Qaçqınkomun sədri Əli Həsənova suallar… - "De, nəynən dolanaq?"..

3-10-2015, 10:54           
Qaçqınkomun sədri Əli Həsənova suallar… - "De, nəynən dolanaq?"..
Bu gün dünyada baş verən proseslər onu göstərir ki, güclü dövlətlər qaçqın axınının qarşısında davam gətirə bilmirlər. Ancaq Azərbaycan dövləti neçə on illərdir ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin bütün problemlərini çözməkdə davam edir. Bu işdə ölkə başçısının yorulmaz fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ancaq təəssüf ki, bəzi məmurlar dövlətin və dövlət başçısınnın bu siyasətinə də kölgə salırlar.

Qafqaznews.az bildirir ki,belə məmurlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Mətbuatda yayılan bir müraciət bunu bir daha sübut edir. Ağdam rayonundan olan məcburi köçkün, hazırda Bərdə rayonu ərazisndə təzə tikilmiş şəhərcik, bina 8, mənzil 36-da məskunlaşan Əşrəfov Hikmət Balaş oğlu ölkə başçısına və Birinci xanıma üz tutaraq bildirir ki, 21 ildir Bərdə şəhərindəki məktəbdə məskunlaşaraq, yaxınlıqdakı kişi bərbərxanasını icarəyə götürüb işlədərək 6 nəfərlik ailəsini bir təhər dolandırıb:

“Yeni salınan şəhərciyə köçəndən sonra köhnə iş yerimə getmək üçün gündə 15-20 km yolu qət etmək mümkün olmadığı üçün rayon rəhbərliyindən xahiş elədim ki, şəhərciyin ərazisində 3-4 metrlik yer versinlər ki, özümə bərbərxana düzəldim. Rayon rəhbərliyi mənə bildirdi ki, bunun üçün komitənin sədri cənab Əli Həsənova müraciət et. Mən dəfələrlə komitə sədrinə müraciət etsəm də, mənə cavab verilib ki, şəhərcikdə heç bir tikinti işləri aparıla bilməz”. Şikayətçi sonra qeyd edir ki, mən 4 il torpaqlarımız uğrunda vuruşmuşam, mənə 3-4 metr yer verməyən Qaçqınkomun rəhbərliyi qaçqın olmayan şəxslərə şəhərcikdə market, mağaza açmağa icazə verir. Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev hər dəfə öz cavabında qeyd edir ki, fərdi sahibkarlıqla məşğul olmaq üçün heç bir köşkün tikilməsinə icazə verilmir.

Redaksiyadan: Onda sual olunur ki, şikayətçinin göndərdiyi fotolarda görünən o boyda anbarlara, marketlərə, mağazalara hansı yolla icazə verilib..? Bəlkə bu yolun haralardan, kimlərin cibindən keçdiyini Pənah müəllim açıqlaya..? Bəs, görəsən, komitə sədri Əli Həsənov niyə belə hallara qarşı səsini çıxarmır..? Axı, ölkə başçısı hər vəchlə məcburi köçkünlərin problemlərinin həll olunmasına çalışır. Bəs, komitə sədri bunu görmür..? Növbəti yazımızda bu suallara cavab tapmağa çalışacağıq. Bizi izləyin.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.