Türkiyədəki Dudayev parkı qalmaqalı böyüyür – Lavrovun sözçüsündən ŞOK BƏYANAT
25-12-2021, 07:53
Türkiyədə, Kocaelinin Körfəz bələdiyyəsi tərəfindən 9 ay əvvəl inşasına başlanan Dudayev adına park ötən günlərdə açılmasına Rusiyadan sərt reaksiyalar davam edir. Azmarka.az-ın məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov və Kremlin mətbuat katibi Dmitri Peskovun ardından bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova mövzu ilə bağlı kəskin açıqlamalar verib.
"Bu cür addımlar qəbuledilməzdir və ve beynəlxalq ictimaiyyət tərəfindən çox sərt şəkildə qınanılmalıdır" deyən Zaxarova əlavə edib ki, məlum heykəlin qoyulması iki ölkə liderinin böyük əmək sərf etdiyi Türkiyə – Rusiya münasibətlərinə və əməkdaşlığına ziyan vurur.
Zaxarova əlavə edib ki, Rusiya tərəfi ümid edir ki, Türkiyə hökuməti etirazları ciddi qarşılayacaq.
Xatırladaq ki, məlum heykələ ilk və həddini aşan etiraz Çeçenistanın prezidenti Ramzan Kadırovdan gəlib. Dudayevi “terrorçu” kimi qiymətləndirən Kadırov Türkiyəyə qarşı skandal bir mesaj yayımlayıb. O, qardaş ölkəni “terrorçulara arxa durmaqda” ittiham edib.
Prezident Ərdoğanı da adı ilə hədəfə alan Kadırov, açılan parka cavab olaraq “PKK lideri Abdullah Öcalanın heykəlini tikəcəyi ilə” hədələyib.
“Bizim nöqteyi-nəzərimizdən Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdulla Öcalanın adının Qroznıda əbədiləşdirilməsi kifayət qədər məntiqli və siyasi cəhətdən düzgün olardı”, - deyə Kadırov bildirib.
Bunun ardınca Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov Çeçenistan prezidentinin sözlərinə dəstək verib. O bildirib ki, Türkiyədə bir parka Rusiyanın bir bölgəsini ələ keçirməyə çalışan terroristin adının verilməsi çeçenxalqı üçün ağrılı addım olduğundan Kadırovun buna emosional rekasiyasını anlamaq olar.
"Bu addımı yumşaq desək, təqdir etmədiyimizi diplomatik kanallarla türk həmkarlarımıza çatdırmışıq" – Peskov əlavə edib.
“Çeçenistanı öz nəzarətinə almaq istəyən terrorçulardan biri Dudayev idi, indi onun adı çox təəssüf ki, Türkiyədə bir parka verilib. Bu, çeçenlər üçün, Çeçenistan Respublikası üçün ağrılı qərardır, ona görə də Kadırovun reaksiyası emosional olsa da, başadüşüləndir" – deyə Peskov bildirib.
Məlumat üçün qeyd edək ki, 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatına qarşı cihad elan edən və 21 aprel 1996-cı ildə şəhid olan Dudayev Türkiyəni türk və islam dünyası üçün ümid çırağı kimi xarakterizə edirdi. Dudayev açıqlamasında bəyan etmişdi ki, Türkiyə həm türk dünyasının, həm də islam dünyasının ümid işığıdır: “Bu işığın sönməsi həm islam dünyasının, həm də türk dünyasının qaranlığa qərq olması deməkdir”.