Sənətçilər MM-in kino qadağasını dəstəklədi - Qanun

20-05-2015, 17:54           
Sənətçilər MM-in kino qadağasını dəstəklədi - Qanun
Milli Məclisdə yeni qanun layihəsi təsdiq edilib. Yeni qanun layihəsinə əsasən, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilib.

Axar.az sənət adamlarından bu qadağanın hazırda irəliləyiş dövrünü yaşayan kino sahəsinin inkişafına necə təsir edəcəyi barədə fikirlərini öyrənib.

Əməkdar aktyor İlqar Cahangir hazırkı filmlərin əksəriyyətində reklamların həddindən artıq olduğunu deyərək qadağanın tərəfdarı olduğunu bildirib:

“Qanun layihəsi ilə tam tanış deyiləm. Sadəcə, bunları demək istəyirəm ki, reklamdan normal qaydada istifadə edərlərsə, hər hansı məhsulun reklamı niyə də olmasın? Amma bizdə bir az ağını çıxarmışdılar deyə, elə yığışdırılsa yaxşıdır. Dünya kinosunda da, Hollivud filmlərinin əksəriyyətində də reklamlardan istifadə olunur, sadəcə, onlar reklamı kobud şəkildə qabardaraq etmirlər, məsələn, filmdə avtomobil yanacaqdoldurma məntəqəsinə gəlir və arxada məntəqənin adı görünür, hansısa kafedə, restoranda oturub yemək yeyəndə hansısa firmanın şirələrindən içirlər, bu da olur reklam, yoxsa ər arvada "dur get filan kolbasadan gətir yeyək" demir. Reklamlar ssenaridə qabarıq şəkildə nəzərə çarpmayacaq şəkildə olmalıdır, elə olmasa, qadağan eləsələr yaxşıdır”.

Kinorejissor Tahir Tahirov bu qadağanın sadəcə texniki məsələ olduğunu bildirib: “Kino və teatrın bədii həllinin yüksəlməsinə və inkişafına heç bir aidiyyəti yoxdur. Bu, sadəcə texniki məsələdir. Buna da ən yaxşı halda tamaşaçı sevinə bilər”.

Şairə Sevinc Elsevər bu qadağanın nə iqtisadiyyata, nə də kino biznesinə xeyir gətirməyəcəyi qənaətindədir:

“Dövlətdən pul alıb kino çəkə bilənlərin sayı barmaqla göstərilir. Rejissor var ki, ömrünün sonunadək nazirlikdən ona film verilməsini gözləyə-gözləyə keçirir. Gənc rejissorlara gəlincə, onların bir çoxuna etimad göstərilmir. Bu gənclər də gedib kənardan sponsor tapıb film çəkirdilər. Həmin sponsorları da əlbəttə reklam eləməlidirlər. Bu qərar o deməkdir ki, dövlət nəzarətindən kənarda heç kim film çəkə bilməsin! Həm iqtisadiyyata, həm də kino biznesinə xeyir gətirməyəcək bir qərardır”.

Teatrşünas, kino tənqidçi Aliyə Dadaşova da bu qadağadan razı qalanlardandır:

“Əgər bu, kinoteatrlara aiddirsə, yerində qadağan edilib. Pul verib filmə gələn adam niyə reklam izləməlidir ki?! Eləcə də teatrlarda. Filmin nümayişi zamanı belə qadağa normaldır. Onsuz da bizdə tamaşa zamanı hansısa reklam olmur, teatr reklam yerləşdirənlər üçün o dərəcədə maraqlı deyil, kinoteatrlarda anonslar və reklamlar nümayişdən əvvəl olur. Bədii məhsulun içində gizli reklam ola bilir, məsələn, qəhrəman hansısa markadan istifadə edir. Filmin maliyyələşdirən şirkətin hansısa markası gizlicə reklam olunur. Bu da normaldır, bizdə kommersiya kinosu yeni dirçəlir, gizli reklamı hardasa qəbul etmək olar. Amma bir daha deyirəm, kinoteatrda film nümayişində açıq reklamları qəbulolunmaz hesab edirəm. Bunun kinonun dirçəlməsinə aidiyyəti yoxdur. TV-ni deyə bilmərəm, məncə, bu qadağada TV nəzərdə tutulmayıb”.

Hazırda İTV-də çalışan gənc rejissor Röyal Əliyev filmlərdə reklamların açıq şəkildə göstərilməsinin yolverilməz olduğunu vurğulayıb: “Dünya kinosunda filmlərdə reklamların qaydası var; gizli reklamlar! Açıq şəkildə, birbaşa kadrlar heç vaxt reklam olunmayıb. “Hörümçək adam” filmində uzaqda Koka-kola, hansısa filmdə qəza səhnəsində, saniyənin mində birində hansısa şirkətin adı və s.. Bunlar qəbul olunan şeylərdir. Ancaq filmdə açıq reklam yolverilməzdir. Kimsə reklam çəkmək istəyirsə, getsin reklamını çəksin. Bu tərəfdən yanaşanda qadağa ilə birmənalı olaraq razıyam”.

Rejissor, aktyor Elvin Adıgözəl qanunun qəbuluna belə münasibət bildirib: “Bütün dünyada demək olar ki, bir çox çəkilən filmlərdə gizli məhsul reklamı var. Bu da prodüserin film üçün əlavə pul almasına şərait yaradır. Azərbaycan seriallarındakı, ya da hazırda kinoteatrda gedən bəzi filmlərdəki kimi gizli məhsul reklamı zamanı da aktyor, “gəlin filan sokdan içək”, demir. Bu məhsulun sadəcə arxa fonda görüntüsü, ya da kiminsə o məhsuldan istifadə etməsi görünür. Misal olaraq Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda” , Amat Eskalantenin “Heli” filmlərində Koka-kola məhsulunun gizli reklamı var. Ola bilər ki, bəzən məkanın həqiqətini göstərmək üçün o məhsulun adı görünsün, amma film üçün heç bir məbləğ alınmasın. Nəticə olaraq normal büdcəsi olan filmlərdə əlavə olaraq pul almaq üçün gizli məhsul reklamını mən bəyənmirəm. Amma elə filmlər var ki, onlara dövlət, şirkət və prodakşn dəstəyi yoxdur. Prodüser məcburi şəkildə gizli reklama əl atır. Teatrlarda isə oyun vaxtı belə bir reklam görməmişəm. Amma tamaşa və kinofilmlərin afişində əlbəttə ki, maddi və informasiya dəstəyi göstərənlərin reklamı olur. Nəticə olaraq Azərbaycanda belə bir qanunun qüvvəyə minməsi doğru deyil. Çünki Azərbaycanda azad kino, azad tamaşa anlayışı yeni formalaşmağa başlayır. Hər kəs dövlət, şirkət hesabına iş görmür. Kino, teatr isə ölkənin güzgüsüdür. Əksinə, dövlət xarici film və teatr fondlarına qapı açmalı, Azərbaycanda dünyaya çıxacaq azad sənətçilərin yetişməsinə şərait yaratmalıdır”.

Rejissor və yazar Şahin Xəlil bu qadağanı dəstəklədiyini söyləyib: “Kinoteatrlarda reklam olurdu. Ora qadağa ola bilər. Teatr məsələsini anlamadım. Amma TV-dən söhbət gedirsə, dəstəkləyirəm. İnkişafa təsiri isə bir qədər şübhəli məsələdir. Çünki yeni istehsal olunan yerli film və ya tamaşalar TV-lərdə demək olar ki, nümayiş olunmur. Azərbaycanda xarici tamaşalar ümumiyyətlə nəinki TV-də, heç internetdə də izlənilmir. Xarici filmlərə aiddirsə, bu qanun, yerli istehsala nə qədər təsir edə biləcək ki? "Yeddi oğul istərəm" filminə ac qarına 100 dəfə baxmış, hər sözünü əzbər bilən insanlar üçün reklamın olub- olmamasının elə bir əhəmiyyəti yoxdur. Bu, inkişaf üçün atılmış ən son addımlardan biri olar. Ona qədər düzələsi çoxlu məsələ var”.

ÖZ film şirkətinin direktoru, rejissor Fehruz Şəmiyev bu qanunun ancaq TV-lərə aid edilə biləcəyini deyib:

“Kinoteatrda nümayiş zamanı reklamın qarşısını dövlət və qanun qadağan edə bilməz, bu qanun ola bilsin ki, TV-lərdə nümayiş olunan filmlərə aiddir. TV-də nümayiş zamanı da məhsulların üstünün müəyyən variantlarla örtülməsi normaldır. Çünki TV-də bir növ həmin məhsulu reklam etmiş olur. Amma kinoteatr qapalı məkandır və geniş ictimaiyyət üçün yox, yalnız bilet alıb izləyənlər həmin məhsulu görə bilir. TV-də nümayiş olunan filmdə məhsulun hansısa qəhrəman tərəfindən istifadəsi reklam sayılmalıdır. Bu məhsul “placement” adlanır. Bu bütün dünyada var, amma ölkəmizdə TV reklam bazarında özbaşınalıq o qədərdir ki, onların qarşısını daha kəskin üsullarla almaq lazımdır. Məsələ burasındadır ki, film əvvəlcə kinoteatrda çıxmalıdır. Sonra da TV-də nümayiş olunmalıdır. Bu baxımdan qanun yerli film istehsalına müəyyən qədər mənfi təsir edəcək. Amma bu təsirin müsbət tərəfi də budur ki, film istehsalçıları arasında filmin TV-də nümayişinə maraqlı olan müəyyən insanlar var. Həmin insanlar şirkətlərdə keyfiyyətə, maraqlı filmə görə yox, məhz TV-də nümayiş olunacağı şərti ilə pul alırlar. Məncə, bu qanun bir tərəfdən də həmin yalançı kinematoqrafçıların bazarına təsir edəcək”.

Rejissor Yaşar Əhmədov bu qərarın verilmə ehtiyacının nədən yarandığını bilmədiyini qeyd edib: “Hәr halda filmin nümayişi başlamadan öncә yayımlanan reklam çarxlarını nәzәrdә tuturlar. Sәhv etmirәmsә, orda reklam yerlәşdirmәk sırf kinoteatra mәxsusdur, yəni filmin müәllifi vә ya filmin sponsorunun reklamı yayımlanmır. Amma istәnilәn halda indiki dövrdә kinoya dәstәyi olacaq hәr hansı bir reklam, sponsorluq sahəsini inkişaf etdirmәk lazımdır. Buna kinoteatrlar da daxildir”.


Bir müddətdir sənətdən uzaq düşən rejissor Elcan Məmmədov isə belə deyib: “Kinofilmlərin gedişində reklamın verilib-verilməməsi bir az mübahisə oluna bilər, amma açığı teatr tamaşasının gedişində (ilk dəfədir ki, bu haqda eşidirəm açığı) reklam yerləşdirmək, məncə, absurddur”.

Uzun müddətdir TV-də çalışan, aparıcı və yazar Azər Qismət reklamların normal olduğunu vurğulayıb: ”Əgər kinoteatrlarda nümayiş etdirilən filmlərdən öncəki reklamlardan söhbət gedirsə, hələ sovet vaxtında da bu mövcud idi. Buna jurnal deyirlər. Bir məsəl də o vaxtdan yaranıb: “Bu, hələ jurnaldir, kino qabaqdadir”. Düşünürəm ki, film nümayişindən əvvəl reklamların ləğvi düzgün deyil. Əksinə, ideyanın əhəmiyyəti ondan ibarətdir ki, kinoteatrlar gəlir əldə edib bazar iqtisadiyyatına uyğun özlərini dolandırırlar. 5 dəqiqəlik jurnal heç bir tamaşaçıya narahatlıq yaratmaz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.