Azərbaycanlı prodüserin iki filmi Hollivud ulduzlarının qatıldığı Festivalda qalib oldu

27-02-2019, 12:05           
Azərbaycanlı prodüserin iki filmi Hollivud ulduzlarının qatıldığı Festivalda qalib oldu
Meksikanın ən nüfuzlu festivallarından biri, dünyanın məşhur Hollivud ulduzlarının qatıldığı Rosarito Film Festivalında ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan iki filmimiz uğur qazanıb.
Modern.az-ın məlumatına görə, Cəlaləddin Qasımovun “Şollerin arxivi” filmi “Ən yaxşı ssenari” üzrə, “Edam günü” filmi isə “Ən yaxşı direktor” kateqoriyası üzrə qalib seçilib.

Festivalın baş ofisi Los Ancelesdə yerləşir. Üçüncü Rosarito Beynəlxalq Film Festivalının keçirildiyi yer dünyanın ən sürətli böyüyən film mərkəzlərindən biridir. Belə ki, “Titanic”, “Quantum of Solace" (James Bond), "Babel", "Pearl Harbor" "007, Tomorrow never dies" və bir çox digər filmlər orada çəkilib.
“Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.