Məşhur bəstəkarın efir qadağası ilə bağlı təklifinə cavab: “Həm sənətkaram, həm də toy müğənnisi...”
14-03-2019, 20:27
Son günlər televiziyalarda müğənnilərə daha çox yer verilməsi müzakirələrə səbəb olub. Bir çox sənət adamı kimi xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də efirlərə toy müğənnilərinin çıxarılmasına qarşı çıxıb.
O, ona.az-a müsahibəsində etirazını şərt şəkildə bildirib: “Dəfələrlə demişəm, yenə təkrar etmək istəyirəm ki, bizim məqsədimiz qadağa qoymaq deyil, qadağalardan danışmırıq. Kim istəyir, mahnı yazsın, kim istəyir ifaçılıqla məşğul olsun, amma toyxana ifaçıları kanalları zəbt etməsin. Heç onların mədəniyyətindən, səviyyəsindən, zövqündən də söhbət getmir. Vəziyyət o həddə çatıb ki, kim toyda nə qədər pul qazanır, onu belə efirdə müzakirə edir. Biabırçılıqdır. Siz gedib toyda pul qazanırsınız, özünüz bilərsiniz, amma bu məsələləri televiziya kanallarında müzakirə etməyin. Müğənni təkcə toyda oxuyursa, efirə çıxmamalıdır. Amma xalq artisti, əməkdar artistdirsə, onu biz konsert salonlarında görürüksə, o zaman efirə çıxmalıdır”.
F.Əlizadənin fikirləri isə birmənalı qarşılanmayıb. Bəzi sənət adamları bəstəkarın haqlı olduğunu desə də, digərləri müğənnilərin əsas gəlirinin toydan olduğunu bildirərək onunla razılaşmayıb.
Musavat.com bu məqamda tanınmışlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib.
Əməkdar artist Lalə Məmmədova bildirib ki, musiqidən xəbəri olmayan ifaçıları efirdən uzaqlaşdırmaq lazımdır: “Firəngiz Əlizadə görkəmli bəstəkarımız, savadlı musiqiçimizdir. Mən onun nə demək istədiyini anlayıram. Əvvəllər müğənnilər iki kateqoriyaya bölünürdü, biri toya gedən, ikincisi efirə çıxan müğənnilər idi. İndi üçüncü kateqoriya da yaranıb, internetdə populyarlaşan, fenomenə çevrilən və musiqidən anlamayan ifaçılar. Firəngiz xanım yəqin onları nəzərdə tutmayıb. Əslində toya gedən dəyərli sənətkarlarımız da var. Biz musiqini sevən, musiqini duyan insanlara efirlərimiz açıq olmalıdır”.
Müğənni Elnarə Xəlilova bildirib ki, Firəngiz Əlizadə ara müğənniləri və bayağı musiqi ifa edənləri nəzərdə tutub: “Toy bizim elimizin adətidir. Toy, xınayaxdı elə gözəl adətlərdir ki, nəsildən-nəsil ötürülməlidir. Əvvəllər 40 gün, 40 gecə toy edilirdi, sonra 7 gün, 7 gecəyə endi. İndi 3-4 saat toy olur. Toylarda bəzən bayağılığa çox yer verilir, camaatın istəyini nəzərə alırıq. bayağılığı toydan yığışdırmaq olar. Firəngiz xanıma haqq da verirəm ki, bayağılığı efirə gətirmək olmaz. Efirə milyonlar baxır. Ara müğənnilərinin işlərinə toy adı vermək olmaz. Toy, xınayaxdı bizim ənənəmiz, adətimizdir. Onları cılızlaşdırmayaq. Xınaya aid bir mahnım var, musiqisini peşəkar bəstəkar Sevda Məmmədli yazıb. O mahnını efirdə oxuya bilmirəm, elə bilirlər ki, toy “tutmağa” çalışıram. Əsgərlərin qarşısında ifa etməyimə icazə vermirlər. Amma bilmirlər ki, gəlin, qurban, əsgər xınayaxdısı var. Bunlar bizim adətimizdir. Biz adətimizi elə cılızlaşdırmışıq ki, indi ona sahib çıxa bilmirik”.
Nəsiminin “Sığmazam” qəzəlini hind musiqisi üzərində oxuduqdan sonra tənqid olunan, populyarlaşan, özünü toy müğənnisi adlandıran Afət Fərmanqızı isə bildirib ki, reytinqli müğənni olduğu üçün efirə dəvət olunur: “Həm sənətkaram, dahi Nəsimidən oxuyuram, həm də toy müğənnisiyəm. Efirlərə çıxmaq üçün xahiş etmirik, özləri çağırır ki, reytinq verirsən. Firəngiz xanımın dediyi müğənnilər reytinq vermir, efirə də çağırılmır. Telekanallar özəldir, ürəkləri istəyəni çağırmaqda azaddırlar. Verilişlərə xalqın istədiklərini çağırırlar. İndiyə kimi təvazökarlıq edib, özümü toy müğənnisi adlandırırdım. İndi isə başa düşürəm ki, səhv etmişəm, mən sənətkaram. Özümü belə adlandıracağam. Sənətkar adlandırılanlardan nə oxumaqda, nə təhsildə, nə görünüşdə əskik deyiləm. Hər müğənniyə toy müğənnisi demirlər. Toy müğənnisi elə sənətkardır ki, saatlarla canlı oxuyur. Toyda 1-2 dəfə fonoqram oxusan, gəlib dayandırırlar ki, canlı oxu. Elə sənətkar bizik”.
Bir müddət əvvəl əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli saytımıza açıqlamasında deyib ki, televiziya, radio verilişlərində yer alan müğənnilərin ifa etdikləri mahnıların mənşəyi, kökü bilinmir: “Efirlərdə savadlı musiqiçilərin bəstələri daha çox səslənsin, Azərbaycan musiqisi öz simasını, dəyərini, ladını itirməsin. Azərbaycan musiqi ladları çox zəngindir, bunun təməlini Üzeyir bəy qoyub. Musiqi ilə məşğul olanlar savadlı olsa, bu ladları bilsələr, Azərbaycan musiqisi daha zəngin olar. Efirlərə baxanda adama elə gəlir ki, Azərbaycan musiqisi gah üzü şərqə, gah qərbə, gah da cənuba dönür. Hər zaman ölkələrin musiqilərinin bir-birinə təsiri olur. Amma heç istəməzdim ki, Azərbaycana zəngin musiqisi bəsit ladlarda yazılsın. Yəqin ki, bu gün günahkar efirlərdə yer alan bisavadlara meydan verənlərdir”.