“Altay” tankı da “Bayraktar” kimi dünyaya səs salacaq vasitələrdən biri olacaq”

15-12-2021, 00:05           
“Altay” tankı da “Bayraktar” kimi dünyaya səs salacaq vasitələrdən biri olacaq”
“Atatürkün ruhunu yaşadan tank”

“Türkiyə silah bazarının əsas oyunçularından biridir”

Daha əvvəl Türkiyənin silahlanmasında mövcud olan döyüş maşınlarının əksəriyyəti xarici şirkətlər tərəfindən istehsal edilirdi, az bir hissəsi isə lisenziya ilə yerli şirkətlər tərəfindən yığılırdı. XXI əsrin əvvəllərindən isə Türkiyə sənayesi bu istiqamətdə fəaliyyətlərini sürətləndirməklə, aviasiya və zirehli vasitələrin hazırlanmasına başladı. Hazırda Türkiyənin hərbi sənaye kompleksinin təkərli və tırtıllı zirehli nəqliyyat vasitələrinə aid layihələrin əsas yaradıcısı və istehsalçıları “Otokar” və BMC şirkətləridir. Sektorda son illərdə qismən daha kiçik üç şirkət də aktiv fəaliyyətdədir. Bir neçə gün əvvəl məlum oldu ki, məhz adı çəkilən şirkətlərin sayəsində Türkiyə artıq ilk yerli “Altay” tankını seriya istehsalına da başlayıb.

Layihə müəllifi

“Altay” layihəsini inkişaf etdirən “Otokar” şirkəti daha əvvəl təkərli, sonra isə zirehli vasitələr istehsalçısı kimi tanındı. “Otokar” şirkəti İstanbulun keçmiş “Otobus Karoseri Sanayi” şirkətinin bazasında yaradılıb. 1991-ci ildən şirkət zirehli avtomobil istehsalına başladı. “Land Rover Defender” ərazi maşınlarını lisenziya ilə istehsal edən şirkət onları Türkiyə Silahlı Qüvvələrinə, müttəfiq ordulara və BMT qüvvələrinə ixrac edib. Tam ötürməli zirehli nəqliyyat vasitələrinin qabaqcıl istehsalçısı olan şirkətin rəsmi adı sonradan “Otokar Otomotiv və Savunma Sanayi” olaraq dəyişdirildi.

Altay

Türkiyənin ilk milli tankının adı, Rusiyada türklərin yaşadığı ərazilər ilə heç bir əlaqəsi yoxdur. Burada məqsəd XX yüzilliyin əvvəllərində Atatürklə çiyin-çiyinə mübarizə aparan qəhrəman türk generalı Fəxrəddin Altayın xatirəsini əbədiləşdirməkdən ibarətdir. İstiqlal döyüşlərində qəhrəmanlıq göstərən 5-ci Süvari Ordusunun Komandanı Fahrettin Altayın şərəfinə tankı “Altay” adlandırıblar. Generala Altay soyadı da Atatürk tərəfindən verilib. “Altay” tankları Türkiyənin yerli resurslarla inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır.

Hazırlanması

2007-ci ildə Milli Tank İstehsal Layihəsi (MİTÜP) çərçivəsində Türkiyənin ilk milli tank layihəsinin həyata keçirilməsi üzrə fəaliyyətlər “Otokar” şirkətinə havalə edildi. “Altay” layihəsinin texniki təminatçısı Cənubi Koreyanın “Rotem Hyundai” şirkətidir. Tankın hazırlanmasında “Otokar” və “Nyundai-Rotem”-dən başqa bir neçə şirkətin xidmətlərindən istifadə olunub. ASELSAN tank üçün “Volkan-III” tank atəşi idarəetmə sistemi ilə bərabər komanda, rabitə, xəbərdarlıq və məlumat sistemini də hazırlayıb. Şirkətin hazırladığı və tankda tətbiq edilən yeni STAMP (Sabit mexaniki silah platforması) kompleksi günün istənilən vaxtında, istənilən şəratdə hərəkətə olan tankdan hərəkətli hədəflərə qarşı dəqiq atəş açmağa inkan verən ən son texnologiyalardan hesab olunur. “Hyundai-Rotem” texnologiyasından istifadə edilərək MKEK tərəfindən hazırlan 120 mm-lik top, tankın əsas silahıdır. Tankda istifadə olunan zirehli modul paketi və tankın sursatları ROKETSAN tərəfindən istehsal edilib. Tankın dizaynı, inkişaf etdirilməsi, prototipin layihələndirilməsi, sınaq və sertifikalaşdırma mərhələlərinin tamamlanması üçün ilkin mərhələdə 500 milyon dollar ayrılmışdı. Sonradan rəqəmin iki dəfə artdığı ehtimal olunur.

Sınaqları və seriya istehsalı

Tankın iilk prototip sınaqları 2012-ci ildə tamamlanıb. Seriya istehsalı 2018-ci il üçün, silahlanmya qəbulu isə 2019-ci ilin sonunda nəzərdə tutulurdu. Mühərrik problemi ilə əlaqədar müddət baxımından seriya istehsalı bir qədər ləngidi. Layihə mərhələsində “Nyundai-Rotem” istehsalı olan XK-2 əsas döyüş tankında əldə edilən təcrübədən də istifadə edilib.
Birinci mərhələdə istehsal edilməsi planlaşdırılan 250 tankın sayı, TSK-nın ehtiyaclarını tam təmin etmək üçün sonradan arta bilər. TSQ-nin silahlanmasında olan əvvəlki nəsil tankların “Altay” ilə tam yenilənməsi gözlənilir. Seriya istehsalının təşkili üçün Sakaryanın Qarasu şəhərində istehal zonası yaradılıb. Uzunmüddətli dövrdə istehsal ediləcək tankların ümumi sayı 1000 ədədə yaxın olcağı nəzərdə tutulur. Təxminən 20 il istehsalı davam edəcək layihənin iqtisadi dəyərinin 25-30 milyard dollara çatdırılması planlaşdırılıb.

Mühərriki

Layihələndirmə mərhələsində “Altay” tanklarında Almaniya-Avstriya istehsalı “Ka 501. 883 MTU MT” markalı dizel mühərriklərindən istifadə edilməsi nəzərdə tutulsada, bu 2016-2017- ci ildə Berlin və Vyananın Ankara ilə hərbi texniki əməkdaşlığı məhdudlaşdırması səbəbindən mümkün olmadı. NATO-da Türkiyə ilə müttəfiq olan bu ölkələr mühərrik tədarükündən imtina etdilər. Belə olan vəziyyətdə seriya istehsal prosesi bir qədər ləngidi. Türkiyə Ukrayna və Rusiya ilə əməkdaşlığı üstünlük verməklə bərabər yerli tank mühərriklərinin yaradılmasına başladı. Həmişəki kimi bu dəfə də Türkiyəyə qarşı atılan addım, onun həmin sahədə daha da güclənməsi ilə nəticələndi. Türkiyə hazırda yerli mühhəriklərin istehsalında ciddi nailiyyətlər əldə edib. Bu məsələdə Ukraynanın ciddi dəstəyi müşahidə olunur.

“BMC Power” şirkətinin “Altay” tankları üçün hazırladığı yerli “Batu” adlanan mühərrikin sınaqlarının aprelin sonundan davam etdiyini, onun 1500 at gücünü təmin etdiyini, güc qurğusunun əsas elementi olan tranmissiya sistemlərinin Britaniyadan tədarük edildiyini, Ukraynanın masada olan təkliflərini nəzərə alsaq, Almaniyanın tətbiq etdiyi məhdudiyyətlər əslində Türkiyənin sənaye potensialının yüksəlməsinə səbəb oldu. Eyni addımı Vətən mühəribəsi zamanı Kanada da atmışdı və “Bayraktar”lar üçün optik elektron avadanlıqların təchizatını dayandımışdı. Lakin bu addımlar nəinki Türkiyəyə nəinki təsir etmədi, əksinə yerli və milli sənayeyə əlavə təkan verdi.

1-ci və 2-ci mərhələdə istehsal olunacaq tanklar 1500 a.g, 3-cü və 4-cü mərhələdə isə 1800 a.g malik mühərriklərlə təmin ediləcək. 60 tonluq ağır tank maksimum 90 km/saat sürət toplaya biləcək.

Ukrayna da mühərrik məsələsində Türkiyəyə birmənalı şəkildə dəstək verir. Kiyev Türkiyəyə “Altay” əsas döyüş tankında və T-155 “Fırtına” haubitsasında istifadə etmək üçün yerli istehsal 6TD-2 və 6TD-4 mühərriklərini təklif edib.

Hazırda Ukraynanın tank mühərrikləri Pakistanın “Əl-Xalid”, Tailandın “Oplot” və Ukraynanın T-84 əsas döyüş tanklarında istifadə olunur. Türkiyənin 2018-ci ildə Ukraynadan T-155 üçün mühərriklər sifariş edildiyini nəzərə alsaq, “Altay”-ın ilkin istehsal mərhələsində, ən azından yerli “Batu” mühərrikləri hazır olana qədər Kiyevdən 1500 at gücündə olan 6TD-4 mühərrikləri idxal edəcəyini istisna etmək olmaz.

Heyəti, zirehi və tankın mühafizəsi

“Altay” tankının heyəti tank komandiri, tuşlayıcı, sürücü-mexanik və doldurucudan ibarətdir. Tank 4 nəfərlik ekipaja sahibdir. Tankın heyəti kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin mövcud olduğu mühitlərdə belə vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə imkan verən və hər cür təhlükələrə qarşı onun qorunmasını təmin edən kompozit modul zirehdən istifadə edilir.
Tank üçün ROKETSAN tərəfindən hazırlanan dinamik zireh ERA adlanır. Bu zirehi partlayıcı maddələrə və tank əleyhinə raketlərə qarşı müdafiəni təmin edir. Zirehin tərkibində istifadə olunan materialın kompozit olduğu söylənilsə də, əslində hansı materiallardan istifadə edildiyi rəsmən açıqlanmır. ROKETSAN şirkətinin tankın zirehində B4C təkibli bor-karbon tərkibindən istifadə etdiyi ehtimal olunur. Tank əleyhinə raketlərdən maksimum qorunma təmin edən ERA tankı, həmçinin tandem döyüş başlıqlarından da qoruyur.

ASELSAN şirkətinin tanklar və digər növ zirehli texnikalar üçün müasir AKKOR və BULAT aktiv müdafiə sistemlərii hazırladığını və sonuncuların Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan “Leopard 2” və M60 ağır tanklarının modernləşdirilməsində istifadə edildiyini nəzərə alsaq, o zaman AKKOR-un yerli tanklarda tətbiq ediləcəyi şübhə doğurmur. AKKOR aktiv mühafizə sistemi texnika ətrafında 360 dərəcəlik “qoruyucu qalxan” yaradır. AKKOR Ukraynanın “Zaslon-L” və ASELSAN-ın daha əvvəl hazırladığı “Akkor Pulat” kompleksinin sələfi hesab olunur.

Əsas silahı və atəşi idarəetmə sistemi

Əsas silah və köməkçi silahların idarə olunması üçün yeni bir nəsil atəşi idarəetmə sisteminin tanka inteqrasiya edilməsi uğurla nəticələnib. “Altay”da əsas silah olaraq, hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vura bilən 120 mm-lik hamar lüləli topdan istifadə edilir.
Tankda standart 120 mm-lik sursatlarla bərabər lazerlə idarəolunan raketlər də istifadə oluna bilər. Tank və digər iri çaplı silahların sursatlarına alternativ olaraq yerli ROKETSAN şirkəti tərəfindən hazırlanan “Tanok” raketi “Altay” üçün də nəzərdə tutulur.

Bunu tankın əsas döyüş silahı olaraq 120 mm-lik top ilə təchiz edilməsi, “Tanok” idarəolunan mərmisinin tank ilə paralel ictimaiyyətə təqdim edilməsi ilə əlaqələndirmək mümkündür. Türkiyənin ilk milli tankının atəş sınaqlarında ROKETSAN şirkətinin hazırladığı sursatlardan, o cümlədən “Tanok” idarəolunan raketindən istifadə edildiyi də ehtimal olunur.
Hibrid versiyası

Bu ilin ilk ayında istehsalçı BMC şirkəti Türkiyənin siahlanmasında mövcud olan, aktiv qoruma və lazer xəbərdarlıq sistemləri ilə təchiz edilən “Leopard” 2A4 tankının korpusu üzərində “Altay” qülləsi quraşdırmaqla, yeni döyüş tankını ictimaiyyətə təqdim etdi. Bu tankın hibrid versiyası hesab edilir. Yəqin ki, Türkiyə əsas silahların resurslarını başa vurmasına görə Almaniya tanklarını silahlanmadan çıxarmamamq üçün “Leopard” 2A4 tankalarını yerli qüllələrlə təmin edəcək.

Taktiki texniki xüsusiyyətləri

Hazırlayan şirkətlər: “Otokar”, ASELSAN, MKEK, ROKETSAN, “Hyundai Rotem”;
Hazırlanma illəri: 2008-2012-ci illər;
İstehsalçı şirkət: BMC;
Prototip sayı: 10 ədəd;
Planlanan ümumi istehsal sayı: dörd mərhələdə cəmi 1000 ədəd;
Lülənin çapı: 120 mm;
Ekipaj: 4 nəfər (komandir, atıcı, mexanik sürücü və doldurucu);
Zirehi: ROKETSAN istehsalıdır;
Əsas silahı: MKEK istehsalı 120 mm L/55 topu;
Digər silahları: 1ədəd ASELSAN istehsalı SARP (12.7 mm iriçaplı pulemyot / 40 mm qumbaraatan);
Mühərrik: BMC istehsalı “Batu” (27300 küb.sm həcmə, 12 slindrə malik turbo dizel);
Asqısı: hidropnevmatik;
Boş kütləsi: 61700 kq -65.000 kq (konfiqurasiyaya görə dəyişəcək)
Hərəkət məsafəsi: 450 km;
Maksimum sürəti: 65 km/saat.

Nəticə

Son 20 ildə NATO müttəfiqlərinin Türkiyə ilə qeyri səmimi davranışları, Ankaranı silah, sursat və texnologiya istehsalında müstəqil olaraq özünü və həqiqi müttəfiqlərini təmin etmək istiqamətində məqsədyönlü fəaliyyətə məcbur etdi. Almaniyanın tank mühərriki və ya Kanadanın “Bayraktar”lar üçün optik elektron avadanlıqların Ankaraya ixracına tətbiq etdiyi məhdudiyyətlər, əslində Türkiyənin sənaye potensialının yüksəlməsinə səbəb oldu. Türkiyə bu məhdudiyyətlərdən nəinki təsirlənmədi, əksinə bu sanksiyalar yerli və milli sənayeyə əlavə təkan verdi.

Son illərdə müdafiə sənayesi sahəsində Türkiyənin böyük uğurlar əldə etməsini hətta rəqibləri belə etiraf edir. Beynəlxalq hərbi qurumlar və ekspertlər Türkiyə silahlarının imkanları ilə mətbuat vasitəsilə deyil, birbaşa döyüş meydanında tanış olur və Ankaranın bir çox yeni və üstün texnologiyalara malik olduğunu etiraf edirlər. “Altay” tankı ilə vəziyyət fərqli deyil. Türkiyə tankları T- 90 və “Leopard-2” kimi eyni nəsilə aid analoqlarından geri qalmayacağı şübhəsizdir. “Altay” tanklarının 2023-cü ilin əvvəlində Türkiyə ordusuna təhvil verilməsi planlaşdırılır. “Altay” tanklarına əvvəl yerli, sonra isə xarici bazarda təlabat yüksək olacaq. Qeyri-rəsmi məlumatlara görə “Altay” tankları ilə Azərbaycan, Pakistan və Qətər kimi tərəfdaş ölkələrlə bərabər Oman, Səudiyyə Ərəbistanı və bir neçə digər ərəb ölkələri yaxından maraqlanır.

Ümimilikdə götürsək, tank istehsalı çox ciddi texniki və maliyyə imkanları tələb edən uzunmüddətli prosesdir. Hazırda barmaqla sayılacaq ölkələr tank istehsal edə bilir. Milli tankın yaradılması Türkiyənin hərbi sahədə çiddi bir istehsalçıya çevrildiyini və ölkənin müdafiə sənayesinin inkişaf tempinin göstəricisi hesab olunur. Türkiyə həm pilotlu və pilotsuz aviasiya, həm də ağır zirehli vasitələri kütləvi şəkildə istehsal etməklə adını silah bazarının əsas oyunçuları siyahısına yazdıra bilib.

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının yerüstü əməliyyatlarında döyüş potensialının artırılmasında müstəsna rol oynayacaq “Altay” tankları həm də Ankaranın mütəfiqi olan ölkələrin, o cümlədən Azərbaycan və Pakistanın müdafiə qabiliyyətinin yüksəlməsində, həm də ortaq müdafiə sənayesinin güclənməsində ciddi əhəmiyyət daşıyacaq. “Altay” tankı da “Bayraktar” kimi dünyaya səs salacaq vasitələrdən biri olacaq. Türkiyənin Ukrayna T-72 tanklarının modernləşdirilməsində iştirakı və “Leopard”- “Altay” tankının hibrid versiyada istehsalında əldə etdiyi etdiyi təcrübə isə, Vətən Müharibəsində resurslarını müəyyən qədər istifadə olunan Azərbaycan tank toplarının əvəz edilməsində və ya ümumilikdə tankların modernləşdirilməsində həddən artıq yararlı ola bilər.

İstənilən halda qardaş Türkiyənin az saylı ölkənin əldə edə biləcəyi uğurlara imza atması, bizi də qürurlandırır. Türkiyənin üğüru bizim uğurumuzdur.

Hərbi ekspert Ədalət Verdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.