Sülh sazişi imzalanmasa: Bakı və Ankara İrəvana qarşı sərtləşəcək

31-12-2021, 00:07           
Sülh sazişi imzalanmasa: Bakı və Ankara İrəvana qarşı sərtləşəcək
“Proseslərin bundan sonra sürətlə, konstruktiv istiqamətdə irəliləyəcəyini düşünürəm. Bizim bu mövzuda mövqeyimiz açıq və konkretdir”.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında belə deyib.

“Ermənistan bizim sərhəd qonşumuzdur. Ona görə də sərhədin açılmasını, diplomatik əlaqələrin başlamasını diləyirik. Bunun üçün bəzi şərtlər yerinə yetirilməli, məlum məsələlər müzakirə edilməlidir. Xüsusi nümayəndələrin işi onsuz da bu məqamların həlli ilə bağlıdır. Ermənistanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün bölgəyə fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, yoxsul, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir. Azərbaycanla sülh müqaviləsinin imzalanması əlaqələrin yaranması deməkdir.

Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq. Bütün bunlar Ermənistanın, erməni xalqının xeyrinədir. Bizim ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı əlaqələrimiz var. Onlara qarşı ayrı-seçkilik, hücum olsa, hər zaman konkret mövqe sərgiləyəcək. Onları müdafiə edəcəyik. Onların bir problemləri olanda dərhal bizə müraciət edə bilərlər”, - Ərdoğanın sözçüsü vurğulayıb.

İbrahim Kalının sözlərinə görə, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:

“1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi. Prezidentimiz də ilk gündən etibarən Azərbaycanla Ermənistan arasındakı münasibətlərə adekvat olaraq Türkiyənin də Ermənistanla əlaqələri normallaşdırmaq istiqamətində addımlar atacağını demişdi. Bildiyiniz kimi, bu istiqamətdə xüsusi nümayəndələr də artıq təyin olunub”.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşmasına dair Moskvada danışıqları başlayacaq. Ancaq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ başa çatmadığından gərginlik davam edir.

Sülh prosesisnin risk altında olduğu hazırkı məqamda Türkiyənin Ermənistanla əlaqələri bərpa etməsi siyasi tələskənlik kimi də görünə bilər. Çünki Azərbaycanla Ermənistan arasında nəinki sülh sazişi yoxdur, hətta kommunikasiyaların açılması və sərhədlərin demarkasiyası ilə bağlı da heç bir addım atılmayıb.

Qarabağ Komitəsinin həmsədri Sabir Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın daxili siyasi vəziyyəti son dərəcə gərgindir. Ona görə də Nikol Paşinyan hökuməti Azərbaycan və Türkiyə ilə münasibətləri yumşaltmağa üstünlük verir. Son zamanlar Paşinyanın mətbuat konfransında verdiyi açıqlamalar, Qarabağın statusunun Azərbaycan Konstutusiyası çərçivəsində həll olunacağını bəyan etməsi bundan xəbər verir:

“Paşinyan belə ifadə işlətmişdi ki, azərbaycanlı icmasının Dağlıq Qarabağa qayıtmasını nə ATƏT-in Minsk Qrupu, nə də beynəlxalq təşkilatlar sual altına qoyub. Bundan sonra revanşist qüvvələr Paşinyan hakimiyyətinə qarşı kəskin mövqe sərgiləməyə başladılar.

Belə bir vəziyyətdə istər Azərbaycan, istərsə də Türkiyə Ermənistandakı proseslərə müsbət impuls vermək üçün xoşməramlı etimad addımları atmaq istədilər. Məqsəd Ermənistan cəmiyyətinə prosesin düzgün istiqamətdə getdiyini anlatmaqdır. Bu baxımdan, Azərbaycan tərəfinin 5 erməni hərbçini Ermənistana təhfil verməsi də müsbət mesaj idi. Eyni zamanda, Türkiyə tərəfindən də müəyyən müsbət addımlar atıldı. İstanbul və İrəvan şəhərləri arasında çarter reysləri açıldı. Lakin Türkiyə bu prosesdə bütün addımlarını xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Azərbaycanla uzlaşdırır.

Ona görə də Ermənistandakı gərginliyi azaltmaq üçün Azərbaycan və Türkiyə tərəfindən belə etimad addımları atılır. Yəni Ermənistan cəmiyyəti görsün ki, Nikol Paşinyanın son vaxtlar verdiyi müsbət mesajlar nəticəsiz qalmır. Həm Azərbaycan, həm də Türkiyə Ermənistan yönəlik barışıq addımlarını atmağa hazırdır. Hətta Azərbaycan beş əsirin qaytarılmasında vasitəçiliyi Avropa Birlyi ölkəsi olan Macarıstana həvalə etdi. Rusiya isə bu prosesdən kənarda qaldı. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında moderator rolunu oynamağa çalışır ki, bu da hadisələri düzgün istiqamətə aparmır. Siyasi müşahidəçilər də bildirir ki, Rusiya sülhməramlıları üzərinə düşən missiyanı yerinə yetirmir.

Ermənilərin Qarabağda Azərbaycan vətəndaşlarına hücumları, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndinə səfəri göstərir ki, Rusiya bu bölgədə özünün təxribatçı oyununu oynayır. Rusiya Qarabağı təxribat yuvasına çevirməyə çalışır. Bununla da vəziyyətini gərgin olduğunu və sülhməramlılara ehtiyac duyulduğuna dair rəy yaratmaq istəyir. Bunu Azərbaycan da, Türkiyə rəhbərliyi də başa düşür. Rəsmi Ankara İbrahim Kalının vasitəsilə Ermənistana çatdırmaq istəyir ki, Türkiyə bölgədə sülhün, sabitliyin tərəfdarıdır və revanşist qüvvələrin ayaq açmasına imkan verilməsin”.

Sülh sazişinin imzalanmasına gəlincə, ekspert bildirib ki, bu, uzunmüddətli prosesdir:

“İkinci Dünya müharibəsindən bəri nə SSRİ-nin, nə Rusiyanın Yaponiya ilə sülh sazişi imzalanıb. Hətta 1945-ci ildə müharibə başa çatsa da, SSRİ və onun siyasi varisi olan Rusiya arasında sülh sazişi mövcud deyil. Sadəcə olaraq, tərəflər sərhəd məsələlərini 1956-cı ildə imzalanmış konvensiya ilə tənzimləyirlər. Bu mənada, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin imzalanması kifayət qədər uzun müddət çəkə bilər. Lakin bu proses başlanmalıdır. Çünki sülh Azərbaycan cəmiyyətinə də, Ermənistana da, Türkiyəyə də vacibdir. Müharibədən sonra Ermənistan əhalisinin sayı sürətlə azalır, iqtisadiyyatı çökür. Belə olan halda Ermənistana Türkiyə və İcevan-Qazax yolu vasitəsilə nəfəsliyin açılması lazımdır ki, öz iqtisadiyyatını dirçəldə bilsin”.

Müşfiq Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.