MİT-in PKK-dakı adamlarını edam etdirən gülənçi Türkiyəyə verildi - Bərzani də Gülənə müharibə elan etdi
13-08-2016, 21:47
Şimali İraqda saxlanılaraq Türkiyəyə ekstradisiya edilən Gülən camaatının İraq nümayəndəsi Nurəddin Aytuğun etdikləri üzə çıxır. Avropa.info xəbər verir ki, əvvəlcə Fettullah Gülənin Şimali İraqdakı məktəblərini bağlamaq istəməyən Məsud Bərzani daha sonra bu qərarından vaz keçib.
Türkiyə hökumətinin yanında yer aldığını göstərmək istəyən Bərzani Gülən camaatının bölgədəki məktəblərini tamamilə ələ keçirərək Gülənin terror təşkilatına müharibə elan edib. Daha sonra bununla kifayətlənməyən Bərzani Şimali İraqda yaşayan və camaatın PKK imamı olan Nurəddin Aytuğu da həbs etdirərək Türkiyəyə göndərib.
Terror təşkilatının, qan qardaşı PKK ilə əməkdaşlığını koordinasiya edən imamı Nurəddin Aytuğun Türkiyə kəşfiyyatının (MİT) PKK-nın içinə sızdırdığı əməkdaşlarını deşifrə edərək edam etdirdiyi məlum olub. Bundan başqa Aytuğun çevriliş cəhdindən sonra qaça bilməyən gülənçiləri Şimali İraqa keçirməyə çalışdığı üzə çıxıb.
Aytuğ çevriliş cəhdindən əvvəl 11 və 14 iyul tarixlərində PKK-nın iki rəsmisi ilə görüşüb və daha sonra 16 iyul günü eyni şəxslərlə əlaqə quraraq "Öcalan İmralıda öldürüldü" mesajı ilə təşkilatı hərəkətə keçirməyə çalışıb Onun həmçinin 6 aydan bəri bölgədəki media qurumlarına Türkiyə əleyhinə xəbərlər hazırlatdığı və bunun üçün bir çox yerli jurnalisti istifadə etdiyi məlum olub.
Ən son bölgədə fəaliyyət göstərən NRT TV-nin rəhbərliyini terror təşkilatının ABŞ-dakı lideri ilə görüşdürən Aytuğun kürd xalqını ayağa qaldırmağa çalışdığı bildirilir.