“Muğam birdir, onun Bakı, Qarabağ, Şamaxı məktəbi yoxdur”
25-05-2016, 14:32
1955-ci ildən 1985-ci ilə qədər qapımda növbə olub”
teref.az xalq artisti Əlibaba Məmmədovun apa-ya müsahibəsini təqdim edir:
- Əlibaba müəllim necəsiniz, səhhətiniz necədir?
- Lap yaxşıyam. Hərdən narahatlıq olur, yaşın gətirdiyi qayğılar yaranır, o da keçib gedir. Görürsən, yenə tələbələrimin yanındayam. Dərs keçirəm, çalışıram, bildiyimi onlara da öyrədim.
- Səs sarıdan narahatlıq yoxdur ki? Deyirlər, gecə 12-dən sonra oxumaq olmaz. Xan Şuşinskinin adəti olub ki, 12-ni keçdi, nə olur olsun, oxumazmış. Bircə dəfə Səməd Vurğunun xahişi ilə bu adətini pozub...
- Rəhmətlik Bülbül mənə tapşırıq vermişdi: Gördün ki, səsin xarabdır, get uzan, əlini də cütlə başının arxasında, yat. Heç kimi danışdırma. Heç yoldaşınla da danışma.
- Gəncliyinizdə neftçi olmaq istəmisiniz...
- Hə, bu sənətə oxumaq həvəsi ilə gəlməmişəm. Neftçi işləyirdim, hökumət məni Türkmənistana işləməyə göndərmişdi. Bizə paltar, maaş, yeyib-içmək, hər şey verilirdi. Kasıb uşaq idim, yetim böyümüşdüm, ona görə neftdə işləmək mənə sərf edirdi. 41-ci ildə müharibə başladı, 42-də atam rəhmətə gedəndə 12 yaşım vardı. İki bacı, bir qardaş, böyükləri də mən, qaldıq yetim. Anamın da 32 yaşı vardı. Nə isə, Türkmənistanda özümü yaxşı göstərdim, məni gecə növbəsinə nəzarətçi keçirdilər. 1400 manat da maaş verirdilər. Onun 500 manatını anama göndərirdim, yerdə qalanını özümə xərcləyirdim. Bir dəfə buruğun yanından keçirdim, eşitdim, nə isə qaynayır. Mənə də texnikumda öyrətmişdilər ki, buruqdan qaynama səsi gəlirsə, deməli, orda qaz var. Getdim direktorun yanına, qayıtdı ki, o yerlərdə qaz deyilən şey olmur. Rusca da yaxşı bilmirəm, birtəhər başa saldım ki, bir yoxlayın, bəlkə çıxdı. Üç gün sonra dedilər, direktor səni axtarır. Sən demə həmin yerdə qaz fontan vurub. Məni göndərdilər Aşqabada oxumağa. Anama yazdım, məni oxumağa göndərirlər, amma maaşım az olacaq, sizə pul göndərə bilməyəcəyəm. Dedi, bizdən arxayın ol, get oxu. Aşqabadda zəlzələ oldu, oxumağa gedəsi olmadım. Həvəs məni gətirdi musiqiyə. Öz-özümdən tar çalmağı öyrənmişəm, nağara çalmağı öyrənmişəm. Yüz dənə mahnını tarda bəstələmişəm. Maştağada bir klarnet çalanımız var idi, Vəliağa, toya aparırdı, özü 200 götürdü, mənə 50 manat verirdi. Qabağıma məqsəd qoydum ki, klarnet çalmağı öyrənəcəyəm, bunu daha oya aparmayacaqlar. Allaha and olsun, olanı danışıram...
-İnanıram...
- Hə, 500 manat yığdım, klarnet aldım, altı ay o qədər çaldım ki, yanımızda milis idarəsi vardı, xəbər göndərdi ki, bəsdir, qoy işimizi görək. (Gülür). On səkkiz yaşım vardı, toya getmişdim. Erməni nağaraçalanın əvəzinə toyu axıra qədər mən çaldım. Klarnetçalan Nəsrulla vardı, mənə dedi, gəl Bakıya. O vaxt tütün fabrikinin yanına yığılırdılar. Sənə danışıram 48-ci ildən. Getdim ora, o gündən başladım toylara getməyə. Başladım toydan yaxşı pul qazanmağa. Bir dəfə "26-lar bağı”nın yanında gördüm ki, elan vurulub: "İstedad axtarılır”. Getdim adımı yazdırmağa, gördüm, Zülfü Adıgözəlov münsiflər heyətinin sədridir. Soruşdu ki, oğlan, nə oxuyacaqsan, dedim, "Cahargah”. Qayıtdı ki, "Cahargah” ağır muğamdır. Mən də söz altında qalmadım. Dedim ki, Zülfü dayı, ağır olan sizin qarşınızda oxumaqdır. Yaman xoşuna gəldi. Dedi, səni Filarmoniyaya götürəcəyik, hər konsertinə 80 manat pul yazılacaq. Əbülfət gəlmirdi, onun yerinə oxuyurdum, Fatma gəlmirdi, onu əvəz edirdim. Amma yaxşı pul verirdilər. Hələ görünməyib ki, 19 yaşında bir oğlan Xan Şuşinskiyə, Şövkət Ələkbərovaya, Əbülfətə, Fatmaya yoldaş olsun. Afişada qırmızı hərflə Xan əminin adı yazılırdı, balaca hərflərdə də mənim (Gülür). Əvvəl-əvvəl xoşlarına gəlmirdi ki, nağaraçalan gəlib filarmoniyada oxuyur.
- Kimin xoşu gəlmirdi?
- Onu demərəm. Üstündən gör neçə il keçib.
- Dedim, bəlkə Xan əminin xoşu gəlməyib...
- Yox-yox, nə danışırsan? Allah var göydə, Xan əmi məni həmişə müdafiə edib. O birilər qəmiş qoyanda Xan deyirdi, dəyməyin, bu uşaqdan yaxşı xanəndə olacaq. Üç il sonra dəbə mindim. 53-cü ildə toy üstündə qapımda növbə idi. Bir dəfə Səid Rüstəmov Soltan Hacıbəyova dedi, bu uşağı işə götür, bundan bir də ələ düşməyəcək. Soltan da dedi, bir şərtlə götürürəm: iki konsert verəcəksən, camaat gəlsə, işə götürəcəyəm. Konsert günləri də nə vaxt olsa yaxşıdır: martın 20-21-ə. Bayram günlərinə. İndi ürəyimin içini yeyirəm ki, adam gəlməsə, heç nə. Getdim, Əliağa Vahidin yanına. Allah ona qəni-qəni rəhmət eləsin. Dedim, mirzə, halı-macəra belədir, kömək elə. Soruşdu ki, dəftər-qələmin var? Dedim, var. Getdi o başa, gəldi, bu başa, başladı qəzəl yazmağa.
Ey gül, səni hər kəs ki sevib bəxtəvər oldu
Eşqində bir ancaq mənim ömrüm hədər oldu.
Kim sevdi qara zülfünü ağ günlərə çıxdı
Tale mənə yar olmadı bir dərdi-sər oldu
Bax, bu qəzəl belə yarandı...
- Vahiddən danışanda niyə kövrəldiniz?
- (Sükut). Nə bilim... Vahid başqa Vahid idi.
"Vahidin qəzəllərini toyda oxuyurdum, nə pul alırdımsa, on faizini qoyurdum pencəyimin sağ cibinə ki, bu onundur”
- Deyirlər, Vahidin çətin, sıxıntılı günlərində ona kömək etmisiniz...
- Allah deyir, sağ əlin verdiyini sol əl bilməməlidir. Axşam Vahidin qəzəllərini toyda oxuyurdum, nə pul alırdımsa, on faizini qoyurdum pencəyimin sağ cibinə ki, bu Vahidindir. Pul yığılırdı, axırda aparırdım ki, mirzə, al, bu sənin haqqındır.
- Əlibaba müəllim, belə deyirlər ki, Qarabağ səs verir, Bakı texnika. Nə düşünürsünüz bu haqda?
- Seyid Şuşinski deyirdi, səs Qarabağdan gəlir, amma Bakı görməyən xanəndədən xanəndə olmaz. Muğam birdir, onun Bakı məktəbi, Qarabağ məktəbi, Şamaxı məktəbi yoxdur.
- Rəhbərlik etdiyiniz ansamblın adını niyə görə "Humayun” qoymusunuz? Bu muğam daha yaxşı oxumusunuz, ona görə?
- 68-ci ildə Maestro Niyazini Filarmoniyaya direktor göndərdilər. Niyazi məni çağırdı ki, sən ayda mənə bir konsert verməlisən. O vaxt da mənim bütün konsertlərim anşlaqla keçirdi. İki saat sonra biletləri tapmaq olmurdu. Heç bir xanəndə 30 il dəbdə olmayıb. Düz danışıram. 1955-dən ta 85-ci ilə qədər mənim qapımda növbə olub. Nə isə, dedim, Maestro, sənə ayda iki konsert verərəm, amma ansambl yoxdur. O da sərt adam idi, dedi, necə yəni ansambl yoxdur? Neçə nəfər lazımdır, yığ, sizə ştat alacağam. Mən də harada yaxşı musiqiçilər var, yığdım, dedim, hazıram. O vaxt da Rauf Hacıyev mədəniyyət naziri idi. Zəng elədi nazirliyə ki, Raufa deyin, ansambl hazırdır. Niyazinin kabinetində oturmuşduq, Hacı Məmmədovdan soruşdu ki, Əlibaba hansı muğamı yaxşı oxuyur? O da qayıtdı ki, Seyid Şuşinskidən sonra Azərbaycanda Əlibaba kimi "Humayun” oxuyan yoxdur. Niyazi də bunu bəyəndi, oldu "Humayun” ansamblı.
- 100-ə yaxın mahnınız var və onlar hər gün səslənir. Mahnılarınızın qonorarını alırsınız?
- Ehtiyacım yoxdur. 19-cu əsrdə Cabbar Qaryağdıoğlunun 200-ə yaxın mahnısı olub. O vaxt mənə, Qulu Əsgərova ad qoymuşdular: həvəskar bəstəkar. Həvəskarlara 70 manat verirdilər, əsl bəstəkarlara 100 manat. Elşad Quliyev məni yanına çağırdı ki, hər mahnına 70 manat verəcəyik. Dedim, istəmirəm, xalqın malını xalqa sata bilmərəm. Yazdım, imzaladım, verdim. O da böyük kişilik elədi: mənim bütün musiqilərimin qabağına adımı yazdırdı.
- Səxavət Məmmədov, Məmmədbağır Bağırzadə kimi sənətkarlar sizin ansamblda yetişib. Yetirmələrinizdən üzünüzə ağ olanı olmayıb?
- Qətiyyən. Tələbələrim mənimlə həmişə fəxr ediblər. Məsələn, Məmmədbağır haçan televizora çıxırdı, deyirdi, mən o kişiyə borcluyam. Nardaranlılar ona deyirdilər, sən niyə maştağalını tərifləyirsən, o da cavab verirdi ki, Əlibaba müəllimi tanısanız, siz də tərifləyərsiniz. Könül Qəmbərova var, Bülbül adına musiqi məktəbində dərs deyir. Bəlkə də bizim qızların içində muğamı onun qədər bilən yoxdur. Bir "Humayun” oxuyur, mən onu oxuya bilməmişəm. Neçə dəfə "Humayun” oxumuşam, məni istəməyənlər pozdurublar. Könülə dedim, mənim balam, gəl, sənə iki muğam öyrədəcəyəm. İlk dəfə "Dəşti”ni öyrətdim, sonra "Humayun”u. Bir adam onun kimi "Humayun”a yaxın gedə bilmir.
- Sizə dövlət səviyyəsində münasibət yüksəkdir, hər kəs hörmətinizi saxlayır. Ətrafınızda olan adamların sizə işi düşürmü?
- Deyim sizə. Mən heç öz oğlum üçün xahiş etməmişəm. Doğma oğlum ayda 500 manat maaş alır, bir adama demirəm, onu min manat edin. Deməmişəm. Sözün düzünü deyirəm sənə.
- Övladlarınızdan sənətinizi davam etdirən olmayıb...
- Yox, olmadı. Üç qızım, bir oğlum var. Arvad bir gün dedi, a kişi, bunlardan birini öz yolundan elə, sənəti öyrənsinlər. Dedim, bax, evdə tar var, pianino, qaval var, Əlibaba var, day nə olmalıdır, öyrənsinlər də. Hansı gəldi, mən etiraz elədim? Gərək adamın canında olsun. Nəvəm iki institut qurtarıb. Bir gün gəldi ki, baba, tar çalmaq istəyirəm. Apardı, altı aydan sonra gəldi ki, çətindir, öyrənə bilmirəm. Dedim, sənin baban tar çalıb, klarnet çalıb, nağara çalıb, babat da xanəndədir. Amma sən iki institut qurtarmısan, bir tar çala bilmirsən, indi gör sən kimsən, mən kiməm. (Gülür).
- Siz xalq artisti adını gec almısınız...
- Sara, Əbülfət, bir də Şövkət məndən tez əməkdar artist adını alıb. Mən əməkdar olanda nə Habil əməkdar artist idi, nə Zeynəb. Əməkdar artist adını mənə 1962-ci ildə Tofiq Quliyev verib. 62-dən 89-a qədər bir qapı döyməmişəm. Qalmışam əməkdar. Deyirdilər, niyə gedib istəmirsən, mən də cavab verirdim ki, özləri görmür? Bir şeyi adama gərək Allah versin. Buna inan. Bir məclisdə oturmuşduq, Elmira Qafarova da həmin məclisdə idi. Gördüm mənə baxır, dedi, haradasa sizi görmüşəm, yadıma sala bilmirəm. Özümü təqdim eləyəndə ayağa qalxdı, üzrxahlıq elədi. Birdən soruşdu ki, sən xalq artistisən? Dedim, yox, əməkdar. Camaatın qabağında birdən qayıtdı ki, get de, mən xalq artistiyəm. Üstündən bir ay keçdi, Elmira xanım zəng vurdu ki, sizi təbrik edirəm, büronun iclasında hamı sizə səs verdi. Hətta Həsən Həsənov soruşub ki, o hələ xalq artisti deyil? Şıxəli Qurbanovla aram kök idi, bir dəfə demirdim, mənə niyə xalq artisti adını vermirsiniz?
- Telekanallara baxırsınız? Mənzərə necədir?
- AzTV-də "Məclisi üns” verilişinə baxıram. Bir sayını qaçırmıram. Elə gözəl verilişdir ki. Əsəd Cahangir tənqidçidir, amma muğamdan, qəzəldən elə gözəl danışır, istəyirəm gedib televizorun içinə girim. Özü də axırda danışır, amma ürfanla bağlı, klassik şeirlə bağlı elə nöqtələrə toxunur, evdə televizorun bu tərəfindən can deyirəm. Yaxud o verilişdə İlqar Fəhmi var. Fəhmi uşaq idi, gəlirdi bizim məclisə, indi maşallah, elə ağıllı, bilikli danışır, elə bil dilotu yeyib. Özü də yaxşı adamdır, heç kimin xətrinə dəymir.
"70 yaşında toya getməyi tərgitdim, gördüm, ürəksiz oxuya bilmirəm”
- Nə vaxta qədər toylarda oxumusunuz?
- 70 yaşında toya getməyi tərgitdim. Amma camaat əl çəkmirdi. Təvazökarlıqdan uzaq olsa da deyəcəm: vallah mən özüm qədər sevilən xanəndə görməmişəm. Gördüm, ürəksiz oxuya bilmirəm, toylara getmədim. Ürəkdən də oxuyanda ağrıyırdım. O qədər ürəkdən oxuyurdum, Razı Şükürov bir dəfə dedi, sən toyda öləcəksən.
- Sizinlə yaşıd olan sənətkarlardan kiminlə isti münasibətiniz var, kimi qiymətləndirsiniz?
- Zeynəb Xanlarovaya Allah can sağlığı versin, onu həmişə yüksək qiymətləndirmişəm. Səhnə mədəniyyəti, geyim mədəniyyəti, səs, ifaçılıq... hamısı Zeynəb xanımda var. Zeynəb çox böyük xanəndədir. Məni görəndə həmişə qardaşı kimi, ağsaqqalı kimi qucaqlayıb öpür.
- Yaşın bu vaxtında sizi yordumsa, gərək üzrlü sayasınız...
- Yorğunluq söhbəti yoxdur. Hələ tələbələrimlə məşğul olacağam. Dörd misralıq şeirim var, onu deyim, bitirək.
- Deyin...
Mən şair deyiləm, şair xislətçiyəm,
Bəstəkar da deyiləm, bəstəçiyəm.
Bilmirəm, nə karəyəm, nəçiyəm,
Onu bilirəm ki, gözəl ifaçıyam.