Ankara da anti-Moskva cəbhəsində: - “Müharibə qaçılmazdır”

30-12-2021, 09:47           
Ankara da anti-Moskva cəbhəsində: -
“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq. Biz Rusiya ilə Ukrayna arasındakı gərginliyi diqqətlə izləyirik. Regionda sabitliyin qalmasını istəyirik. Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”, - deyə Akar bildirib. Qeyd edək ki, Rusiyanın Ukraynaya hücum etmə ehtimalına qarşı artıq hər kəs öz tərəfini açıq şəkildə bəyan etməyə başlayıb.

Başda ABŞ olmaqla, NATO dövlətləri Ukraynanı dəstəklədiklərini bildiriblər. Görünən odur ki, Türkiyənin də Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq bəyan etməsi Rusiyanın daha da çətin vəziyyətə düşməsinə səbəb olacaq.

Maraqlıdır, hazırda Rusiyaya qarşı cəbhə daha da dərinləşir?

DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Samir Hümbətov deyib ki, indiki vəziyyətdə Moskvaya qarşı cəbhə dərinləşməkdədir:

“Ötən ilin 16 oktyabr tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfər etmişdi. Həmin səfərdə 21 hərbi istiqamət üzrə tərəflər arasında müqavilə imzalandı. Eyni zamanda, bu müqavilədə tərəflər bir-birinin ərazi bütövlüyünün təmin olunmasında qarşılıqlı yardım etmək barədə də razılıq əldə olundu. Bundan sonra Türkiyə Ukraynaya “Bayraktar TB2” pilotsuz uçuş apartalarını satmağa başladı. Şərqi Avropa ölkələri olan Polşa, Litva və Ukrayna isə birləşərək Rusiyaya qarşı yeni bir ittifaq yaradıblar. Burada əsas məqsəd Moskvaya qarşı birbaşa olaraq təzyiq və təhdid strategiyasını həyata keçirməkdir. Ümumiyyətlə, hazırda nə Rusiya, nə də Ukrayna hücum edə bilmək iqtidarındadır. Düşünürəm ki, hər iki tərəf sadəcə olaraq blef edir”.

Həmsöhbətimiz qeyd edib ki, hazırda Qərb dövlətləri rəsmi Kiyevin yanında yer alır:

“Hətta Türkiyə də artıq bununla bağlı bəyanat verdi. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiya və Türkiyə arasında siyasi, strateji və hərbi sahədə müttəffiqlik, bir çox sahədə əməkdaşlıq var. Təkcə 2021-ci ildə iki ölkə arasında 30 milyard dollarlıq ticarət dövriyyəsi baş tutdu. Bütün bunlar onu göstərir ki, Türkiyə və Rusiya Ukrayna məsələsində bir-birinə rəqib olsalar da, əlaqələrini möhkəmləndirə bilirlər. Hazırda Rusiyaya qarşı Qərb ölkələri arasında ittifaq formalaşıb. Türkiyəni isə tam şəkildə buraya aid etmək mümkün deyil”.

Politoloq bildirib ki, NATO tərəfindən Rusiyanın sıxışdırılması siyasəti həyata keçirilir:

“Buna görə də bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin NATO-dan Şərqə doğru genişlənməyəcəklərinə dair yazılı şəkildə təminat almağa çalışdı. Lakin NATO-nun baş katibi Yens Stoltenberq buna təminat verə bilməyəcəyini bildirdi. Bu isə o deməkdir ki, NATO Şərqə doğru genişlənməyə davam gedəcək. Yəni həm Gürcüstan və Ukrayna NATO-ya qəbul ola bilər, həm də Moldova ilə əməkdaşlıq möhkəmləndirilər. Reallıq bundan ibarətdir ki, mövcud vəziyyət dərinləşməyə doğru gedəcək. Çünki Rusiya da, Qərb də geri çəkilmək fikrində deyil. Ona görə də düşünürəm ki, Ukraynada müharibənin olması qaçılmazdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.