Ankara terroru: çoxdüşmənli ölkənin qara gecəsi – ŞƏRH
18-02-2016, 01:38
Dünyada belə bir qayda var: harda bir sui-qəsd, bir terror aktı baş verirsə, ilk yaranan sual “bu kimin işidir” olur. Daha sonra kriminalistlər “bu kimə sərf edirdi” deyə sual qoyur, bu istiqamətdə araşdırmaya başlayırlar.
Çox təəssüf ki, Ankarada baş verən və 30-a yaxın insanın ölümünə, 60-dan artıq adamın yaralanmasına səbəb olan dəhşətli terror aktına bu prizmadan yanaşmaq mümkün deyil. Bu yolla qoyulan suala düzgün cavab tapmaq olmaz.
Ona görə ki, Türkiyəni terrorla təhdid edən qüdrətli hərbi-siyasi-kriminl dairələr bir deyil, iki deyil.
Onlardan ən əlçatanı PKK-dır. Hökumət rəhbərləri teraktın təşkilatçısı qismində yalnız bu terror təşkilatının adını elə indidən çəkə bliirlər. Eyni ittihamı terrorda əli ola biləcək qüdrətli dövlətlərə qarşı irəli sürmək mümkün deyil. Şivən qopararlar, “istintaqsız, araşdırmasız bu cür ağır ittiham irəli sürmək məsuliyyətsizlikdir” deyərlər və haqlı görünərlər.
Ancaq PKK və İŞİD-in belə bir problemi yoxdur. Bu təşkiltlar etmədikləri terror aktlarını da həvəslə öz boyunlarına götürürlər (Bir vaxtlar “Əl-Qaidə” və çeçen qruplaşmaları belə edirdi).
Burada məqsəd düşmənçilik etdikləri dairələri qorxutmaq, məğlubiyyət acısı yaşayan tərəfdarların ürəyinə su səpməkdir.
Müəllifinin kim olmasından asılı olmayaraq bu terror aktının əsas məqsədi Türkiyəni qarışdırmaq, türk xalqını qorxutmaq, onun hökumətə təzyiqini artırmaq, onu etibardan salmaq, dövlətin yeritdiyi siyasi kursu dəyişməkdir.
Türkiyə çoxdüşmənli ölkədir. Ona görə də Ankara terrorunda bir çox dövlət və təşkilatların əli ola bilər.
Ancaq başlıca gerçəklik budur ki, müasir dünyada terror yoluyla məqsədə yetmək mümkün deyil. Bu cür addımlar terrorçu dairələrə qarşı barışmaz mübarizəni gücləndirir, antiterror koalisiyalarını daha qətiyyətli edir.
Xalid Kazımlı, musavat.com