Davudoğlunun söylədiyi həqiqət-rəsmi Bakı məqsədli susur
17-02-2016, 09:45
“Rəsmi Bakı Rusiya ilə münasibətlər gərginləşməsin deyə...”
Daim Azərbaycanın yanında olan Ankaranın növbəti dəfə prinsipiallıq nümayiş etdirməsi, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ukraynada işğal olunmuş Qarabağdan bəhs etməsi gündəmin baş mövzularındandır.
Kiyevdə həmkarı Arseni Yetsenyukla birlikdə mətbuat konfransında çıxış edən cənab Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb. Bu zaman isə “Hazırda Rusiya 3 ölkədə işğalçı durumundadır - Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib”-söyləyib. Bəlli səbəblərdən Ukraynanın ərazilərinin qəsbinə daha geniş yer ayıran baş nazirin Qarabağın işğalında Rusiya faktorunun olmasını açıqlaması əslində Türkiyə siyasətində yenilikdir.
İndiyə qədər buna bənzər bəyanatlar digərləri tərəfindən səslənib. Məsələn, keçən il Almaniyanın kansleri A.Merkel Ermənistanın atəşkəsi pozmasının arxasında Rusiya faktorunun dayandığını xüsusi vurğulamışdı. Türkiyə bir qayda olaraq Rusiya ilə münasibətlərə xələl gətirəcək açıqlamalardan yayınırdı, ancaq artıq pərdələr götürülüb və Ankara da müasir dövrün həqiqətlərini uca səslə dilə gətirməyə başlayıb.
Son günlər Qarabağ müharibəsinin alovlana biləcəyi, yaxud Rusiyanın Suriyanın ardınca Qarabağda da savaşa başlayacağı barədə xəbərlərin yayılması fonunda Ə.Davudoğlunun belə bir mövqe sərgiləməsi qarşıdakı təhlükələrin anonsu da sayılır. Ancaq fərqli fikirlər də var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Qarabağ məsələsinin Türkiyənin xarici siyasət gündəliyində ön yerdə olması yeni hadisə deyil: “Lakin indiki gerçəklikdə Davudoğulunun Rusiya ilə siyasi qarşıdurmada Cənubi Qafqazdakı problemləri dilə gətirməsinin özəl səbəbləri var. Ankara-Moskva arasında Suriyanın gələcəyinə dair kəskin ziddiyyətləri çözmək mümkün olmadı. İndi söhbət təkcə Bəşər Əsədin hakimiyyətdə qalmasından getmir. Qərb aktiv bir şəkildə Rusiyanı müxtəlif hərbi və iqtisadi zərbələrə məruz qoymaq üçün ixtilafları dərinləşdirmək xəttini yürüdür və ən başılıcası, öz əli ilə deyil, başqa dövlətləri səngərə çevirməklə oyun aparmır. Təəssüf ki, Türkiyə bu baxımdan hazırda daha çox vurulur. Söhbət Suriyadakı PYD qüvvələrinin hər cür maliyyə və silah yardımı almasından, ”Kürdüstan" amilinin Türkiyənin ərazi bötüövlüyü əleyhinə istifadəsindən və Rusiya ilə toqquşmada hələ ki meydanda tək qalmasından gedir. Ona görə də Davudoğlunun Kiyevdə Krım və Qarabağ ətrafında xüsusi mesajlarla Kremlin üzərinə yeriməyi üstün tutması çoxlarına tarixi paraleldə düşünməyə vadar etdi ki, əcəba, Türkiyə ötən əsrin əvvəllərində olduğu kimi Azərbaycan məsələsini bolşevik və ya Yeltsin Rusiyası ilə toqquşmalarda aralıq vəsilə kimi istifadəmi etmək istəyir? Hər halda, gəlin razılaşaq ki, Cənubi Qafqazda Rusiya əleyhinə cəbhə açmaq indi bizim xeyrimizə deyil. Ona görə ölkə başçısının sabah sayın Ərdoğanla Gəncədə Moskva-Ankara arasında barışının missiyasını öz üzərinə götürəcəyinə əminəm".
Z.Oruca görə, unutmaq olmaz ki, nə Krım cəbhəsində, nə də Qarabağda Qərb Türkiyəyə rusları hərbi cəhətdən əzməyə kömək etməyəcək: “Kerrinin ”ruslarla savaşmağımızımı istəyirsiz" bəyatının nə demək olduğunu başa düşməyənlər azdır. Amerika Rusiyanın Suriyadakı mövcudluq faktını tanıyırsa, onda nə abxazları, nə də azərbaycanlıları yenidən anti-Rusiya cəbhəsinə qoşub müharibə üçün qaldırmaq olmaz. Biz bütün hallarda qardaş ölkə ilə eyni səngərdəyik. Lakin indi bizim müharibəmizi aparanlar yoxdur. Bütün Ermənistan boyu toplanan rus silahları bizim düşmənləri türk zərbəsindən qoruyur. Sayı 79 minə yaxın olan 58-ci ordu da Şimali Qafqazda komanda gözləyir. Ona görə biz Türkiyə-Rusiya müharibəsinin gələcəyində Qarabağın nicatını axtaranlarla eyni fikri bölüşmürük. Halbuki cəmi bir il öncə iki ölkənin strateji ortaqlığı bizə imkan vermişdi ki, az qala Putin Türkiyə ilə birgə 5 rayonumuzun qaytarılması əmrini imzalayacaqdı. Nə qədər inanılmaz görünsə də fakt budur. Avrasiya məkanında iki keçmiş imperiya dövlətinin qovğası bizim maraqlarımıza uyğun deyil".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya təhlükəsi Azərbaycan üçün həmişə var: “Əlbəttə, biz Rusiya ilə normal qonşuluq münasibətlərinin tərəfdarıyıq, qonşu ölkəni qıcıqlandıran addımlardan çəkinirik. Ancaq bu dövlətin hazırkı siyasəti quruculuğa yox, dağıdıcılığa yönəlib. Sanki qonşu dövlətləri zəiflətmək üçün fürsət axtarırlar. Əvvəlcə Gürcüstanı parçaladılar, sonra keçdilər qardaş adlandırdıqları Ukraynaya, indi də ”terrorçuları vururuq" bəhanəsi ilə Suriyada Əsəd hakimiyyətini gücləndirməklə məşğuldurdur, arada bombaları mülki insanları da öldürür. Ermənistanı da ona görə silahlandırır ki, Türkiyə və Azərbaycan qarşısında aciz və gücsüz olmasın. Hətta fərz etsək belə, Ermənistanın hazırkı hakimiyyəti qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır, Kreml buna imkan verməz. Çünki Kreml Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə Azərbaycanın əsas problemindən qurtulmasını və möhkəmlənməsini istəmir".
E.Şahinoğlu dedi ki, böyük ehtimalla rəsmi Bakı bu açıqlamanı nə təsdiq, nə də təkzib edəcək: "Təsdiq həqiqəti söyləməklə yanaşı, Rusiyaya meydan oxumaq, təkzib isə Rusiyanın torpaqlarımızın işğalında heç bir rol oynamadığını deməklə Davudoğlunu yalançı çıxarmaqdır ki, bu da Ankara ilə münasibətlərin soyuması deməkdir. Əslində Davudoğlu rəsmilərimizin Rusiya ilə bağlı qapılar arxasında söylədiyini açıq deyib. İki gün sonra Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Gəncəyə gələcək, eyni fikri onun da Azərbaycanda söyləyəcəyi istisna deyil. Aydındır ki, rəsmi Bakı Rusiya ilə münasibətlər gərginləşməsin deyə, Dağlıq Qarabağın işğalında Rusiyanın adını hallandırmaqdan çəkinir. Ancaq rəsmilərimiz özləri də etiraf edir ki, Ermənistan təkbaşına torpaqlarımızı işğal edə bilməzdi. Demək, hansısa məqamda Davudoğlunun açıqlamasına reaksiya vermək də lazım gələ bilər. Azərbaycan rəsmiləri torpaqlarımızın işğalında Rusiyanın adını çəkə bilmirlərsə, heç olmazsa “Rusiya istəsə Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər” ifadəsini işlədə bilərlər".musavat.com/