ABŞ və Türkiyə birgə işçi qrupu yaradır - "S-400" problemi müzakirəyə çıxarılacaq

30-12-2020, 20:37           
ABŞ və Türkiyə birgə işçi qrupu yaradır -
Türkiyə və Birləşmiş Ştatlar sanksiyalar məsələsi üzrə birgə işçi qrup yaratmaqla bağlı danışıqlar aparırlar. Söhbət Ankaranın Rusiyadan raketdən müdafiə sistemi almasına görə Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan gedir. Bu barədə açıqlamanı dekabrın 30-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

Çavuşoğlu ilsonu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib ki, Türkiyə yeni seçilmiş prezident Co Bayden administrasiyası dövründə Birləşmiş Ştatlarla daha sağlam münasibətlər qurmaq istəyir.

Bu ayın əvvəlində ABŞ Türkiyəyə "S-400" sistemlərinə görə sanksiya tətbiq edib. Rusiyanın təsirini önləmək məqsədi güdən CAATSA qanunundan ilk dəfə ABŞ-ın müttəfiqinin cəzalandırılması üçün istifadə olunub.

Sanksiyalar Türkiyə Prezidentliyinin Müdafiə Sənayesini, prezidentliyin başçısını və daha üç aparıcı məmuru hədəfə alıb. Həmçinin ekspert lisenziyaları, agentliyə kreditlər ayrılmasına qadağa qoyulub.

İki müttəfiq arasında xeyli sayda mübahisəli məsələlər var – Türkiyədə Amerika vətəndaşları və yerli konsulluq əməkdaşlarının həbsindən tutmuş, ABŞ-ın Suriyada Türkiyənin terrorçu hesab etdiyi kürd döyüşçüləri dəstəkləməsinə qədər. Bundan başqa Ankara ABŞ-da yaşayan ilahiyyatçı Fətulla Güləni 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır.

Birləşmiş Ştatlarsanksiyalardan öncəTürkiyəni özününF-35 qırıcı təyyarəproqramından çıxarıb, Rusiyatexnologiyasınınbutəyyarələrətəhdidyaratdığını deyib. Vaşinqton S-400-lərin NATO sistemlərinə uyğun olmadığını bildirir.

“2020-ci ildə Birləşmiş Ştatlarla münasibətlərimizə mövcud problemlər kölgə saldı. 2021-ci ildə yeni administrasiya iləəlaqələrimizi daha sağlam şəkildə qurmağa, mövcud problemləri yoluna qoymağa hazırıq”, – Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, işçi qrup yaratmaq təklifi ABŞ tərəfdən gəlib, artıq qrupun yaradılması üzrə texniki danışıqlar başlanıb. Çavuşoğlu ayın əvvəlində deyirdi ki, Türkiyə sanksiyalara qarşı cavab tədbirlərini nəzərdən keçirir. (azadliq.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.