EKSPERT: "...GÖL VƏ ÇAYLARDA ÇİMƏNLƏR ÜÇÜN HEÇ BİR DÖVLƏT NƏZARƏTİ YOXDUR" - RAYONLARDAN GƏLƏN ÖLÜM XƏBƏRLƏRİ ARTIB
3-07-2018, 00:01

Yay fəsli başlar-başlamaz insanlar istini hiss etməmək üçün müxtəlif su hövüzələrinə üz tuturlar. Bəzi şəhərlərimizdə insanların istirahəti üçün yaradılan çimərliklərdə nəzarət sistemi güclü olduğundan heç həyatı təhlükə müşahidə olunmur. Amma bəzi rayon və kəndlərdə yaradılan süni su hövzələrində təhlükəsizlik tədbirləri görülmədiyi üçün orada çoxsaylı boğulma, batma hallarına rast gəlinir. Belə arzuolunmaz hadisələrdən biri də dünən Şəmkir rayonunda baş verib. Belə ki, adıçəkilən rayonda 4 nəfər göldə batıb ölüb.
Məlumata görə, batanların şəxsiyyəti müəyyənləşdirilib. Ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.
Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələyə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nürəliyev "Sherg.az"a bildirib ki, bu barədə birbaşa insanlar məsuliyyət daşımalıdır:
"Yayda insanlar ən çox istirahət üçün çimərliklərə üz tuturlar . Hər il müvafiq qurumlar tərəfində əhaliyə tövsiyə olunmayan çimərliklərə getməyi məsləhət görmürlər.
Çünki orada çimmək insanların həm səhəti, həm də həyatı üçün təhlükəlidir. Ümumuyyətlə, qadağan olunmuş çimərliklərə getmək həyatınızı riskə atmaqdır. Rayon yerlərində isə çaylarda , göllərdə , su arxlarında , süni göllər düzəldib orada çimənlər var. Hər il çayda və göldə nə qədər insanın boğulduğu xəbəri eşidirik. Təbii ki, səbəbi sadədir. İnsanlar istirahət etmək istəyirlər, ancaq canlarından olurlar.
Nəzərə almaq lazımdır ki, göl və çaylarda çimənlər üçün heç bir dövlət nəzarəti yoxdur . Yəni o çaylar, göllərin təyinatı başqadır . İstirahət üçün, çimmək üçün nəzərdə tutulmayıb. Suyun içində qaya, dəmir parçası , şüşə qırığı, ip, tor və s. olması istisna deyil. Həmin zərərli amillər insanı ağır yaralaya bilər. Daha sonra suyun dibi qalın lil qatı olar. Onun təsiri ilə su hövzəsində çimən şəxslər nəticədə bata bilər.
Daha sonra belə göllərdə zərərli həşaratların, zəhərli ilanların olması da istisna deyil. Belə göllərdə çimmək insan həyatı üçün təhlükəlidir. Nəzarət mexanizminə gəlincə, rayonlarda ən çox insanların çimməyə getdiyi göllərə aidiyyatı üzrə müvafiq qurumlar tərəfində xəbərdaredici traparetlər vurula bilər. Yalnız bu yolla onların arasında maariflənmə aparıla bilər”.