“Sərhədlərimizdə yeni bir Kandilin yaranmasına imkan verməyəcəyik” - Ərdoğan
17-02-2016, 20:08
“Cənub sərhədlərimizdə yeni bir Kandilin yaranmasına əsla imkan verməyəcəyik”.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşdə çıxış edərkən deyib. (Xatırladaq ki, PKK terror təşkilatının qərargahı İraqın şimalındakı Kandil dağında yerləşir.)
R. T. Ərdoğan bildirib ki, PYD terror təşkilatının Hələbin şimalında atdığı provokativ addımların qarşısı alınacaq: “Bölgədə Türkiyənin maraqlarına qarşı hər hansı durumun yaranmasına səssiz qalmayacağıq. Biz terror təşkilatının Suriya qolunun siyasətini digər ölkələr kimi uzaqdan izləmə lüksünə sahib deyilik. Suriya məsələsində Türkiyə özünümüdafiə mövqeyindədir, yəni atdığımız hər addım legitimdir. Bu həssaslığımızı anlamayan və ya buna hörmət etməyən hər kəs bu və ya digər şəkildə əvəzini ödəyəcək. Türkiyə ona qarşı yönəlmiş silahlar qarşısında geri çəkiləcək və ya təslim olacaq bir ölkə deyil. Əgər kimdəsə Türkiyənin səbrinin hüdudunu sınamaq niyyəti varsa, bilsinlər ki, həmin səbrin sonuna gəlmişik”.
Türkiyə prezidenti bəyan edib ki, Suriya məsələsinin həlli ilə bağlı tezliklə konsensus əldə olunmalıdır, əks halda Qərb ölkələri qaçqın dalğasının qarşısını ala bilməyəcək. O, Suriyada uçuşa yasaq zona yaradılmasına razı olmayan ABŞ-ı bir daha tənqid edib: “Amma baxın, orada rus hərbi təyyarələri istədiyi kimi hərəkət edir, on minlərlə məzlum insan ölür. Biz axı koalisiya qüvvələri idik, bərabər hərəkət edəcəkdik? Hələ Türkiyəyə deyirlər ki, PYD-yə, YPG-yə qarşı top atəşlərini dayandır. Qüsura baxmayın, bizim belə düşüncəmiz yoxdur. Türkiyəyə qarşı bir mərmi atılacaqsa, bunun qarşılığı qat-qat artıq veriləcək”.