Dövlət büdcəsinin qaranlıq xərcləri
17-03-2018, 13:18

“2018-ci ilin dövlət büdcəsinin qaranlıq xərc maddələrindən biri də əsas bölməyə aid edilməyən xidmətlərdir. Bu il üçün bu xərc maddəsinin məbləği 1,5 milyard manata qədər təsdiq olunub”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O bildirib ki, bu məbləğin 333 milyon manatı "Avtomobil yolları" məqsədli büdcə fonduna, 300 milyon manatı isə ehtiyat fondlarına yönəldiləcək:
“Ehtiyat fondunun 200 milyon manatı prezidentin, 100 milyon manatı da büdcənin payına düşür. Yerdə qalan 862,2 milyon manat vəsait isə əsas bölməyə aid edilməyən xərclər adı ilə rəsmiləşdirilib. Bu xərc yarımmaddəsinin açılışından görünür ki, həmin vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, 20 milyon manatı isə fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək”.
İqtisadçı diqqəti iki məqama yönəldərək qeyd edib ki, birincisi, 822,2 milyon manatın heç bir təsnifatı verilməyib:
“Yəni bilinmir ki, bu qədər vəsait hara, necə və kim tərəfindən xərclənəcək. Bu isə potensial olaraq korrupsiyaya yol açır. İkincisi, ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək. Belə tədbirə dəvət olunan və yüksək səviyyəli qonaq kimi təqdim olunanların çoxu təmsil etdikləri ölkələrində nüfuzunu itirən köhnə siyasətçilərdir. Hesab edirəm ki, Azərbaycanın bu kimi tədbirlərə ev sahiblik etməsi büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açır. Adətən belə tədbirlər dövlət vəsaitləri hesabına deyil, donorların və beynəlxalq qeyri-hökumət təşkilatların dəstəyi ilə keçirilir. Odur ki, bu praktikaya son qoyulmalı vergi ödəyicilərinin vəsaitləri və ya neft pulları bu adla havaya sovrulmalı deyil”.