gün Bakı meriyasının rəhbərliyi Hacıbala Abutalıbovun başçılığı ilə Qurban Xəlilov küçəsində növbəti “təbii fəlakət” törədib.
Meriyanın tikinti texnikası küçənin abadlaşdırılması və genişləndirilməsi adı altında bu küçədə 5 nömrəli yaşayış evinin qarşısındakı ən gözəl bağı söküb.
Həm də bu, qeyri-insani şəkildə, xəbərdarlıqsız və tamamilə vəhşicəsinə edilib. Günorta evin qarşısına gələn Abutalıbov süvari kimi tabeliyindəkilərə əl yelləyərək “Sökün!” deyib.
Ev sakinlərinin çəpəri qırmamaq, sadəcə çıxarmaq xahişi merin tamamilə qeyri-adekvat reaksiyasına səbəb olub.
O, sözün əsl mənasında qışqırıb: “Mən sənə işçi borcluyam? Get, özün sök!”
Daha sonra ekskavator eyni vəhşiliklə qonşu 3 nömrəli evin qarşısındakı pillələri qırmağa başlayıb.
İşçilərinin müşayiəti ilə küçədə aşağı-yuxarı hərəkət edən Abutalıbov telefonda kiməsə qışqırırdı: “Niyə burada hələ insanlar yaşayır? Nazim, bilmirsən ki, ayın 1-nə qədər buranı təhvil verməliyəm? Bu insanları köçür, kompensasiya məsələsini həll et”.
Qeyd edək ki, Q.Xəlilov küçəsi Nərimanov abidəsini Elmlər Akademiyasının binası qarşısındakı bağ və meydanla birləşdirir. Son bir həftə ərzində burada intensiv işlər aparılır. Lakin küçənin genişləndirilməsi nədənsə küçənin yarısını tutan və metal barmaqlıqlarla hasarlanan yüksək vəzifəli məmurların obyektlərinə şamil edilmir (“Turan”).