TÜRKİYƏ: ZƏLZƏLƏLƏR ÖLKƏSİ – Tarix nə deyir?

8-02-2023, 10:54           
TÜRKİYƏ: ZƏLZƏLƏLƏR ÖLKƏSİ –
Fevralın 6-da səhər saatlarında Türkiyənin 10 vilayətində baş verən yeraltı təkanlar ölkə tarixində 3-cü ən böyük zəlzələdir. AFAD zəlzələnin gücünü 7,4, Qəndilli Rəsədxanası isə 7,5 bal olaraq açıqlayıb.

Hər iki qurum dünən saat 12:45 radələrində baş verən ikinci zəlzələnin maqnitudasını 7,7 bal gücündə olduğunu bildirib.

Amerika Geoloji Araşdırmalar Mərkəzi (USGS) isə zəlzələnin 7,8 bal gücündə olduğunu elan edib.

Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma Mərkəzinin direktoru professor Zəfər Akçı yerli mediaya bildirib ki, bu bölgədə təxminən 400-500 ildir bu böyüklükdə zəlzələ olmayıb.

“AzPolitika.info” 1500-ci illərdən indiyə qədər baş vermiş dağıdıcı zəlzələlər haqqında statistik məlumatları təqdim edir:

1500-cü illərdən bəri ərazisinin böyük hissəsinin qırılma xətlərində olduğu Türkiyədə müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 23 zəlzələ baş verib. Keçən il 33 min 824 zəlzələ qeydə alındığı halda, 2020-ci ildə 4 və daha yuxarı bal gücündə zəlzələlərin sayı 322 olub.

Türkiyə üç xəttin mərkəzində yerləşir

Avrasiya-Ərəb-Afrika plitəsi arasında yerləşən Türkiyə sərhədləri daxilində Şimali Anadolu Fay Xətti, Şərqi Anadolu Fay Xətti və Qərbi Anadolu Fay Xətti ilə seysmik kəmər üzərindədir.

Türkiyə 10 sentyabr 1509-cu ildə 7,2 bal gücündə "Böyük İstanbul zəlzələsi", 23 fevral 1653-cü ildə 7,5 bal gücündə "Şərqi İzmir zəlzələsi", 1668 17 avqustda 8 bal gücündə "Anadolu zəlzələsi", 10 iyul 1688-ci ildə 7 bal gücündə "İzmir zəlzələsi", 3 aprel 1881-ci ildə 7,3 bal gücündə "Saqqız adası zəlzələsi" və 1894-cü ilin 10 iyulunda 7 bal gücündə "İstanbul zəlzələsi" ilə sarsılıb.

Bundan əlavə, 9 avqust 1912-ci ildə 7,3 bal gücündə “Mürefte zəlzələsi”, 18 noyabr 1919-cu ildə 7 bal gücündə “Ayvalık zəlzələsi”, 7 may 1930-cu il tarixində isə 7,6 bal gücündə “Hakkari zəlzələsi” baş verib.

20-ci əsrdən sonra Türkiyədə baş verən zəlzələlər və ortaya çıxan ağır nəticələr aşağıdakılardır:

Ərzincan zəlzələsi

27 dekabr 1939-cu ildə Ərzincanda baş verən 7,9 bal gücündə zəlzələdə 33 min insan həyatını itirib, 100 min adam yaralanıb, 116 min bina çöküb və ya qəzalı vəziyyətə düşüb.

Kaldıran zəlzələsi
Ətraflı

24 noyabr 1976-cı ildə Vanın Muradiyə mahalının Çaldıran mahalında baş verən 7,5 bal gücündə zəlzələdə 3840 nəfər həyatını itirib, 9232 bina dağılıb.

Gölçük (Kocaeli) zəlzələsi

17 avqust 1999-cu ildə episentri Kocaelinin Gölcük rayonunda olan zəlzələ 45 saniyə davam edib. Zəlzələdə 18 min 373 adam həyatını itirib, 25 min nəfər yaralanıb.

Düzcə zəlzələsi

12 noyabr 1999-cu ildə Düzcədə baş verən və 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 nəfər həyatını itirib, 2 min 679 nəfər yaralanıb.

Bingöl zəlzələsi

2003-cü il mayın 1-də Bingöldə baş verən 6,4 bal gücündə zəlzələdə ən azı 176 nəfər ölüb, 625 bina dağılıb.

Van zəlzələsi

23 oktyabr 2011-ci ildə Vanın Tabanlı kəndində baş verən və 25 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 601 nəfər həyatını itirib.

Elazığ zəlzələsi

24 yanvar 2020-ci il tarixində Elazığın Sivrice rayonunda baş verən və 22 saniyə davam edən zəlzələdə 41 nəfər həyatını itirib, 1466 nəfər yaralanıb.

İizmir zəlzələsi

30 oktyabr 2020-ci ildə İzmirin Seferihisar rayonunda baş verən zəlzələdə 116 nəfər həyatını itirib, 1034 nəfər yaralanıb.

Rasim Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.