“Qadınlar kişilərdən daha paxıldırlar” – Xanım psixoloq

4-10-2018, 08:35           
“Qadınlar kişilərdən daha paxıldırlar” – Xanım psixoloq
Paxıllıq hər bir insanı təsirinə ala biləcək mənfi xüsusiyyətdir. İstər qadın olsun, istər kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu psixoloq Vəfa Əkbər deyib.

Psixoloqun sözlərinə görə, insanlar paxıllığın dərəcəsinə görə biri-birilərindən fərqlənirlər:
“Danılmaz faktdır ki, qadınlar kişilərlə müqayisədə daha paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.

Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilərdə həsəd hissi olmur.

Hər bir insanda həsəd hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Hər kəs qibtə edə bilər.

Paxıllıq isə insana hər tərəfdən zərbə vurur. Paxıllıq bir adət, “xəstəlik” halını alarsa, daha təhlükəlidir. Bir sözlə paxıllıq psixoloji və sosioloji bəladır.

İnsanın insana paxıllığı sonda kinə və ya müsbət mənada rəqabətə çevrilə bilir. Kinə çevrilmiş paxıllıq fəlakətə, müsbət rəqabətə çevrilən paxıllıq isə tərəqqiyə səbəb olur”.

Vəfa Əkbər qeyd edib ki, paxıllıq ilk öncə gözlərdən, daha sonra hərəkətlərdən və danışıqlardan bəlli olur: “Bundan pis dərd, yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahatlıq tapmır. Öz kədəri və başqalarının fərəhi ona dərd gətirir. Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.