Tənqidçi ilə şair arasında qalmaqal BÖYÜYÜR: “...Bütün hədləri aşıb”

9-09-2020, 17:12           
Tənqidçi ilə şair arasında qalmaqal BÖYÜYÜR: “...Bütün hədləri aşıb”
Tanınmış ədəbi tənqidçi Əsəd Cahangirlə şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadə və oğlu Kəramət Böyükçöl arasındakı gərginlik davam edir. Ə.Cahangirin bu günlərdə “Facebook” sosial şəbəkəsində yazdıqları isə ziddiyyətli münasibətləri daha da qızışdırıb. Ədəbi tənqidçinin yazdığına görə, gənc şairin bütün şeirlərini atası yazıb:

“Əgər bu bədii cəhətdən sönük, əxlaqi cəhətdən dönük cümlələrə "şeir" demək olarsa, "Üslub" "şeir"i Qəşəm Nəcəfzadənin "Qadının ölümü" kitabındandır. ("Vektor" Nəşrlər Evi, 2007, 116-cı səhifə) Amma yadınızdadırsa, Qəşəmin oğlu Kəramət Nəcəfzadə bu şeiri Elgizin proqramında öz adına çıxmışdı. Və Elgiz əxlaqsız məzmununa görə ona şeiri axıracan oxumağa imkan verməmişdi. Kəramət də şəltəsinin işləmədiyini görüb efiri yarımçıq tərk eləmişdi. Bu faktı sadəcə bir nümunə kimi yazdım. Təkcə bu şeir yox, öz adına çıxdığı heç bir yazısı Kəramətə aid deyil. Yəni belə faktların sayı yüzlərlədir. Bəs, onda nəyə görə Kəramət hamını nədəsə ittiham edərək özünü haqlı sayır? Və hətta Prezidentdən ev tələb edir? Bəyəm, dövlət ədəbi dələduzluq və plagiata görə ev verir?”.

“Sherg.az” olaraq məsələ barədə daha ətraflı məlumat almaq üçün Ə.Cahangirlə əlaqə saxladıq. O, ictimailəşdirdiyi fikirlərin səbəblərini açıqladı:

“Mən ədəbi tənqidçiyəm. Ədəbiyyatda bircə cümləsi belə olmayan adamın özünü ədəbi tənqidçi kimi göstərməsi, dünyasını dəyişən şairləri təhqir etməsi təbii ki, məni təsirləndirir. Üstəgəl, prezidentdən ev tələb edir, xüsusi imtiyazlar istəyir. Fəqət 50-60 yaşlarında evə layiq olan o qədər adam var. Onlar dura-dura atasının yazılarından istifadə edən bir dələduzun ev iddiasında olması, əlbəttə, düzgün deyil.

Bu, ağlı başında olan və vicdanlı insan kimi mənim hisslərimə toxunur. İkinci bir tərəfdən, Kəramət artıq neçə ildir ki, mənim haqqımda ağlına və ağzına gələni yazır. Səbəb isə atasından, başqalarından oğurladığı, roman, şeir kimi təqdim etdiyi cızma-qaraları israrlı xahişlərə rəğmən tərifləməməyimdir. O, 10-15 gün əvvəl, ad günümdə barəmdə növbəti təhqiramiz yazdı. Mən də öz növbəmdə gördüyünüz yazını yazdım və beləliklə, atılan daşları geri qaytardım”.

Ə.Cahangir, həmçinin bildirib ki, onun tənqidlərinin hədəfi Qəşəm Nəcəfzadə yox, oğludur:

“Amma istər-istəməz atasından da yazmalı oldum. 2000-ci ildə şairin yubiley tədbiri idi. Məndən çıxış etməyimi istəmişdi. Xahişini yerə salmayıb xoş sözlər demişdim. İndi, iyirmi il sonra həmin səs yazısını ortaya atmağın nə mənası var?

Gənc idim, Qəşəmi yaxşı tanımırdım. Dediklərim ehkam deyil ki... Zamanla mən də fikirlərimi dəyişə bilərəm. Mən onu şeirlərinin şeir olmamasında ittiham edirəm. Bacarırsa, əksini isbatlasın. Amma bunun əvəzinə, mənim sözlərimə sığınır.

Bu, onu göstərir ki, Qəşəm özünə sığına bilmir, özünə inanmır. Onların Bayılda, Daşkəsəndə, İmişlidə, Qəbələdə evləri var. Kəramət 600 manatlıq evdə kirayədə qalır. Bəs pulu hardan alır? Kəramət deputatların, varlı adamların əlində oyuncaqdır.

Lazım gəlsə, həmin millət vəkillərinin adlarını çəkə də bilərəm. Onlar Kəramətə pul verir, bir-birilərini tənqid və təhqir etdirirlər. Belələrinin meydana çıxmasının təqsirkarı da məhz elə parlamentarilərdir. Qoy, indi deputatlar cavab versin. Amma yaxalarını kənara çəkiblər. Çünki Kəramət bütün hədləri aşıb”.

Qəşəm Nəcəfzadə ittihamlara cavab verib. Şair deyib ki, yazılanlardan bixəbərdir:

“Düzü, Əsəd Cahangirin yazdıqlarını oxumamamışam. “Facebook” da dostluğumda yoxdur. Əslində onun yazdıqları mənim üçün maraqlı da deyil. Kəraməti tanıyırsınız. Onun şeirlərini mənim yazmağım həqiqətdən uzaqdır. Fakt göz qabağındadır”.

Ev məsələsinə gəlincə,Q.Nəcəfzadənin cavabı qısa olub:

Var, var da. Əsəd Cahangirin o statusuna rəy yazan lazımdır ki, sənin nə borcuna?! Kəramətin kirayədə qaldığını hər kəs bilir. Kitab satıb, pul qazanır. Bunun nəyi pisdir? Yəni tənqidçinin yanaşması səhvdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.