“Ağına-bozuna baxmadan bəzi adamlar haqqımızda qarayaxma ilə məşğuldurlar...”
12-09-2018, 11:52
Sentyabrın 19-da Azərbaycan Opera və Balet Tetrında “Leyli və Məcnun” tamaşası oynanılacaq. Məcnun rolunda Elnur Zeynalov, Leyli rolunda Rəvanə Əmiraslanlı çıxış edəcək. Elanda isə xalq artistləri Mənsub İbrahimovla, Nəzakət Teymurovanın “Leyli və Məcnun” rolunda olan fotosu paylaşılıb. Sosial şəbəkə istifadəçiləri isə yalnış olaraq fotonu paylaşaraq, hər iki sənətkarın yenə də “Leyli və Məcnun”u oynadığını, gənclərə yer vermədiklərini bildirirək onları qınayıblar.
Xalq artisti Mənsub İbrahimov Moderator.az-a açıqlamasında onu qınayan insanlara cavab verib:
““Leyli və Məcnun”u mən 140 dəfə oynamışam, amma ayın 19-da tamaşanı gənclərimiz oynayacaq. Nəzakət xanım teatrdan çıxıb və mən isə iki ildən çoxdur ki, real səhnədən uzaqlaşmışam. İldə bir və ya iki tamaşa oynayıram. Allah bizi qınayanların canını sağ eləsin. Bu gün də mən tamaşa oynayanda, biletlərin hamısı satılır. Əsas tamaşaçının istəyidir. Qaldı ki, real insanam və hər şeyin öz vaxtı var. Əsasən tamaşalarda bizim gənclərimiz iştirak edir. Ağına-bozuna baxmadan bəzi adamların bizim haqqımızda bunu yazmaları düzgün deyil.
Altı Muğam Müsabiqəsinin nəticəsində biz on yeddi nəfər gənci teatra gətirdik. Bu gün bütün baş rolları o gənclər oynayır. Onların çoxu da mənim öz tələbələrimdir. “Leyli və Məcnun”u Muğam Müsaqisənin qalibləri Elnur Zeynalovla Rəvanə Əmiraslanlı oynayacaq. Cəmiyyətimiz, reallığımız budur ki, faktı dəqiqləşdirmədən, haqqımda belə şeyləri yazırlar. Elə yazan adamlar var ki, guya gənclərə qayğı göstərirlər, amma müsabiqələrdə nə qədər istedadlı uşaqlar var, hamısını biz tapıb gətiririk. Bir sözlə, adamlar qarayaxma ilə məşğuldurlar”.