“İl ərzində 15-17 yaşlı qızlardan 3 min uşaq dünyaya gəlib” - Ekspertdən şok açıqlama
6-07-2018, 14:14

“Statistikaya görə, bir il ərzində 500 məktəb yaşlı şagirdlər erkən nikaha daxil olub”.
Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, statistikada 17 yaşa qədər qızların vaxtından əvvəl erkən nikaha daxil olma faktları var:
“Statistika hər il açıqlanır. UNİCEF-in Azərbaycanla bağlı hesabatına görə, hər il 500 nəfər şagird erkən nikaha daxil olur. Qanunvericiliyin tələblərinə əsasən, onlar orta ümumtəhsil məktəblərində oxumalı olduğu halda erkən nikaha cəlb edilirlər. Bu faktlara daha çox Şimal, Çənub bölgəsində və Bakı kəndlərində rast gəlinir. Elə bir neçə gün öncə 14 yaşlı məktəblinin şadlıq sarayında toyu olması ilə bağlı məlumat yer aldı. Bu gün rəsmi şəkildə orta ümumtəhsil məktəblərində 9-cu sinif şagirdlərinin razılığı olmadan valideinləri tərəfindən qeyri- rəsmi formada ərə verilmə halları var”.
Ekspert problemin həlli yollarını da açıqlayıb. Onun sözlərinə görə, bütün toyların ünvanı şadlıq saraylarıdır. Şadlıq saraylarının rəhbərləri toyu olan gənclərin sənədlərini alıb yoxlamalıdır ki, görsün onların qanunvericiliyə görə nikaha girmək hüquq varmı? Təəssüf ki şadlıq saraylarının rəhbərləri bu məsələni bilərəkdən nəzarətsiz buraxıb. Orta məktəbi bitirən 9-cu sinif şagirdi ilə 11-ci sinif şagirdləri arasında ciddi fərq yoxdur. Bəzi məktəb direktorları buna göz yumur. Yetərsayın qorunması üçün 9-cu sinifdən çıxan şagirdlərin adını məktəbdən xaric etmirlər. Jurnalda onların adı gedir. Əslində, onlar sənəd üzərində tədris prosesinin iştirakçılarıdır, amma reallıqda isə sinifdə deyil, ər otağındadırlar. Bunu heç kim inkar edə bilməz.
Kamran Əsədov qeyd edib ki, məktəb yaşlı şagirdlərin erkən nikaha girməsi çox təhlükəlidir:
“Abortların sayına baxanda biz bunu görürük. Ən dəhşətlisi isə hamiləliklə bağlıdır. Rəsmi statistikada erkən nikahların sayı 500 göstərilir, amma yetkinlik yaşına çatmayanların uşaq dünyaya gətirmə faktı 3 min olaraq göstərilir. Bir il ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirib. Bu ciddi rəqəmdir. Nikaha girmədən qeyri-rəsmi uşaq dünyaya gətirmək necə olur?”.