Nazirlikdən müdhiş fırıldaq xəbərdarlığı
30-09-2015, 19:28
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarları onları hədələyənlərə qarşı diqqətli olmağa çağırıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, son vaxtlar ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb edən şəxslər peyda olub. Onlar mağazalardan ödənişli müqavilə tələb edir. Bununla razılaşmayanları isə "qanunvericiliyin tələblərinin pozulması" barədə müvafiq dövlət qurumlarına şikayət edəcəkləri ilə hədələyir. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi araşdırma aparıb. Məlum olub ki, özlərini Fakt Araşdırıcı-N MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə edir. Onlar "yoxlamanın" nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb edir. Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nazirlik bu məsələdə sahibkarları diqqətli olmağa çağırır. Sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda “195-2 Çağrı Mərkəzi”nə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.