Könülün 100 manatlıq geyimi, töhmətli Leyla, Afaqın kişi siyahısı - HƏFTƏBECƏR
16-05-2016, 11:51
Sizə kimdən deyim, kimdən danışım, Könül Kərimovadan. Kərimova deyib ki, yüz manata ucuz paltar da geyinmişəm, hamı mənə baxıb. Yəni guya yüz manatlıq paltar çox ucuz imiş. Hətta elə təəccüblə baxıblar ki, heç Ərəbistanın ortasında çılpaq adama elə təəccüblə baxmırlar. Doktor Zaur Qarabaği də Kərimovaya layiqli cavab verib. Deyib ki, ay balam, yüz manata biz müəllimlər kostyum, ayaqqabı, beş dəst corab, iki köynək, qalstuk alırıq, hətta dönər yeyib, qalan pula ayran içirik. Bunu alim deyir ha, təsəvvür edin. O alim ki Könül Kərimova bundan sonra 43 kişi sənətçiylə duet oxusa, 34 klip çəkdirsə, 88 mahnı yazdırsa, yenə də bu millət üçün onun elədiklərinin yarısını eləyə bilməz. Adamın Könül Kərimovanın yaşının kubundan dörd dəfə artıq sayda tələbələri var. Yeri gəlmişkən, sənətçi əllini haqlayıb, indi özünüz tələbələrin sayını hesablayın.
Müğənni Əli Mirəliyevlə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov arasında söz atışması bu həftə də davam eləyib. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərə sülh haqda saziş imzalamaq təklifi ediblər. Görək nəticə necə olur.
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru, gənc müğənni Leyla Ramazanova töhmət alıb. Özü də elə-belə yerdən yox, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən. Sənətçi də mətbuata açıqlama verib ki, bu, normal haldır: "Fevral ayında işimdə olan nöqsanlarla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində töhmət almışam. Hər işdə xırda nöqsanlar olur. Hazırda işlərim yaxşıdır, vəzifəmin başındayam".
Vallah mən Leylada təqsir və günah görmürəm, buna haqqım da yoxdur. Günah onu həmin məsul vəzifəyə təyin edənlərdədir. Nöşün ki, bu xanım hələ səhnədə ilk addımlarını atır. Yəni belə mühüm vəzifə üçün çox balacadır. Görünür, biz bilmədiyimiz başqa səbəblər də var. Məsələn, Ramazanova çox təşkilatçı və bacarıqlıdır və sair. Şəxsən mən sənətçini o vəzifəyə təyin edən adamın yerinə olsaydım, o töhməti birinci özümə verərdim.
Bu aktrisalar, sənətçi qadınlar danışanda hər dəfə 2-3 kilo arıqlayıram xəcalətimdən. Guya bunlar gözlərini səhnədə açıblar, ömründə yağ-soğan, süpürgə xəkəndaz, ləyən, qazan, vedrə görməyiblər. Hələ bir öz evlərində bişirdikləri yeməyin minnətini də camaata qoyurlar. Aktrisa Tünzalə Əliyeva (Toppuş bacı) da buna bənzər bir açıqlama verib.
Gənc müğənni Afaq Aslanın başına iş gəlib. Sənətçi bildirib ki, keçmiş sevgilisi tərəfindən ölümlə hədələnir və şantaj edilir: "Artıq xeyli müddətdir ki, yaradıcılığımdan uzaq düşmüşəm. Şəxsi həyatımda yaranan problemlərə görə bir çox yerlərdən uzaq düşdüm. Bu günə qədər susdum, dedim bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzyiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq, demək olar ki, mənim həyatım təhlükədədir".
Məncə, bu məsələdə ən çətin iş hüquq-mühafizə orqanlarının olacaq. Niyə? Çünki Afaq bir müddət əvvəl müsahibəsində demişdi ki, həyatındakı kişilərin sayını itirib İndi gəl o boyda siyahını axtar tap, yığ bir yerə, bir-bir sorğu-sual et ki, Afaqı hansınızsınız şantaj edən. Yenə siyahı balaca olsaydı, nəsə düşünmək mümkün idi.
Elza Seyidcahan yeni şeir yazıb. Vaxtınız olsa, tapıb oxuyarsınız. Dietoloqların fikrincə, bu şeiri daha çox kalorili yeməklərdən sonra oxumaq faydalıdır. Həzm prosesini yaxşılaşdırır, piylənmənin qarşısını alır, bədəndəki artıq qazlardan xilas edir.
Müğənni Yeganə yeni filmə çəkilir. Ona görə də uşağıyla birlikdə gəlib Bakıya. Həyat yoldaşı da Türkiyədədir. Türklər demişkən, işte sənətçi olmağın ağırlığı bu. İndi görün necə çətin günlər keçirir. Qiyabi ər-arvadlıq da bir şey deyil. Allah eləsin çəkilişlər tez bitsin, Yeganə xanım da qayıtsın külfətinin yanına. Özü də qayınanasının qız övladı yoxdur, Yeganəyə də qızım deyir. Yeri gəlmişkən, Yeganə boşanmayıb, amma boşansa, yer üzündə boşanan nə birinci, nə də sonuncu qadın olmayacaq. Özü belə deyib. Türkün məsəli, buna deyirlər sözün ucunu qoymaq. Yəni hər şey ola bilər.
"Eurovision" təmsilçimiz Səmra bizə çox həyəcanlı günlər yaşatdı. Gözlərimizi monitordan çəkə bilmədik ki bilmədik. Bütün diqqətimiz yönəldi ona. Hamı ondan yazdı, bir adam demədi ki, bu qız doğru-dürüst oxuya bilmir. Uzun sözün qısası, sənətçimizdən yeni-yeni uğurlar gözləyirik. Onsuz da, "Eurovision" bizim üçün elə də maraqlı deyil.
Gənc müğənni var - Elvin Abdullayev. Könül Kərimovanın açıqlamasına bənzər fikirlər səsləndirib. Deyib ki, hobbimdir, arada gizlicə avtobusa, metroya minirəm. Yeri gəlmişkən, Elvinin hobbi dediyi məsələdən mən 13 ildir istifadə edirəm. Həmin o hobbidən Elvindən qat-qat savadlı, qabiliyyətli oğlanlar da hər gün istifadə edirlər. Amma hobbi kimi yox, işə, evə gedib-gəlmək üçün. Bir daha təkrar edirəm, Elvindən qat-qat üstün oğlanlar, xanımlar, analar, bacılar istifadə edir o nəqliyyat vasitəsindən və burada qeyri-adi nəsə yoxdur. İmkan olanda arxivə nəzər salmaq lazımdır.
Milli.Az