Müəllimlərə pul yığan valideyn komitələri lazımdırmı? - AÇIQLAMA
5-10-2015, 20:43
Məktəblərdə hər sinifdə valideyn komitələri yaradılır. Məqsəd valideynlərin təhsil müəssisələri ilə məktəb arasında əlaqələrin yaradılmasında iştirak etməsidir. Amma bu gün həmin komitələr heç də müəyyən edildiyi işlərlə məşğul olmurlar. Belə ki, Müəllimlər günü ilə bağlı artıq məktəblərdə şagirdlərdən pul yığılmasına başlanılıb. Bu prosesi ən çox valideyn komitələri idarə edir. Onlar uşaqlara müraciət edir, onlardan müəyyən məbləğdə pul alır və müəllimə verirlər. Əgər valideyn komitələri bu cür korrupsiya hallarından başqa heç bir işə xidmət etmirsə, o zaman onların fəaliyyəti nə üçün lazımdır?
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Modern.az-a bildirib ki, gələcəkdə məktəblərin idarə olunmasında valideyn komitələrinin formatının dəyişdirilməsi mümkün olacaq:
“Amma müəllim, şagird, valideyn - bu üçbucağın genişlənməsi aktuallaşdırılır. Bu, gələcəkdə valideyn komitələri deyil, başqa formatda ola bilər, amma valideynlərin rolu məktəbdə birmənalı artırılacaq. Həmin komitələrlə bağlı məsələyə gəlincə, bu cür korrupsiya hallarına yol verilirsə, bu haqda digər müəllim, valideyn özü də müvafiq instansiyalara, ən azından Təhsil Nazirliyinə etirazını bildirə bilər”.
İlham Nağıyev belə faktlarla bağlı onlara daha çox anonim şikayətlərin daxil olduğunu deyib. Amma onlara qanunvericiliyə uyğun olaraq baxılmır:
“Bu cəhətdən vətəndaşlar gərək vətəndaşlıq borcunu yerinə yetirsin. Əgər həmin valideyn və ya müəllimdən biriyəmsə və belə halla rastlaşıramsa, şikayət edib etirazımı bildirməliyəm. Alınmırsa, müvafiq instansiyaya müraciət edilməlidir. Bir tərəfdən, deyirik ki, belə fakt var. Amma heç kim bu haqda danışmaq istəmir. Sual yaranır: “Bu, necə həll olunmalıdır?”.
Nazirlikdə belə faktlarla bağlı bəlkə də məlumat var. Amma konkret olaraq harada var, hansı müəllim, valideyn bunu edir deyəndə, geri çəkilirlər. Vətəndaş öz borcunu yerinə yetirməlidir”.