Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran

16-04-2024, 00:08           
Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran
"Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim instaqram hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan.

Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə.. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim".

Bu sözləri aparıcı Ceyran Rəhimova "O üz" verilişində qonaq olarkən deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətlərdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:

"Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxartmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar".

C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:

"Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da onların öhtəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını . Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir".

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.

Aparıcının bir müddət əvvəl bacısı vəfat edib. (Axşam.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.