“Gic-gic videolar yayırlar, bütün günü onları paylaşırlar...“ - Xalq artisti “od püskürdü”

10-09-2020, 12:36           
“Gic-gic videolar yayırlar, bütün günü onları paylaşırlar...“ -
Bir neçə ay bundan öncə Hindistan hökuməti ölkə ərazisində Çin istehsalı olan 59 virtual proqram, tətbiqetmə və sosial şəbəkəninin fəaliyyətini qadağan etdi. Qadağan edilənlər arasında məşhur “TikTok” şəbəkəsi də var idi.

Dünyada milyonlarla istifadəçiyə çatan "TikTok" artıq yeni dövrün fenomen platformasına çevrilib. Platformada qeyri-qanuni əməllər - narkotika və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə proqram qadağan olunub. Cəmiyyətimizdə də "TikTok" proqramına münasibət birmənalı deyil.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva ölkədə “TikTok”un qadağan olunmasını doğru qərar hesab edir:

“Bu gün saytlar intiharlardan yazır, efirlərdə intihar süjetləri hazırlanır. Bunu etmək olmaz, insanın psixologiyası pozulur. Gənc baxır, fikirləşir ki, ona bax, intihar etdi. Sabah anası, atası, yaxud sevgilisi bir söz deyəndə gedir intihar edir. Mənim fikrimcə, dövlət bəzi səhifələrə qadağa qoymalıdır. “TikTok” nədir axı, ora biabırçılıqdır. O proqram gənclərə nə verir? Gənclərimiz daha da yoldan çıxır, pozulur.

Kitab oxmaqdan, gözəl filmlər izləməkdən, teatra, muzeyə getməkdənsə bütün günü girib “TikTok”da video çəkirlər. Mən istəyirəm ki, “TikTok”, ümumiyyətlə bağlansın. O gün oxudum ki, hansısa dövlət proqramı qadağan edib. Mənə elə gəlir ki, dövlət nə vaxtsa buna əncam çəkəcək”.

Sənətçi tez-tez intihar, cinayət tipli xəbərlərin paylaşılmasını düzgün hesab etmədiyini bildirib:

“Davamlı olaraq ölüm, intihar hadisələrini paylaşan müəyyən saytlar, səhifələr var ki, onlara qadağa qoyulmalıdır. Kim kimi öldürdü, boğazını kəsdi və s. bununla prokurorluq məşğul olur. Yəni bunu açıb ağartmaq, göstərmək lazım deyil. Göstərdikcə əks təsir edir.

Adicə bir misal çəkim, biz qorxulu filmə baxırıq o, adama çox pis təsir edir. Mən özüm aktrisayam, bilirəm ki, bu sadəcə filmdir, amma təsirindən çıxa bilmirəm, çox pis təsir edir. Mənə təsir etdiyi kimi gənclərə də edir. Mən gənclərin hərəkətlərini görürəm. müşahidə edirəm. Gözəl gənclik yetişmir, günah da bizdədir. O gəncliyi biz belə yetişdiririk. Gənclər mütləq tədbirlərə, teatrlara getməlidir. Gənc analar uşağı restoranlara aparmaqdansa, müxtəlif dərnəklərə aparmalıdırlar, onların musiqi zövqünü formalaşdırmalıdırlar, onları rəqsə aparmalıdırlar. Belə şeylərlə biz gəncliyi xilas edə bilərik, çünki bizim gələcəyimiz onların əlindədir, Vətən onların əlindədir. Təbliğat vasitəsilə gəncliyimizin yaxşı yetişməsinə yardımçı olmalıyıq. Bəzi səhifələr var ki, “TikTok”dakı gənclərin gic-gic videolarını yayırlar, bütün günü onları paylaşırlar. Bu düzgün bir şey deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.