Macarıstan və Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

28-10-2022, 00:27           
Macarıstan və Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
Türkiyə Macarıstanla kəşfiyyat məlumatlarının mübadiləsi, müştərək təlimlər, təlim və müdafiə sənayesi və logistika sahəsində əməkdaşlığı ehtiva edən yeni hərbi müqavilə imzalayıb.

“Nordic Monitor” xəbər verir ki, Macarıstanın Müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin Tükiyəyə rəsmi səfəri zamanı əldə olunan razılaşma həm də yaxın aylarda yeni satınalmalara da işarə edir.

İmzalanma mərasimindən sonra mətbuata açıqlama verən Türkiyənin Müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib ki, iki nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Viktor Orban arasında müsbət əlaqələr çərçivəsində çalışıb: “Bir çox məsələlərdə oxşar fikirlərin olduğunu müşahidə etdik və inanıram ki, gələcəkdə də əlaqələrimiz daha da inkişaf edəcək”.


Nazir Szalay-Bobrovnicski də 2017-ci ildən bəri Macarıstan ordusunu NATO-ya uyğun texnika ilə təmin etməyi hədəflədiklərini və bu mövzuda Türkiyənin müdafiə sənayesinə güvəndiklərini qeyd edib. O, bildirib ki, indiyədək Türkiyə istehsalı olan 10 ədəd “Ejder Yalçın” zirehli maşını gətirilib və yaxın vaxtlarda onlardan daha 40 ədəd alacaqlar.

Türkiyənin “Ejder Yalçın” 4×4 zirehli döyüş maşını həm kənd, həm də şəhər ərazilərində hərbi hissələrin və təhlükəsizlik qüvvələrinin əməliyyat tələblərini ödəmək üçün hazırlanıb. Macarıstan Türkiyədən hərbi pilotsuz təyyarələr də almağa çalışır. Macarıstan mətbuatı keçən il Türkiyənin “Vestel” şirkətinin hazırladığı “KARAYEL-SU” pilotsuz təyyarəsinin Macarıstan silahlı qüvvələri tərəfindən sınaqdan keçirildiyi barədə məlumat yayıb.


Xatırladaq ki, Türkiyə və Macarıstan iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı məxfi məlumatların təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayaraq müdafiə müqavilələrini daha ciddi məxfilik altında saxlamağa razılaşıblar. Əldə edilən müdafiə sənayesində məxfi məlumatların qarşılıqlı qorunması haqqında 2019-cu il sazişinə əsasən, ölkələr hərbi texnikanın və silahların, müdafiə sistemlərinin və ehtiyat hissələrinin alınması və müdafiə materiallarının tədqiqi, inkişafı və istehsalına dair məxfi məlumatların təhlükəsizliyini təmin etmək üçün prosedurların yaradılması barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.