TÜRKİƏNİN ƏRƏBİSTAN ELİTALARINI XOFA SALAN PLANI:Ankara strateji Somali-Qətər-Suakin üçbucağı qurur – Araşdırma
21-05-2019, 18:25
İqor Subbotin
Nezavisimaya gazeta, 20.05.2019
Səudiyyə Ərəbistanının qərb sahili Türkiyənin əli çatan zonada ola bilər. Sudan böhranının inkişafı fonunda Fars körfəzi ölkələrinin paytaxtlarında belə bir qorxu var. Hakimiyyət dəyişikliyinə baxmayaraq, Afrika ölkəsinin bir sıra müqavilələri qüvvədədir – o cümlədən Suakin adasında (Qırmızı dəniz) qədim şəhərin bərpası haqda Ankara ilə 2017-ci il sazişi. Ərəbistan monarxiyalarında şübhə var ki, Türkiyə orada hərbi baza düzəltmək istəyir. Onlara loyal ordu gücləri türklərdən adadakı layihələri yığışdırmağı tələb edirlər.
Sudan hərbi komandanlığının Türkiyə tərəfinin 2017-ci ildə tarixi limanı bərpa etmək öhdəliyi götürdüyü Suakin adasını tərk etmək tələbinin cavabında ən yaxın həftələrdə Türkiyədən hərəkət gözləyirlər. İkitərəfli saziş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayib Ərdoğan və hələ o zaman dövlət başçısı postunu tutan Ömər əl-Bəşir tərəfindən turizm, təhlükəsizlik və müdafiə-sənaye kompleksi sahəsində işbirliyi haqda 12 sazişin içində imzalanıb. Ankarada deyiblər ki, Suakini zəvvarlar üçün məkana çevirmək istəyirlər. Orada bərpa işləri 2018-də başlanıb. Hətta türklərin taktiki müttəfiqləri – qətərlilər bu işdə onlara qoşulublar. İndi isə Sudan hərbi şurasının başçısı Əbdülfəttah Burhan deyir ki, saziş daha işləmir.
Türkiyə hələlik hər hansı hərəkət etmir və bildirir ki, adadan getməyə əsas görmür. Türkiyə XİN mətbuat katibi Hami Aksoy bildirib ki, dövlət çevrilişinə baxmayaraq, Sudan və Türkiyə tərəfləri arasındakı ikitərəfli sazişlər qüvvədədir və Türkiyənin işbirliyi və əlaqələndirmə üzrə agentliyi öz işini – Osmanlı dönəminin artefaktlarının bərpası – görməkdədir. Suakin haçansa Afrika ölkələrindən həccə yollanan müsəlman zəvvarlar üçün göndəriş məntəqəsiydi. Adanın inkişaf etmiş infrastrukturu var idi: ərazidə iqamətgahlar, gömrükxana məntəqələri, ordu obyektləri tikilimişdi. Amma o dönəmin bir çox abidəsi ya son dərəcə yıpranıb, ya da məhv edilib.
Türkiyənin adada tikdiyi liman
Ankaraya qarşı tələblər Sudandakı hakimiyyət dəyişikliyi ilə bağlıdır. Ölkə sükanının başına antiqətər dördlüyünə (Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn) yaxın adamlar keçiblər. Səudiyyə Maliyyə Nazirliyinin ölkənin Mərkəzi Bankına 250 milyon dollar yerləşdirmək üçün bu yaxındakı qərarı buna gərəksiz misaldır. Bu pul Səudiyyə Ərəbistanı və BƏƏ-nin söz verdiyi 3 milyard dollar yardımın bir hissəsidir. Krallığın maliyyə naziri Abdulla əl-Cədan bildirib ki, bu depozit Afrika ölkəsində maliyyə-iqitsadi durumu möhkəmlətməyə xidmət edir. Sudana ərzaq, yanacaq və ilkin tələbat şeyləri də tədarük etməyi planlaşdırırlar.
Bununla bağlı antiqətər dördlüyünün bölgə rəqibi Türkiyəyə Suakində layihələri yığışdırmaq tələbi təbii görünür. Amma bu tələbin dalında daha dərin xof gizlənir. Ərəbistan paytaxtlarında şübhə artmaqdadır ki, Qırımızı dənizdə birbaşa Səudiyyənin Ciddə şəhərinin qarşısında yerləşən ada Türkiyə hərbçiləri üçün qala olacaq. Cümhuriyyətin Somali və Qətərdə hərbi iştirakıyla yanaşı Suakində mümkün hərbi obyektlərlə Türkiyənin Qırmızı dənizdəki strateji üçbucağı qapanır. Bu coğrafi fiqur Ərəbistan monarxiyalarına əl vermir. Səudiyyə Ərəbistanının qərb sahilinin İranın taktiki müttəfiqi üçün dişbatan olacağı haqda düşüncə Körfəz ölkələrində hərbi və siyasi elitaları titrətməyə salır.
Qırmızı dənizin yanında yerləşən Yəmənin İranyönlü qeyri-nizami birləşmələrin (üsyançı husiləri Tehrana tabe güc kimi geniş nəzərdən keçirirlər) fəaliyyət zonası sayıldığı nəzərə alınsa, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının aparıcı ölkələri faktiki olaraq düşmən çevrəsinə düşür. Ola bilsin, Ərəbistanın güc mərkəzlərinin indi qayğısına qalmalı olduğu başlıca məsələ Amerikanın güclənən sanklsiyaları və Fars körfəzi bölgəsində Amerika iştirakının cəmləşməsi fonunda İranın nəyə hazırlaşdığı deyil. Güclü təşviş doğurmalı olan məsələ İranın taktiki müttəfiqlərinin Səudiyyə sahilərinin yaxınlığında gizlicə nə etdiyidir.
Türklərin bərpa apardıqalrı abidə
“Qırmızı dəniz bir neçə ildir müxtəlif dövlətlərin sərt geopolitik qarşıdurma səhnəsidir, – Rusiyanın beynəlxalq məsələlər üzrə Şurasının eksperti Anton Mardasov “NG”-yə deyib. – Türkiyə Ərdoğanın başçılığı altında özünü müsəlman dünyasının müdafiəçisi kimi göstərən bir ölkədir. Odur ki, o, özəlliklə Qətər və Somalidə bazalar qurmaq, habelə Suakinə idda edərək Məkkəyə yaxınlaşmaqla bölgədə nüfuzu möhkəmləndirərək təkcə dünya neft ticarətinin 14%-nin (1,8 trilyon dollar) həyata keçirildiyi Bab-əl-Mandəb boğazında öz təhlükəsizlik mexanizmini formalaşdırmağa qabil bölgəsəl fövqəldövlət iddialarını sərgiləmir, həm də NATO sistemində özünün özəl durumunu təsdiq edir, çünki belə bir fəaliyyət alyansın koordinat sisteminin mötərizələrindən qıraqdadır”.
Ekspertin baxışınca, Ankara özünün potensial hərbi iştirakı ilə iqtisadi iştirakı da möhkəmləndirir. “Afrikaya Türkiyə yatırımlarının səviyyəsi 6 milyard dollar dəyərləndirilir, – Mardasov qeyd edir. – Aydındır ki, belə fəaliyyət təkcə Səudiyyə Ərəbistanı, BƏƏ-yə deyil, Sudanla “Həlaib üçbucağı” üzrə ərazi mübahisəsi olan Misirə və İrana da çətin ki xoş gəlsin. Buna görə də istisna deyil ki, xarici oyunçular Ankaranın ölkədə iştirakına qarşı düşmən daxili oyunçular vasitəsilə Türkiyənin Sudanda möhkəmlənməsinə yol verməməyə çalışırlar. BƏƏ Yəmən böhranından və mədəni inkişaf bəhanəsindən yararlanaraq bölgədə, o cümlədən Somalidə eşelonlaşdırılmış bazalar sistemi yaradır – Türkiyə obyektinin lap yaxınlığında. Səudiyyə Ərəbistanı isə Qırmızı dənizdə iştirakı artırmaq və Yəməndə hərbi münaqişəyə qatılmaq yolu ilə Süveyş kanalına qədər öz təsir zonasını genişləndirməyə çalışır”.
Tərcümə Strateq.az-ındır.