Türkiyə parlamentində erməni casus: İrəvana hansı məlumatı ötürüb? - FOTO

3-12-2024, 09:49           
Türkiyə parlamentində erməni casus: İrəvana hansı məlumatı ötürüb? - FOTO
Erməni yazıçı Aşot Ağababyanın “Nmanak” (Oxşar) adlı yeni detektiv romanı ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, romanda 1980-ci illərdə SSRİ-nin erməni əsilli bir casusu Türkiyə parlamentinə sızdırmasından bəhs edilir.

Belə ki, guya həmin illərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlardan biri ölüb. Lakin bundan heç kimin xəbəri olmayıb. SSRİ də yaranmış fürsətdən istifadə edib və ölən deputatın yerinə ona çox bənzəyən erməni əsilli bir casusu göndərib. Həmin şəxs də bir neçə il müddətində Moskva və İrəvana məlumatlar ötürüb.

Maraqlısı budur ki, yazıçı hadisənin həqiqətən qeyd olunan illərdə baş verdiyini, lakin məsələnin gizlədildiyini bildirib. O, sujet xəttini inkişaf etdirərək romanın hekayəsini bir az şişirtdiyini deyib, amma mövzunun real həyatda yaşandığını iddia edib.

A.Ağababyanın sözlərinə görə, hələ kitab çap edilməmişdən öncə – 2007-ci ildə “Erməni casusu Türkiyə parlamentində deputat” başlıqlı qısa hekayə yazıb. Bu zaman yazı Türkiyə və Ermənistan KİV-də böyük səs-küyə səbəb olub.

2007-ci ildə bir sıra Türkiyə KİV-lərində yayımlanan məlumatlarda sözügedən məsələdən bəhs edildiyi müşahidə olunur. Həmin ildə TBMM sədri olmuş Mehmet Ali Şahin bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“Bir türk deputatın yerinə hansısa casusun gəlib illərlə xidmət etməsi heç də inandırıcı görünmür. Burada hər kəs bir-birini yaxından tanıyır. Belə bir şey ümumiyyətlə mümkün deyil”, – sədr bildirib.

Erməni yazar həmin hekayəni daha da genişləndirib detektiv roman halına salmağı o zamanlardan hədəflədiyini qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.