İcra hakimiyyəti ilə təhsil şöbəsi arasında qalmaqal - Zərdabda

1-10-2015, 16:52           
İcra hakimiyyəti ilə təhsil şöbəsi arasında qalmaqal - Zərdabda
Zərdab rayon İcra Hakimiyyəti ilə Təhsil şöbəsi arasında qalmaqal yaşanıb.

Aznews.az xəbər verir ki, qalmaqala səbəb İcra hakimiyyəti nümayəndələrinin Təhsil şöbəsinin müdiri Baba Babayevdən maliyyə sənədlərini tələb etməsi olub. B.Babayev sənədləri verməkdən imtina edib. Belə olan halda işə İcra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Nuralıyeva qarışıb və sənədlərin verilməsini tələb edib. B.Babayev isə onların bu sənədləri istəməyə ixtiyarları olmadığını bildirib.
Məsələnin böyüməsi nəticəsində tərəflər bir-birini təhqir edib və telefonda nalayiq ifadələr işlədiblər.
L.Nuralıyevanın zəngindən sonra vəziyyəti pisləşən B.Babayev rayonun hüquq-mühafizə orqanlarından kömək istəyib. Şöbə müdiri onlara “başıma bir iş gəlsə günahkar Lalə xanımdır” - deyə bildirib.
Bundan sonra B.Babayevin vəziyyəti bir az da pisləşib. Hətta çağırılan həkimlərdən biri onun dünyasını dəyişdiyini söyləyib.
Amma az sonra məlum olub ki, onun şəkəri və təzyiqi qalxıb, buna görə huşunu itirib. 2 saatdan sonra ayılan B.Babayevi evinə aparıblar.
Sayt məsələni dəqiqləşdirmək üçün Zərdab rayon Təhsil Şöbəsinin müdiri Baba Babayevlə əlaqə saxlayıb. O, sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Lalə Nuralıyeva isə B.Babayevə başqa məqsədlə zəng etdiyini deyib: “Həmin gün İcra hakimiyyətində iclas təyin edilmişdi. Biz ona həmin iclasda iştirakı ilə bağlı zəng etmişdik. Mənim maliyyə sənədlərini istəmək, ya da yoxlatmaq kimi bir səlahiyyətim yoxdur. Bizdə olan məlumata görə, həmin gün Baba müəllim xəstə olub”.
L.Nuralıyevanın sözlərinə görə, həmin gün İcra hakimiyətində Təhsil Nazirliyinin Zərdab rayonunda apardığı yoxlamanın nəticələrinə həsr olunmuş yığıncaq keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.