Türkiyə İsrailə qarşı irəli sürülən soyqırım iddiasına qoşulmaq üçün BMT məhkəməsinə rəsmən müraciət edib
8-08-2024, 18:14
Türkiyə xarici işlər nazirinin bildirdiyinə görə, ölkə çərşənbə günü İsraili Qəzzadakı soyqırımda ittiham edən Cənubi Afrikanın iddiasına qoşulmaq üçün BMT məhkəməsinə müraciət edib.
Türkiyənin Niderlanddakı səfiri bununla bağlı bəyannaməni bir qrup vəkilin müşayiəti ilə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Hadisələr cərəyan etdikcə Türkiyə İsrailin Qəzzada törətdiklərinin ən şiddətli tənqidçilərindən birinə çevrilib. O, bu məhkəmə işində iştirak etmək istəyən sonuncu ölkədir. Fələstin rəsmiləri kimi, İspaniya, Meksika, Kolumbiya, Nikaraqua və Liviya da bu işə qoşulmaq üçün məhkəməyə müraciət edib. Onların vəsatətləri ilə bağlı məhkəmənin qərarı hələ də davam edir.
"İsrailə qarşı qaldırılan soyqırım işinə müdaxilə etmək üçün ərizəmizi Beynəlxalq Ədalət Məhkəməsinə indicə təqdim etdik. Hər gün daha çox günahsız fələstinli öldürülür. Beynəlxalq ictimaiyyət soyqırımı dayandırmaq üçün üzərinə düşəni etməli, İsrailə və onun havadarlarına lazımi təzyiqi göstərməlidir. Türkiyə bunun üçün hər cür səy göstərəcək", X sosial şəbəkəsində xarici işlər naziri Hakan Fidan yazıb.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İsraili soyqırımda ittiham edib və onun beynəlxalq məhkəmələrdə cəzalandırılmasını istəyib. O, Qərb dövlətlərini İsraili dəstəklədiklərinə görə tənqid edib. May ayında Türkiyə Qəzzaya hücumu əsas gətirərək, İsraillə ticarəti dayandırıb.
HƏMAS-ı terror təşkilatı elan edən Qərb dövlətlərindən fərqli olaraq, Ərdoğan qrupu təqdir edərək, onu azadlıq hərəkatı adlandırıb.
Cənubi Afrika keçən ilin sonlarında İsraili Qəzzada keçirdiyi hərbi əməliyyatlar vasitəsilə soyqırım konvensiyasını pozmaqda ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.
İsrail soyqırım ittihamlarını qəti şəkildə rədd edib və Qəzzadakı müharibənin oktyabrın 7-də İsrailin cənubunda 1200 nəfərin ölümünə və 250 girov götürülməsinə görə, HƏMAS militantlarına qarşı qanuni müdafiə aksiyası olduğunu iddia edib.
Artıq İsrailə qarşı soyqırım işi üzrə ilkin dinləmələr keçirilsə də, lakin məhkəmənin yekun qərara gəlməsi üçün illər çəkəcəyi gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keceli daha əvvəl X-də "Dünyada heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. Beynəlxalq Ədalət Məhkəməsindəki iş İsrailin törətdiyi cinayətlərin cəzasız qalmaması baxımından son dərəcə əhəmiyyətlidir" deyib.
Ərdoğan 2003-cü ildə hakimiyyətə gəldikdən bəri keçmiş müttəfiqlər olan Türkiyə və İsrail arasında ciddi fikir ayrılıqları olub və qeyri-sabit münasibətlər yaşanıb. Əlaqələri normallaşdırmaq üçün edilən ən son cəhdləri Qəzzadakı müharibə pozub.