İlk türk elektrikli avtomobilini 250 robot yığacaq
29-12-2021, 07:36
İlk türk elektrik avtomobilini istehsal edəcək "Togg" avtomobil zavodunda "elektrocar"ı yığmaq üçün 250 robotu işə salacaq. AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
- Biz müəyyən plan çərçivəsində sərmayə qoymağa davam edirik. Ümumilikdə obyektdə 250 robot olacaq, - “Turkish Cars” (Togg) qrupunun baş direktoru Gürcan Karakaş deyib.
Onun sözlərinə görə, istehsalat müəssisələrinin avadanlıqlarının quraşdırılması gələn il başa çatdırılacaq.
- Hazırda iki minə yaxın işçinin çalışdığı istehsal müəssisələrinin avadanlığının 2022-ci ilin mayında başa çatdırılması planlaşdırılır. Hazırda 62 robotun quraşdırılmasına başlanılıb, - baş direktor bildirib.
Sınaq istehsalına 2022-ci ilin iyulunda başlanacaq və ilk seriyalı avtomobil gələn ilin dördüncü rübündə konveyerdən çıxacaq. 2030-cu ilə qədər 5 fərqli modeldə 1 milyon avtomobil istehsal etmək planlaşdırılır.
Qeyd edək ki, "Togg" 2018-ci ildə təsis edilib. 2019-cu ilin dekabr ayında iki "Togg" elektromobil modeli - "krossover" və "sedan" ilk dəfə təqdim olundu. Onların gücü 200 və 400 at gücünə malikdir.