Dünyada ən yavaş internetin olduğu Türkmənistanda IMO ‘yoxa çıxır’

6-08-2023, 12:44           
Dünyada ən yavaş internetin olduğu Türkmənistanda IMO ‘yoxa çıxır’
Türkmənistanda fəaliyyət göstərən sonuncu messencer tətbiqi da əlçatmaz hala gətirilib. Avtoritar hökumət bütün digər messencer tətbiqləri və sosial media platformalarını qadağan edərək vətəndaşları dünyanın qalan hissəsindən təcrid etmişdi.

Beynəlxalq ekspertlər dəfələrlə Türkmənistanda internetin dünyada ən yavaş sürətə malik olduğunu deyiblər. Onsuz da ilbiz sürətilə işləyən internet son həftələr ərzində daha da yavaşıyıb. Sakinlər bunun nəticəsində saytları açmağın qeyri-mümkün olduğunu, IMO-nunsa yoxa çıxdığını deyirlər.

"IMO daha işləmir, qalan şeylərsə çoxdan bloklanıb. …Hətta xarici televiziya kanalları da [internetdən] yoxa çıxır. Artıq bir həftəyə yaxındır ki, “Euronews”a baxa bilmirik”, – bir Aşqabad sakini avqustun 3-də AzadlıqRadiosuna deyib.

Bəzi vətəndaşlar VPN-dən istifadə edərək bloklanmış sosial media saytlarına girməyə davam edirlər. Ancaq internetin sürəti bu saytların açılmasını da qeyri-mümkün edir. VPN-dən istifadəyə görə isə cəza tədbirləri nəzərdə tutulub.
Saniyədə 0.50 meqabit

İstifadəçilər internetin sürətinin hətta Türkmənistan standartlarına görə belə azaldığını deyirlər. Türkmənistanda internet son dərəcə zəif olmaqla yanaşı dünyada ən bahalı xidmətlərdən biridir.

Britaniyada yerləşən Cable.co.uk-in hesabatında deyilir ki, Türkmənistanın sürəti saniyədə 0.50 meqabit olan interneti 2021-ci ildə dünyadakı 224 ölkə və ərazi arasında ən yavaş internet olub.

Türkmənistan hökuməti informasiya axınına nəzarəti əlində saxlamaq üçün ifrat tədbirlər görməsi və öz xalqını dünyadan təcrid etməsi ilə tanınır. Türkmənistanda müstəqil media mövcud deyil. Bütün radio və TV kanalları, habelə internet saytları hökumətin nəzarətindədir.

Hökumət insanların hərəkətinə də nəzarət edir. Bir çox vətəndaşın ölkədən çıxmasının qarşısı alınır. Əlində etibarlı bilet və vizaları olan sərnişinlər xaricə uçan reyslərdən çıxarılır.

"Mənim üçün xaricdə yaşayan insanlarla əlaqə qurmağın yeganə yolu e-maildir. Hələlik, onu smartfonlardan işlətmək olur”, – yuxarıda sözügedən Aşqabad sakini deyir. Ancaq onun sözlərinə görə, xaricdə yaşayan tanışları onlara birbaşa mobil, yaxud ev telefonundan zəng vurmamağı xahiş edirlər, çünki türkmən “təhlükəsizlik xidmətləri xarici telefon zənglərini izləyir”.
Berdiməhəmmədovun tapşırığı

2022-ci ildə o zamankı prezident Qurbanqulu Berdiməhəmmədov ölkənin Milli Təhlükəsizlik Nazirliyinə onsuz da bərbad halda olan internet üzərində nəzarəti daha da gücləndirməyi tapşırıb.

Milli Təhlükəsizlik Şurasının televiziyada yayımlanan iclasında danışan Berdiməhəmmədov “2021-ci ildə internet üzərində nəzarətin yaxşı həyata keçirilməməsindən” gileylənib.

O, təhlükəsizlik xidmətlərinə “Türkmənistanın konstitusion strukturlarına ziyan vuran ideyalar, ictimai asayişi pozan hərəkətlər paylaşan, terrorizm, ekstremizm, ultramillətçilik və digər qanunsuz fəaliyyətləri təbliğ edənlərə” daha çox diqqət yetirməyi tapşırıb.

Ötən il onun prezident kürsüsünü tərk edərək yerinə oğlu Sərdarı oturtmasından bəri heç nə dəyişməyib.

Türkmənistan rəsmiləri bəzi adamların VPN-lərlə sosial mediaya daxil olmasından xəbərdardır.
Polis blogerlərə nə deyib

İyunda polis bir neçə bloger və inflüenseri saxlayaraq onlara yalnız Türkmənistanı müsbət göstərən postlar paylaşmağı tapşırıb. Blogerlərdən biri AzadlıqRadiosuna deyib ki, polis onlara sosial mediada hökuməti tənqid etməyə görə həbsə düşə biləcəklərini xatırladıb.

Polis əməkdaşları hətta hökuməti tənqid edən kontenti bəyənməyin, yaxud ona şərh yazmağın belə “hökumət əleyhinə fəaliyyət” kimi görülə biləcəyini deyiblər.

Polisin saxladığı bu gənclər əsasən “Instagram”, “TikTok” və “YouTube”da videolar paylaşan, mal və xidmətləri reklam edən, özlərindən danışan və əsasən qeyri-siyasi mövzularda fikirlərini ifadə edən inflüenserlər olub.

Türkmənistanın dövlət mediası yalnız hökumətin “xoşbəxt və çiçəklənən” dövlət narrativini təbliğ edir, səhnələşdirilmiş görüntülər, dövlətin təşkil etdiyi tədbirlər və paradlar göstərir. Media və ölkə rəsmiləri illərdir ki, bu qazla zəngin ölkəni bürümüş ağır iqtisadi böhran, yoxsulluq və işsizlik barədə bir kəlmə də danışmır.
azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.