İlhamənin mirası - Dava-dalaş böyüyür

6-05-2016, 22:37           

Mərhum xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev daha bir qalmaqallı açıqlama verib. O, iddia edib ki, xalq artistinin oğlu Orxan Nadirov dəfələrlə İ.Quliyevanı şantaj edib:

“Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, “səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam”. Sənin səs yazını dövlət orqanlarına aparacam. Bəs bu şantaj deyil, nədir? Bütün bunları niyə İlhamə xanıma etmisən? Yazıq xəstə adam idi, mənim qızım neçə illər idi ki, ona baxırdı. Səs yazmalarının hamısı bizdə var. Bunu mənə İlhamə xanımın dayısı oğlu Eldar müəllim deyib. Onun sözlərinə görə, İlhamə xanım Orxanın şantajından ehtiyat edirmiş və qorxurmuş”.

Orxan Nadirovun vəkili Habil Vəliyev bu məsələylə bağlı Modern.az saytının suallarını cavablandırıb:

“Orxan Nadirov həqiqətən də pis idisə, İlhamə xanımı iddia edilən kimi şantaj edirdisə, niyə o şəxs (vəkilin adını ağzına almaq istəmədiyi Əli Mirəliyev-red.) hüquq-mühafizə orqanlarına, aidiyyatı qurumlara müraciət etmirdi? İndi niyə qızışıb ortaya çıxıb?!

Orxan Nadirov özü də bildirir ki, bunların hamısı şər-böhtan, yalandır. Həmin adam Orxanı qıcıqlandırmağa çalışır. İstəyir ki, o adını çəkdiyiniz şəxsə qarşı hansısa addım atsın. Xatırladım ki, Orxan Nadirov səbirli insandır. O, İlhamə Quliyevanın təlim-tərbiyəsini görmüş bir adamdır. Hələ ki gözləyir. Hər şey öz hüquqi qiymətini alandan sonra Orxan öz sözünü deyəcək”.

Vəkil məhkəmənin növbəti həftələrdə olacağını açıqlayıb. Hüquqşünas bildirib ki, Əli Mirəliyev vərəsəlik iddiası qaldıra bilməz:

“Adını çəkdiyiniz şəxs necə qohumdur?! Yalnız yaxın qohumlar vərəsəlik hüququndan istifadə edə bilərlər. Canfəşanlıq edirsə, etsin. Amma bir insan kimi demək istəyirəm ki, miras yaxşı bir şey olsa idi, sahibinə qalardı. İnanın ki, Orxan güc-bəla ilə bu məsələlərə qoşulur. O var-dövlətdə, mal-mülkdə gözü olan adam deyil. Hadisələrin fonunda Orxanın hərəkətlərini müşahidə edirəm. İnanın onun ürəyi gəlmir ki, nəyəsə əl vursun, yaxud ondan istifadə etsin.

Amma ixtiyarı, hüquqları olmayan adamlar canfəşanlıq edirlər. Kimsə hansısa keçmişə qayıdırsa, Orxan Nadirov da adekvat olaraq keçmişə qayıdacaq və hansısa tarixin səhifələrini vərəqləyəcək. İnanın hətta şok açıqlamalar olacaq”.

Qeyd edək ki, bu il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.

İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artisinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Limizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.