APA-nın əməkdaşı prezidentə müraciət etdi - MƏTN
25-09-2018, 09:58

Avqustda fəaliyyətini dayandıran APA informasiya agentliyinin keçmiş əməkdaşı Ramiz Mikayıloğlu prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Müraciətdə ölkə başçısının Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə ölənlərin ailəsinə mənzillərin, avtomobillərin verilməsi mərasimindəki çıxışının yayılmasında yanlışlığa yol verilməsindən bəhs edilir. Jurnalist qeyd edir ki, prezidentin “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi APA agentliyinin xəbərində “Ermənistanı çökdürəcəyik” kimi yayılıb. Ancaq ölkə başçısının çıxışı AZƏRTAC-da tam dərc olunduqdan sonra, yanlışlıq dərhal düzəldilib.
Ramiz Mikayıloğlu yanlışlığa görə, prezidentə onlayn formada üzrxahlıq məktubu yazdığını bildirir və həmin məktubun ona çatmadığını qeyd edir.
“Yazdığım məktub, o cümlədən sonradan müvafiq araşdırma ilə bağı yazılı izahatım sizə zamanında təqdim olunsaydı, əminəm ki, siz APA-nın, o cümlədən bir jurnalist kimi mənim belə əsassız hücumlardan, ittihamlardan qorunmağıma kömək edərdiniz. Azərbaycan dili üzrə hansı peşəkar deyə və sübut edə bilər ki, gələcək zamanda “Ermənistanı çökdürəcəyik” və “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi arasında ciddi məna fərqi var? Bu ifadələr keçmiş zamanda işlənsə idi, bəlkə incə məna fərqindən bəhs etmək mümkün olardı. Ancaq gələcək zamanda bu ifadələrin kəsb etdiyi mənalar arasında demək olar ki, heç bir fərq yoxdur”, jurnalist prezidentə yazır.
Müraciətdə APA agentliyinin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı vurğulanır.
“Mənim jurnalist kimi fəaliyyətimi davam etdirməyim baxımından dözülməz bir şərait yaranıb. APA-da çalışdığım dövrlərdə nəinki mənə rəhbərlik etdikləri media orqanlarında çalışmağım üçün daha yüksək maaş vəd edən media orqanlarının rəhbərləri, hətta ciddi nüfuzu olmayan qəzet və saytların rəhbərləri üçün hazırda ən arzuedilməz şəxsəm”, müraciətdə yazılır.
Ramiz Mikayıloğlu müraciətində vurğulayıb ki, heç də APA-da çalışmış 200-ə yaxın insanın çörəyinin baiskarı kimi təqdim edilmək istəmir. O, prezidentə müraciətində hazırkı durumda Mətbuat Şurasının susqun qalmasına təəssüf etdiyini vurğulayır və ölkə rəhbərliyindən yardım istəyir.
“Siz mətbuatın və jurnalistlərin etibarlı dostu olduğunuzu hər zaman təsdiqləmisiniz. Mən sizdən Azərbaycanda özəl agentliklər arasında xarici ölkələrdə, ölkəmizin regionlarında bürolara malik yeganə, ən çevik agentlik olan, informasiya savaşına mühüm töhfələr verən APA və mənimlə bağlı məsələni nəzarətinizə götürməyinizi xahiş edirəm. İnanıram ki, bu, yaranmış ədalətsiz vəziyyətin aradan qaldırılmasına yardımçı olacaq”, müraciətin sonunda yazılır.