CÜMHURİYYƏT QURUCULARI 100 YAŞLARINDA DA “ARXİVDƏ QALDI” MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ VƏ SİLAHDAŞLARINA , QARABAĞ ŞƏHİDLƏRİNƏ ÖGEYLİYİ KİM SİFARİŞ EDİR? - GİLEY

24-09-2018, 08:53           
CÜMHURİYYƏT QURUCULARI 100 YAŞLARINDA DA “ARXİVDƏ QALDI” MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ VƏ SİLAHDAŞLARINA , QARABAĞ ŞƏHİDLƏRİNƏ ÖGEYLİYİ KİM SİFARİŞ EDİR? - GİLEY
Qabaqlar yay gələndə əhalinin sosial müdafiəsi mərkəzlərindən əlillərə zəng edib Şəkidən Lənkərana, Nabrandan Naftalana kimi dincəliş yerləri təklif edilirdi. Sonra Lənkərandakı istirahət mərkəzinin hansısa deputatın oğlunun şəxsi mülkiyyətində olduğunu və yay aylarında yalnız deputatları və digər məmurları qəbul etdiyini pıçıldadılar. Nə qədər anlatmağa çalışsaq da ki “keçəlin halva yeməsi puluna, əlilin dincəlməsi dövlət büdcəsinə minnətdən keçir”, sosial ayrı-seçkiliyə nail ola bilmədik. Eləcə də güc strukturlarının Bakıdakı “Xəzri” və digər istirahət mərkəzlərinin qapılarının hətta bu qurumların Qarabağ əlillərinin üzünə bütöv il boyu niyə bağlı olduğunu özümüz anlaya bilmirik. Respublikadan qıraqda dincəlməyə gəldikdə isə ümumiyyətlə mümkünsüz olduğu bildirildi. Yenə də anlamadıq, bəs “ Eyfel sənin, Karlovı Varı mənim” deyib dünyanın bu başından girib, o biri başından çıxan ayda ortalıq 500-1000 manata göz dikən məmur elitası xaricə hansı büdcə hesabına gedir?
Nə isə , yenə sağ olsun, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının rəhbərliyini. Avqustun 18 -dən təhsil işçilərinin həmkarlar ittifaqının xətti ilə Nabrandakı “Xəzər” istirahət mərkəzində dincəlməyə 15 günlük dəyərinin 15 faizini ödəmək şərtilə yollayışla təmin etdi. Qanunvericiliyin əlillərin yollayışlarla pulsuz təmin olunmaq hüquqlarını təsbit etməsinə baxmayaraq, Səttar bəyin verdiyi yollayışın dəyərinə baxmazlar, deyibən 5,30 manatlıq yola 6-7 manat verib yola düzəldim. Elə yolu yarı eləmişdim ki, döyüş dostum Xaliq bəyin zəngi qulağımda cingildədi: “Hay ver mənə, cənab leytenant! “ . 18 avqust - sərhəd qoşunları günü ilə bağlı bayramlaşacağını düşündüm. Yanılırammış, sən demə, sərhədçi günündə sərhəd toxunulmazlığına canını -qanını verən Qarabağ əlilinin qanpulunu -pensiyasını yarıqat ediblər. Bu da sənə sərhədçi bayramı! 22 avqust -Qurban bayramı günü qaçqın dostum Həbib zəng edəndə isə yüzdə -yüz bayramlaşacağımızı düşündüm. Sən demə, Sabunçu işıq idarəsi Qurban bayramında qaçqın ailəsinin işığını yerli -dibli xətt qarışıq kəsib. Onu da vurğulayım ki, qaçqının işığı hələ də bərpa olunmayıb . “Xəzər” istirahət mərkəzində də işıqların tez-tez saatlarla söndüyünü deyib, dostuma təskinlik verdim.
Nə isə, istirahət qonusundan uzaqlaşmayaq. Avqustun 24 -də Qubanın Qəçrəşinə, mart soyqırımı kompleksinə ,tarix diyarşünaslıq muzeyinə turist gəzintisində olduq. Quba soyqırım qurbanlarının sümükləri bir yerə yığılıb dəfn olunduğundan açıq göyün altındakı qəbristanlıq-sümük qalaqlarını görə bilmədik. Quba tarix diyarşünaslıq muzeyində rus-alman savaşı iştirakçılarından fərqli olaraq Qarabağ şəhidlərinə guşə ayrılmamasını əməlli -başlı izah edə bilmədilər. “Azərbaycan Xalq Cümhuriyyəti- 100” guşəsində Məhəmməd Əminin şəkli olan kitabı yer alıb. Növbəti gün Xaçmaz tarix diyarşünaslıq muzeyində şənbə günü bəhanəsilə bələdçi xidmətindən imtina edildi. Qubadan fərqli olaraq burada Qarabağ şəhidlərinə guşə ayrılıb. Amma Qubadan fərqli olaraq, burada Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının adi şəkli belə qoyulmayıb. Muzey işçilərindən birindən heç olmasa, Cümhuriyyətin 100 illiyində onun qurucusunun şəklinin niyə yer almadığını soruşanda, tərtibatı onların vermədiyi bildirildi. Maraqlıdır, muzeyin tərtibatını bəs kim verir? Sualımıza nəinki ağlabatan, ümumiyyətlə cavab verilmədi.
... Görəsən, özünü Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan edən ölkə niyə qurucu dədə-babalarımıza dönük çıxır, ögey ilgi sərgiləyir? Heykəl, bir yana, çox xərc tələb edir, bəs şəkilə nə gəlib?
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.