Türkiyənin “üsyançı 104 admiral” gündəmi: Gecə baş verənin gündüz izahı

13-04-2021, 00:09           
Türkiyənin “üsyançı 104 admiral” gündəmi:
Mehmet Perinçək: “Bu, dövlət çevrilişinə cəhd deyil, lakin milli maraqlarımıza ziddir”
Ötən həftə Türkiyə siyasi gündəminin əsas məsələlərindən biri ölkənin istefada olan admirallarının siyasi bəyanatı oldu. Türkiyə Ordusunun təqaüddə olan 104 admiralının birgə yaydığı bəyanatda onlar Montrö (ya da Montre) Konvensiyasını Türkiyənin zamanında diplomatik qələbəsi adlandırırlar. İstefada olan admirallar hesab edirlər ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib.



Bununla yanaşı, admirallar hesab edirlər ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “Kanal İstanbul” layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.



Xatırladaq ki, Montrö Konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və keçmiş Yuqoslaviya imzalayıb.



Türkiyənin dövlət qurumları və rəsmiləri admiralların sözügedən bəyanatını siyasi adlandıraraq, bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da istefada olan admiralların belə bəyanatla çıxış etməsinin yolverilməz olduğunu bildirib.



“Gecəyarısı verilən bu etiraz bəyanatı tamamilə pisniyyətlidir. Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmamışıq", - deyə Ərdoğan qeyd edib.



Prezident deyib ki, admiralların birgə bəyanat yayması ifadə azadlığı hüququndan istifadə hesab oluna bilməz: "Müzakirənin səbəbi heç bir halda ifadə azadlığı ilə bağlı məsələ deyil. Bəyanatda yazılanların bir qismi müxtəlif səviyyələrdə dilə gətirilib. Onlardan heç biri barəsində açıqlamalarına görə hər hansı istintaq hərəkəti aparılmayıb. Ancaq 104 ehtiyatda olan admiralın gecə yarısı belə bir addım atması qətiyyətn qəbuledilməzdir".



Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran türkiyəli politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun tədqiqatçısı Mehmet Perinçək ilk olaraq onu deyib ki, təqaüddə olan admiralların bəyanatı Türkiyə Konstitusiyasında təsbit edilmiş azad söz haqqına uyğundur: “Yəni 104 ehtiyatda olan generalın hansısa bəyanat verməsində bir qəbahət görmürəm”.

Image result for Mehmet perincek

Politoloq hesab edir ki, admiralların belə bəyanat verməsinin dövlət çevrilişinə cəhd olmadığı da ortadadır: “Çünki onlar Türkiyə Ordusunun içərisində deyillər, Silahlı Qüvvələrlə hansısa rəsmi bağları yoxdur. Təbii ki, araşdırmalar aparılacaq və onların içərisində pis niyyətlisi varsa, ortaya çıxarılacaq”.



“Amma onu qeyd etmək lazımdır ki, sözügedən bəyanat Türkiyənin milli maraqlarına ziddir. Türkiyə bu gün Suriyada, Şərqi Aralıq dənizində, Liviyada, ABŞ təhdidi ilə qarşı-qarşıyadır. Türkiyə Ordusu hazırda Suriyada ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları ilə müharibə aparmaqdadır. Şərqi Aralıq dənizində Türkiyənin qarşısında ABŞ, Yunanıstan, Cənubi Kipr, İsrail, Fransa kimi ölkələrdən ibarət bir cəbhə var. Bu gün Türkiyə Hərbi Dəniz Qüvvələri burada ölkəmizin və bölgənin maraqlarını müdafiə etməkdədir. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin çox önəmli dəstəyi var. Əslində, Türkiyə Cənubi Qafqazda da “Sorosun uşaqları” adlandırılan, ABŞ tərəfindən dəstəklənən Ermənistanla qarşı-qarşıyadır”, - deyə politoloq bildirib.



“Bütün bunları nəzərə alsaq, təqaüddə olan admiralların bəyanatında həqiqi təhdidə qarşı etiraz yoxdur. Sənədin mətnində ABŞ-a qarşı bircə cümlə görünmür. Həmçinin bəyanatda Türkiyə Ordusunun uğurları haqqında hansısa fikir bildirilmir. Normalda isə 104 ehtiyatda olan zabitin hazırda cəbhələrdə olan həmkarlarını, döyüş dostlarını dəstəkləmələri lazım idi”, - deyə Perinçək əlavə edib.



Onun sözlərinə görə, admiralların bəyanatında haqqında bəhs edilən Montrö Konvensiyası ilə bağlı məsələ də həqiqətə uyğun deyil: “Türkiyənin nə Montrö Konvensiyasından çıxmaq niyyəti var, nə də “Kanal İstanbul” layihəsi bu Konvensiyadan çıxmağı nəzərdə tutur. Mən şəxsən müxtəlif səbəblərdən “Kanal İstanbul” layihəsinə qarşıyam, amma bu layihə Montrö Konvensiyasından çıxışda hansısa rol oynamır”.



Analitik vurğulayıb ki, Montrö məsələsi üzərindən belə bir bəyanatın verilməsi Türkiyə-Rusiya münasibətlərinə zərər verə bilər: “Onu da qeyd edim ki, hazırda Ukraynadakı gərginlik səbəbindən, Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək istəyən qüvvələr var. Belə bir dönəmdə generalların bəyanatında Montrö Konvensiyasından bəhs edilməsi Rusiyada Türkiyəyə yönəlik şübhələri artırır. Təbii ki, 104 istefada olan zabitin içərisində Türkiyə-Rusiya münasibətlərinə önəm verən, münasibətlərin inkişafını dəstəkləyənlər var. Ancaq belə bir bəyanatla münasibətlərin pisləşməsinə xidmət etdilər”.



“Rusiyada belə iddialara yol açıldı ki, Türkiyə boğazı Rusiya gəmiləri üçün bağlayacaq, ABŞ gəmiləri üçün açacaq və s. Bu, əlbəttə, Türkiyə ilə Rusiyanın Qara dənizdə, Şərqi Aralıq dənizində, Cənubi Qafqazdakı əməkdaşlığına mənfi təsir göstərə bilər. Ona görə də generalların bəyanatını məsuliyyətsizlik kimi qiymətləndirmək olar”, - deyə müsahibimiz fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.