“Xruşşovka”ların taleyi sual altında qalıb: söküntünü yubadan səbəblər

18-09-2018, 09:51           
“Xruşşovka”ların taleyi sual altında qalıb: söküntünü yubadan səbəblər
Ekspert: “Pilot layihələrin icrası mənzil bazarına öz təsirini göstərir və bir sıra layihələrdə satışlar çox ləng gedir”
Hazırda Bakının demək olar ki, xeyli ərazisində söküntü-tikinti, abadlıq işləri aparılır. İstismar müddətini başa vurmuş binalar sökülür, onların yerində isə hündür, gözoxşayan müasir tikililər ucaldılır.

Mütəxəssislər bildirirlər ki, artıq tikinti sektorunda 2015-ci ildə manatın devalvasiyası və neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşması səbəbindən yaşanan durğunluq aradan qalxıb. Lakin bu vəziyyət heç də uzun sürməyə bilər...

Hələ devalvasiyadan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilirdi. 2011-ci ildə mütəxəssislər bildirirdilər ki, bu binaların hamısı sökülməlidir, çünki hər an uça bilər.

2016-cı ildə məsələ ilə bağlı Nazirlər Kabinetinin də qərarı oldu. Belə ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub. Həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyətlərinə yaxın 5 il müddətində bir sıra işlərin həyata keçirilməsi tapşırıldı.


Pilot layihələrə əsasən Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi.

Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir və 5 mərtəbəli deyil, əsasən 2-3 mərtəbəli binalar sökülərək, yerində çoxmərtəbəli tikililər ucaldılır. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsini göstərə bilərik. Bu küçədə artıq 2 ildir ki, 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır. Şərtlər əlverişli olduğu üçün sakinlər şirkətlə razılaşıb, mənzillərini tərk edirlər.

Eləcə də digər rayonların ərazisində əsasın 2-3 mərtəbəli, istismar müddəti başa çatmış binalar sökülür. Şərtlər bütün rayonların ərazisində yuxarıda qeyd etdiyimiz kimidir. Ona görə də pilot layihələrin icrası zamanı “Sovetski”də olduğu kimi sakinlərin ciddi narazılıqları müşahidə olunmur.

Lakin “xruşşovka”ların söküntüsü ləngiyir. Hələ də sökülməsi nəzərdə tutulan 1-ci mikrorayon ərazisində olan 5 mərtəbəli binalar, Nizami rayonu ərazisindəki “xruşşovka”lar sökülməmiş qalıb.

2016-cı ildə bildirilirdi ki, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektar, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729 kimi qeyd olunmuşdu. Lakin bu layihədə yubanma müşahidə edilir. Ərazidə yaşayan sakinlər hesab edirlər ki, oradakı binalar heç də qəzalı vəziyyətdə deyil. Sakinlərdən biri “Yeni Müsavat”a aşağıdakıları bildirib:

“Televizoru asmaq üçün mənzilimin divarından dəlik açmaq istəyirdim. Bunun üçün xeyli əziyyət çəkdim. Axırı güclə dəlik açıb, televizoru divardan asa bildik. Deməyim odur ki, binanın betonu heç də yararsız vəziyyətdə deyil. Yeni binaların çoxunda divarlar kərpic olur. O binalarla müqayisədə ”xruşşovka"ların əksəriyyəti xeyli dərəcədə dayanıqlıdır".

Məlumat üçün onu da qeyd edək ki, 2018-ci ildə dövlət büdcəsindən tikinti işlərinə 250 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2017-ci illə müqayisədə təxminən 66 faiz, yaxud da 100 milyon artıqdır.

İnsanları da ən çox düşündürən bu məsələdir ki, Bakıda bütün 5 mərtəbəli binalar söküləcəkmi?


“Yeni Müsavat”a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, pilot layihələrə vəsait ayrılmasının dayandırıldığı iddia olunur: “Əvvəla deyim ki, Bakıda binaların sökülməsi, sadəcə olaraq, bir proqramdır. Yəni burada konkret müddət üçün öhdəlik yoxdur. Ona görə də ”xruşşovka"ların sökülməsi büdcənin imkanları və eyni zamanda bazarın konyukturasına uyğun olaraq həyata keçirilir. Yəni birmənalı olaraq “xruşşovka”ların sökülməsindən söhbət getmir. Məndə olan məlumata görə, hazırda pilot layihələrin icrası ilə bağlı müəyyən qədər gecikmələr gedir. Eyni zamanda hətta bu prosesin dayandırılması haqqında qərarın olduğunu da deyirlər. Rəsmi şəkildə bu qərarla tanış deyiləm. Lakin biznes çevrələrindən məlum olan budur ki, bu istiqamət üzrə vəsait ayrılmaları dayandırılıb. Ona görə də indiki halda böyük ehtimalla gecikmələr olacaq. Bu uzunmüddətli dövrdə nəzərdə tutulmuş plan olaraq “xruşşovka”ların sökülməsi həyata keçirilə bilər. Hazırda bazarda tələb də aşağıdır. Pilot layihələrin icrası mənzil bazarına öz təsirini göstərir və bir sıra layihələrdə satışlar çox ləng gedir. Tikinti sektorunda mövcud olan inhisarçılıq da bu istiqamətdə öz təsirini göstərir və layihələrin müəyyən qədər gecikdirilməsi yolu ilə bazarda təklifin azaldılması baş verə bilər. Beləliklə də müəyyən qədər qiymətlər tənzimlənər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.