“Hacı İsmayılov bir müddətdən sonra yerini Mehriban Ələkbərzadəyə verəcək” - Teatr Xadimləri İttifaqının qurultayı keçirilir
22-07-2024, 17:29
Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə hazırda Teatr Xadimləri İttifaqında mətbuata qapalı qurultay keçirilir. Qurultayın keçirilməsində əsas məqsəd sədrin seçilməsidir.
Etibarlı mənbənin bildirdiyinə görə sənətçilər xalq artisti, 80 yaşlı Hacı İsmayılovu ittifaqa sədr seçmək üçün toplaşıblar. Mənbə həm də onu bildirib ki, Hacı İsmayılov bu vəzifədə müvəqqəti olacaq:
“Belə ki, bir müddətdən sonra o yaş həddi ilə bağlı istefa verəcək və yerinə Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə” keçəcək.
Mənbənin bildirdiyinə görə qurultayın vaxtının 22 iyul seçiməsi də təsadüfi deyil. Belə ki, ölkə teatrlarının hər biri 15 iyuldan etibarən mövsümü bağlı elan edib. Sənətkarların çoxu tətildədir, qurultaya isə həddindən artıq az sənətkar dəvət olunub. Onların əksəriyyətini də nümayəndə heyəti kimi dəvət ediblər ki, səsvermə hüquqlarından istifadə edə bilməsin. İdarə heyətində çox az adam təmsil olunur. Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nuru nümayəndə kimi dəvət ediblər. Onların nə danışmağa, nə də səs verməyə ixtiyarları yoxdur.
Qeyd edək ki, Teatr Xadimləri İttifaqının sədri xalq artisti Azər Paşa Nemətov idi. O dünyasını dəyişəndən sonra ittifaqda sədrin səlahiyyətlərinin icra edilməsi müvəqqəti olaraq Hacı İsmayılova tapşırılıb. İttifaqda sədr postuna görə dəfələrlə qalmaqallar, intriqalar baş verib. Bunun nəticəsi olaraq bir çox sənətkarlar ittifaqı öz ərizələri ilə tərk ediblər.
Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.