"Bu sahədə olan zəhərlənmələr ciddi şəkildə gizlədilir" - Diqqət!

27-12-2021, 12:36           
"Bu sahədə olan zəhərlənmələr ciddi şəkildə gizlədilir" - Diqqət!
Türkiyədə dekabrın 10-dan bu günə qədər 61 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. Qeyd edək ki, ölüm halları ölkənin 17 şəhərində qeydə alınıb. Təkcə İstanbulda son 10 gündə 30 nəfər saxta içkidən dünyasını dəyişib. Saxta spirtli içki istehsalı və satışında şübhəli bilinən 5 nəfər tutulub.
Azərbaycanda da saxta içki istehsalı ilə məşğul olan, saxta spirtli içkilər brend qablaşdırmalarda insanlara satan işbazlar kifayət qədərdir. Təəssüf ki, onlara qarşı tədbirlər görülmür. Və saxta içkidən zəhərlənənlərin sayı da açıqlanmır. Çünki... DİA.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Azərbaycanın əmtəə bazarında saxta içkilər azalmır.

“Bazarda saxta spirtli içkilər mövcuddur. Bu sahədə ən uğurlu işi, ən bahalı, ən brend içkilərin Azərbaycan bazarında mövcudluğunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi dəfələrlə ifşa edib. Ən prestijli mağazalarda ən bahalı içkilərin belə saxta olduğunu sübut edib. Cinayət işi qaldırılıb, adamlar həbs edilib və s. Lakin bu problem həll olunmur və davam edir” - deyən Hüseynov əlavə edib ki, ölkədə bu sahəyə nəzarət çox zəifdir.

Təhlükəli spirtli içkilərin kustar üsulla hazırlanması və bəzən də brend qablara doldurularaq, şadlıq evləri, restoranlar və ən prestijli yerlərdə satılması halları mövcuddur.

“Zəhərlənən insanlar bizim təşkilata gəlib çıxmır. Onlar səhiyyə orqanlarına müraciət edirlər. Bu sahədə olan zəhərlənmələr ciddi şəkildə gizlədilir. Çünki mallara sertifikat verən orqanla, malların təhlükəsziliyini təmin edən orqan bir əldədir. Bu səbəbdən də hər zaman təklif edirik ki, sertifikat verən orqan ayrı olmalıdır”- deyə E.Hüseynov bildirib.

Mütəxəssis qeyd edir ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir. Və bu da bəzi hallarda ölümlə nəticələnir, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur.

Spirtli içkilər kustar üsulla necə hazırlanır?

Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə, zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərədə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni, metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur.

Həkim terapevt Xatirə Əhmədova Bizimyol.info saytına açıqlamasında bildirib ki, metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə, formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir.

Ancaq bəzən metil spiri metobalizmaya uğramır və bu zaman sadə sərxoşluq müşahidə edilir. Metil spirtinin səviyyəsi 20 milliqram – 100 ml -dən yüksək olan zaman bu zəhərli hədd hesab edilir. 100 ml-40 ml olduqda bu ciddi problemlərə yol açır. 100 ml-80 milliqram olduğu zaman isə, ölüm baş verir. Yəni qısacası içilən metil spirtinin miqdarından asılı olaraq 4-15 ml korluğa, 15-100 ml ölümə səbəb olur.

Zəhərlənmə əlamətləri nələrdir?

Saxta içki qəbul edildikdən 30-60 dəqiqə sonra qanda yüksək səviyyəyə çatır. Bu zaman ürək bulanma, qusma, baş gicəllənməsi, baş ağrısı, təzyiqin düşməsi və ya artması müşahidə edilir. 30 saatdan sonra vəziyyət ciddiləşir. Əsil zəhərlənmə əlaməti, spirtli içki qəbulundan 10-24 saat sonra özünü biruzə edir. Bu qəbul edilən içkinin miqdarından asılıdır.

Əlamətlər:

Şüurun bulanıqlığı, müvazinəti saxlaya bilməmək, hərəkətin pozulması,
Baş ağrısı,
Ürək bulanma və qusma,
Güclü qarın ağrısı,
Kürəkdə, qollarda və ayaqlarda ağrı,
Görmə qabiliyyətinin pozulması və korluq
Dərhal müdaxilə edilməzsə asidoz, koma və nəfəsin dayanması baş verir.
Həkim bildirir ki, içki qəbulundan sonra bu əlamətlər müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazmdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.