Azərbaycanlı musiqiçi Türkiyədə qonşularının qəzəbinə tuş gəldi
18-02-2016, 13:50
Türkiyədə yaşayan azərbaycanlı musiqiçi qonşularının qəzəbinə tuş gəlib. Buna səbəb isə onun heyvanlara olan sevgisidir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Mersində villa kirayələyən azərbaycanlı pianaoçu Mehriban Məmmədova küçədə tapdığı heyvanları evini yanındakı sahədə saxlayır. Bunun üçün o boş sahəni məftil tor ilə hasarlayıb.
Qadının saxladığı heyvanların əksəriyyəti itlərdir. Onların ümumi sayı isə 40-dan çoxdur. Heyvanlardan, onların səsindən narahat olan qonşular azərbaycanlı qadına bu vərdişindən əl çəkməyə çağırsalar da, nəticəyə nail ola bilməyiblər. Daha sonra onlar ev sahibinə şikayət ediblər. Bu şikayətdən sonra villanın sahibi M.Məmmədovanı evdən çıxarmağa qərara verib.
Heyvanlarından ayrılmaq istəmədiyi üçün çarə axtarmağa başlayan qadının sözlərinə görə, onların qulluğa ehtiyacları var və küçədə yaşamaq şansları yoxdur. "Ev sahibi bu zamana qədər anlayışla yanaşıb. Amma artıq şikayətçilərin sayı artıb. Onlar məndən şikayət edir, məhkəməyə verirlər. Oğrulardan narahat olurlar, amma buradakı itlər qarətçilərin gəlməsinə də mane olur. Evdən çıxmalıyam. Amma heyvanlarımı atmayacağam. Bələdiyyə mən bir yer göstərsin. Elə bir yer ki, sabah məni oradan da çıxarmasınlar. Pul-para da istəmirəm. Özüm bu heyvanlara baxa bilərəm".
Azərbaycanlı qadın yer tapa bilməsə heyvanları ilə birlikdə meşədə yaşayacağını deyib. Hələlik çarəsiz qalan, saxladığı küçə heyvanlarına "övladım" deyən pianoçu bütün xərcləri özünün çəkəcəyini deyib.